Vaxt.Az

Siyasi partiyalar erasının sonu


 

Fransadakı prezident seçkiləri haqqında

Siyasi partiyalar erasının sonu Bir sıra Qərb tədqiqatçısı artıq çoxdan iddia edir ki, siyasi partiyalar aktuallığını və cəmiyyətə təsirini itirə-itirə gedir. Müasir cəmiyyətdə insanların geniş tərkibli birlikləri yoxdur. Heç qohumluq münasibətləri əvvəlki kimi sıx deyil, o da ola sosial təbəqələrin birləşməsi. Buna görə də siyasi partiyaların ideoloji fərqləri silinir. Müasir partiyalar daha çox «catch-all-parties» tiplidir. Yəni «hamının səsini qazan» şüarı ilə fəaliyyət göstərir, konkret təbəqənin maraqlarında fokuslaşmır və bütün sosial qruplara onlara uyğun vədlər verirlər.

Elə məhz buna görə də siyasətin «çirkin» iş, yalançıların peşəsi olması haqda rəy güclənir. Siyasətçilər həmçinin riyakarlıq edərək sərf etməyən suallara birbaşa cavablardan yayınır ki, heç kəsin xətrinə dəyməsinlər. Reallıqda isə əksər məsələlər üzrə eyni cür düşünən insan çox azdır. Məsələn, mənim siyasət, iqtisadiyyat, hüquq, mənəviyyat, mədəniyyət, din, idman və s. haqqında müxtəlif və çoxsaylı düçüncələrim var. Bu düşüncələrimi yüzə yüz bölüşən adam az tapılar. Kimsə hüquqda rəyimi dəstəkləyəcək, amma iqtisadiyyatda yox, yaxud siyasətdə dəstəkləyəcək, amma dində yox və s. və i.a. İndi təsəvvür edin ki, mən (Allah göstərməsin!) siyasətçi oldum və partiyama səs verməyə çağırıram. Təbii, çalışmalıyam ki, çıxış etdiyim auditoriyanın maraqlarını nəzərə alım və sırf onlarla üst-üstə düşən fikirlərimi səsləndirim, digər məsələlərə açıq münasibət bildirməkdən isə yayınım.

Bundan başqa, siyasi partiya həmçinin insanın söz azadlığını da məhdudlaşdırır. Məsələn, tutaq ki, mən 1000 nəfər həmfikirimlə partiya yaratmışıq. Bir il ərzində partiyanın bürosu ora 900 nəfər yeni üzv də qəbul edib. Formalaşmış çoxluq mənimlə bir sıra məsələdə razı deyil. Amma mən publik olaraq fikir ayrılığını bəyan edə bilmirəm və partiyanın razı olmadığım qərarlarına tabe olmalıyam (əks halda, məni xaric edərlər). Budur demokratiya? Budur söz azadlığı?

Analoji vəziyyət elə Fransada bu gün keçirilən prezident seçkilərində yaranıb. Sosialist partiyasının nüfuzlu üzvü keçmiş baş nazir Vals tərəfdarlarını seçkidə partiyadaşı Amona deyil, Makrona səs verməyə çağırdı. Partiyası bunu xəyanət hesab etdi! Halbuki, əslində insan riyakarlıq etmək istəmədi sadəcə və daha layiq hesab etdiyi namizədi dəstəklədi (yaxud da xarici himayədarı ona belə göstəriş verdi).

Ümumiyyətlə, Fransadakı bu seçkilər oranın partiya sistemini alt-üst etdi (bir qədər əvvəl Britaniya bununla üzləşdi: əsas iki partiyanın mövqeyinin əleyhinə olaraq əhali «Brexit»ə səs verdi; daha sonra ABŞ-da Tramp partiyasının rəhbərlərinin iradəsinin əleyhinə olaraq prezident seçildi). Böyük ehtimalla ikinci tura ənənəvi lider partiyaların namizədləri çıxmayacaq (xarici qüvvələr korrupsiya qalmaqalları haqda məlumatları ortaya ataraq onları nüfuzdan salmaq üçün əllərindən gələni etdilər!) və yeni prezident ötən il yaradılmış hərəkatın rəhbəri Makron olacaq. Bir sözlə, Fransada siyasi partiyaçılıq sistemi artıq sıradan çıxmaq üzrədir. Belə getsə, gələcəkdə Fransa parlamentində siyasi partiyaların, habelə müstəqil namizədlərin sayı artacaq. Bir tərəfdən, əlbəttə, bu, demokratiyadır və xalqın bütünü təbəqə və qruplarının təmsilçiliyini artıracaq. Qanunların qəbulu baxımdan problem olmaz yəqin. Amma hökumətin tərkibinin təsdiq edilməsi üçün xeyli problem yaranacaq. Fransa III və IV Respublikalar zamanı gördüyündən də ağır partiya didişmələri və hökumət böhranları ilə üzləşə bilər. Xatırladıram ki, de Qolldan sonra Fransa yavaş-yavaş yenə də parlament respublikasına çevrilib və hökumət parlamentdən tam asılı vəziyyətdədir. Deməli, deputatlar aralarında razılığa gələ bilməsə, dövlət hökumətsiz, idarəetməsiz qala bilər.

