Vaxt.Az

İşğalçıya ortaq güc nümayişi


 

Türk hərbçiləri Qarabağda - Ərdoğan Rusiyada olacaq - incə ismarış, amma kimə?..

İşğalçıya ortaq güc nümayişi Mayın 1-dən 5-dək Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək. Xəbər verildiyi kimi, artıq təlimlərə qatılacaq Türkiyə ordusunun şəxsi heyətinin Azərbaycan hərbi hava bazalarından birində təntənəli qarşılanma mərasimi olub. Qardaş ölkə hərbi qulluqçularını Azərbaycanda hərbi birliyin zabiti, polkovnik Münasib Babayev və Türkiyənin ölkəmizdəki hərbi attaşesi, briqada generalı Zafer Ocak qarşılayıb. Türkiyə hərbi qulluqçuları təlim dövründə yerləşəcəkləri «N» saylı hərbi hissəyə yola düşüblər.

Türkiyə nümayəndə heyətinin rəhbəri polkovnik Hakan Açıkgöz birgə təlimlərin vacibliyini vurğulayaraq qeyd edib ki, keçirilən təlimlərdə qazanılan təcrübə hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsirini göstərəcək. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə orduları arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. 

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, habelə qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək. Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.


***


Qeyd edək ki, Azərbaycan ordusunun təkbaşına keçirdiyi növbəti genişmiqyaslı hərbi təlimlər (16-21 aprel) təzəcə başa çatıb. İndi isə Türkiyə ilə hərbi manevrlər başlayır ki, bu da şübhəsiz ki, ordumuzun döyüş qabiliyyətinin daha da artırılması baxımından çox önəmlidir. Əlbəttə ki, hər iki təlim ilk növbədə işğalçı Ermənistana növbəti ciddi mesajdır. Azərbaycan xalqının heç vaxt işğal rejimi ilə barışmayacağı, müharibənin bitmədiyi haqda düşmən tərəfə və onun havadarlarına daha bir siqnaldır.

İşğal rejimi davam etdikcə, belə təlimlərə də sözsüz ki, ara verilməyəcək. Yeri gəlmişkən, 2017-ci il ərzində Türkiyə, Gürcüstan və Azərbaycan arasında da ortaq təlimlər nəzərdə tutulub ki, bu da ordumuzun döyüş qabiliyyəti və təcrübəsinin yüksəlməsinə növbəti töhfə olacaq. 

O ki qaldı təcrübə mübadiləsinə, əlbəttə ki, Azərbaycan ordusunun Türkiyə silahlı qüvvələrindən öyrənəcəyi çox şey var. Çünki qardaş ölkə güclü və döyüşkən və modern orduya sahibdir. Xüsusən son illər bu ordu çətin dağ şəraitində PKK terrorçuları ilə mübarizədə böyük təcrübə qazanıb ki, bu da Dağlıq Qarabağda yuva salmış erməni terrorçuları ilə mübarizədə Azərbaycana çox gərək ola bilər.


***


Yada salaq ki, ötən ilin 4 günlük aprel savaşından əvvəl və sonra da iki ölkə silahlı qüvvələrinin birgə hərbi təlimləri (Konya) keçirilmişdi. Özü də o vaxt Türkiyə və Rusiya arasında «Su-24» presedentinə görə gərgin bir dönəm yaşanırdı. Maraqlıdır ki, o zaman Rusiya və Ermənistanın bir sıra siyasi və ekspert dairələrində Azərbaycanın aprel hərbi uğurunda Türkiyə amilinin rolu xüsusi qabardılmışdı.

İstənilən halda, iki qardaş ölkənin ortaq təlimlərinin yenidən başlaması çox mühüm hadisədir və ümid edək ki, həm də keçən ilin aprelindəki hərbi uğurun davamının özünəməxsus xəbərçisidir. Bu xüsusda Türkiyə nümayəndə heyətinin rəhbərinin «təlimlərdə qazanılan təcrübə hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsirini göstərəcək», sözləri diqqət çəkir.

