Vaxt.Az

«Azərbaycan modeli inkişaf etdiriləcək»


 

Prezidentin köməkçisi: «Başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır»

«Azərbaycan modeli inkişaf etdiriləcək» «Bu gün 1995-2003-cü illərin sosial-iqtisadi göstəricilərinə baxanda aparılan iqtisadi islahatların müsbət nəticələrini görə bilərik. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu».

«Trend» xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun «Azərbaycan» qəzetində dərc olunan məqaləsində bildirib.

N.Əmirov qeyd edib ki, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini başlıca məqsəd kimi müəyyənləşdirib.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövrün tələbləri nəzərə alınaraq daim təkmilləşən, çevik, qətiyyətli və uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuş, liberal bazar iqtisadiyyatına keçidi təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2014-cü illərdə dərin iqtisadi islahatlar davam etdirilib, Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə artan iqtisadiyyatlarından birinə çevrilib. Azərbaycan qısa müddətdə yüksək-orta gəlirli ölkəyə çevrilib, sosial-iqtisadi infrastruktur tamamilə yenilənib, qlobal rəqabət qabiliyyətinə görə dünyada 37-ci yerdə qərarlaşıb. Bu illər ərzində ölkə iqtisadiyyatı 6 dəfə böyüyüb, adambaşına düşən milli gəlir 5 dəfədən çox artıb. Ölkədə qiymətlərin sabitliyi qorunub, xarici valyuta gəlirlərinin əhəmiyyətli artması nəticəsində böyük həcmdə strateji valyuta ehtiyatları formalaşdırılıb, milli valyutanın məzənnəsinin izafi möhkəmlənməsinə yol verilməməklə beynəlxalq rəqabət qabiliyyəti qorunub. Adambaşına düşən xarici investisiyaların həcminə görə MDB və Şərqi Avropada aparıcı dövlətlərdən olan Azərbaycan artıq xaricə investisiya yatıran ölkəyə çevrilib.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013-cü illər ərzində iki beşillik Dövlət Proqramı həyata keçirilib.

Proqramların icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan artıq investisiya qoyulub, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artıb.

Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manatdan artıq güzəştli dövlət kreditləri verilib. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaradıb. Dövlət büdcəsinin gəlirləri 14,2 dəfədən, vergi daxilolmaları 7,3 dəfədən, dövlət büdcəsinin xərcləri 13,9 dəfədən, əhalinin əmanətləri 24 dəfədən, bank aktivləri isə 18 dəfədən çox artıb. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83 faiz, məşğulluqda isə 73,9 faizdir.

Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların, aparıcı reytinq agentliklərinin qiymətləndirmələrində öz əksini tapır. Belə ki, «Doing Business» hesabatına görə 2009-cu ildə ölkəmiz dünya ölkələri arasında «Ən islahatçı ölkə» kimi qiymətləndirilib.

Cənab Prezidentin rəhbərliyi ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilib. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilmiş və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyən edilib.

Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olub və MDB ölkələri arasında birincilik mövqeyini saxlayıb. BMT-nin İnsan İnkişafı Hesabatına əsasən isə Azərbaycan «İnsan inkişafı indeksi»nə görə yüksək insan inkişafı qrupunda yer alıb.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli iqtisadi islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış strateji yol xəritələrinin icrası nəticəsində ölkədə sahibkarlarla birlikdə iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə fərqli bir modeli - Azərbaycan modeli daha da inkişaf etdiriləcəkdir.

 





26.04.2017    çap et  çap et