Bu problem bütün parlament respublikalarında get-gedə şiddətlənəcək. Bu isə xarici qüvvələrin müdaxiləsini daha da artıracaq. Belə ki, parlament respublikaları reallıqda hansısa prezident respublikasından asılı olur: sonuncu partiyalara pərdəarxası təsir edərək (nəyin hesabına dolanır partiyalar?) parlament respublikasını kənardan qismən idarə edir (Avropanın parlament respublikalarının cəmi yarım əsrlik – çox qısa müddətdir ciddi nəticələr üçün – «uğur» hekayəsi də əslində xarici dəstəyin və himayənin nəticəsidir). Hətta bugünkü seçkilərin əsas iki namizədi Makron və Le Pen də xarici ölkələrin (prezident respublikalarının) təsiri altındadır. Birinci ABŞ-ın, ikincisi Rusiyanın.

Yeri gəlmişkən, bizim də uğursuz parlament respublikası təcrübəmiz var: ADR. Onun süqutunun səbəblərindən biri partiyaların hərc-mərcliyi idi. Nəticədə hakimiyyəti XI Qızıl Orduya ən azı formal olaraq könüllü təslim etdilər. Necə ki, 1940-cı ildə Fransa Almaniyaya belə təslim oldu və yalnız de Qollun müqavimət hərəkatı Fransanı xilas etdi. İkinci dəfə de Qoll Fransanı 50-ci illərin sonu xilas edib parlament respublikasından prezident respublikasına keçidi təmin etdi.

Bütün bunlar ibrət olmalıdır. Məhz bu səbəbdən Türkiyə prezident respublikasına keçdi. Biz də prezident respublikası olaraq qalmalıyıq. Əslində, prezident respublikası hakimiyyətlərin bölünməsi prinsipinə də daha çox uyğundur: qanunverici, icra və məhkəmə hakimiyyəti bir-birindən asılı deyil. Parlament respublikasında isə hökumət parlamentdən asılı olur. Parlamentdə çoxsaylı partiyaların və qrupların olması isə dövləti iflic edə bilər. Eyni zamanda (və bu müsbət haldır!) belə çoxluq hökumətə istədiyi qanunu qəbul etdirməyə də mane olur, çünki daha çox partiya və qruplarla danışığa getməyə məcbur edir. Odur ki, siyasi partiyaların zəifləməsində problem yoxdur. Əsas odur ki, parlament həqiqətən də xalqın təmsilçilərindən ibarət olsun və o, ölkə üçün lazım olan qanunları qəbul etsin. Prezident isə dövləti idarə etsin...

P.S. Allah üzümə baxıb ki, mən siyasətçi deyiləm. Elə məhz buna görə də istədiyim mövzuda düzgün hesab etdiyim fikri açıq-aşkar yazıram, əqidəmi və baxışlarımı gizlətmirəm. Heç vaxtda gözləmirəm ki, məsələn, bank hüququ məsələlərində mənə dəstək verənlər konstitusiya hüququ sahəsində də düşüncələrimi bölüşsün. Nəyimə gərəkdir? Seçkidə iştirak etmirəm, reytinq və xal toplamıram! Olduğum kimi görünmək istəyirəm! Heç bir siyasi partiyanın (yəni orada çoxluq təşkil edən insanların) köləsi olmaq istəmirəm! Amma təbii, siz başqa cür düşünə bilərsiz...

 





23.04.2017    çap et  çap et