Eyni zamanda, təlimlərin hədəflərindən biri kimi əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaq da çox önəmlidır. Bu, o deməkdir ki, real döyüş əməliyyatları zamanı Türkiyənin ölkəmizə hərbi dəstəyi ən azından bu formada özünü göstərə bilər.

Onsuz da düşmən ölkə illərdir Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif ordu bölmələri və strateji hərbi hissələrində ən azından onlarla türk hərbi təlimatçıların çalışdığını iddia edir. Qoy düşmən elə də bilsin. Başqa yandan, qardaş Türkiyə Azərbaycanın 1 nömrəli təbii müttəfiqidir və iki ölkə arasında hərbi əməkdaşlıq səviyyəsi Rusiya-Ermənistan müttəfiqliyi səviyyəsinə də qalxa bilər.


***


Əslində Qarabağ problemi o vaxt ədalətli həllini tapacaq ki, bölgədə Rusiya-Ermənistan hərbi-siyasi müttəfiqliyi bütünlüklə Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi ilə neytrallaşdırılacaq. Regionda hərbi-siyasi balans bu yolla yaranacaq. Doğrudur, Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər yüksək səviyyədədir, iki qardaş dövlət hərbi-texniki sahədə də dərin əməkdaşlığa malikdir. Ordumuzun hərbi parkı həm də Türkiyə silah-sursatı və döyüş texnikası hesabına komplekləşdirilir. Ortaq hərbi təlimlər, təcrübə mübadiləsi də öz yerində. 

Amma etiraf edək ki, hələlik ikitərəfli hərbi əlaqələr İrəvan-Moskva əlaqələri səviyyəsində deyil. Bundan ötrü Ankara və Bakı arasında yüksək səviyyəli strateji hərbi sazişə və Azərbaycan ərazisində, məsələn, Naxçıvanda heç olmasa, bir Türkiyə hərbi bazasının yaradılmasına ehtiyac var.

Deyilə bilər ki, Türkiyə NATO üzvü olduğu, Azərbaycan qanunvericiliyi də ölkəmiz ərazisində digər dövlətin hərbi bazasını yasaq etdiyi üçün bu - müşkül məsələdir. Lakin qanunlar Quran ayəsi deyil, onları insanlar hazırlayır. Yəni milli maraqlar hər şeydən öndə tutulursa, məsələnin hüquqi tərəfini nizamlamaqda problem ola bilməz. Ən azından, Qars müqaviləsi Türkiyəyə Naxçıvanda hərbi baza saxlamaq hüququ tanıyır. 

Kəsəsi, erməni-rus tandemi, xüsusilə də işğalçı tərəf Qarabağda, Azərbaycanda türk hərbçilərinin bütün hərbi, strateji strukturlarında təmsil olunduğuna əmin olmalı, bunu hər addımda hiss etməli, duymalıdır. Azərbaycan-Türkiyə geniş hərbi ittifaqı təkcə Ermənistan üçün yox, Rusiya üçün də regionda çəkindirici amil olaraq önəm kəsb edə bilər və etməlidir.


***


Başqa bir maraqlı məqam odur ki, budəfəki birgə təlimlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya (Soçi) səfəri günlərinə təsadüf edəcək. Səfər mayın 3-ə nəzərdə tutulub. İki hadisənin üst-üstə düşməsinin nə dərəcədə təsadüfi olduğunu demək çətindir, ancaq qeyd etməyə dəyər ki, kifayət qədər maraqlı təsadüfdür.

Bu, hər halda Kremlə də incə bir çatdırışdır ki, Rusiya işğalçı Ermənistanın arxasında durmaqda davam etdikcə, işğalçıya sponsorluq etdikcə, Türkiyə də Azərbaycanın yanından heç yerə getməyəcək və problemin həllində tezliklə ciddi irəliləyiş olmazsa, savaş variantı yeganə həll (çıxış) yolu olaraq qalacaq...

 





24.04.2017    çap et  çap et