Vaxt.Az

Rejim min bir bəhanə ilə qanunsuz həbsi uzadır


 

İranda azərbaycanlı məhbus Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı üç həftə təxirə salınıb

Rejim min bir bəhanə ilə qanunsuz həbsi uzadır İranda azərbaycanlıların milli-mədəni hüquqları uğrunda apardığı dinc fəaliyyətinə görə Tehranın Evin zindanında saxlanılan məhbus Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı üç həftə təxirə salınıb.

Bundan əvvəl fəalın vəkili Məhəmmədrza Fəqihi, jurnalistlərə açıqlamasında müvəkkilinin məhkəməsinin aprelin 26-da (ordibeheştin 6-da) keçiriləcəyini bildirmişdi.

Azərbaycanlı fəalın ailəsinə yaxın mənbələrin bildirdiyinə görə, aprelin 26-da məhkəmənin rəyasət heyəti iclasa gəlmədiyinə görə, Apellyasiya Məhkəməsinin iclası mayın 17-ə qədər (ordibeheştin 27-ə qədər) təxirə salınıb. Siyamək Mirzayinin ailə üzvləri isə hüquq müdafiəçilərinə bildiriblər ki, fəalın işinə (dosyesinə) yenidən baxılması prosesinin ləngiməsi, ETTELAAT rəsmilərinin məsələyə birbaşa müdaxiləsi və təzyiqi ilə bağlıdır.

«ETTELAAT» əməkdaşları, 36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. Tutulduqdan sonra, o əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. O, hazırda həmin həbsxananın 8-ci korpusunda saxlanılır.

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq niyyəti ilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq, onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

Məhkəmənin hakimi Bəhram Həsəni isə Siyamək Mirzayinin müvəqqəti azadlığa buraxılması qarşılığında 1 milyard tümənlik mülki vəsiqə girov qoyulmasını tələb etsə də, fəalın vəkilləri  təyin edilən vəsiqə məbləğinin azaldılmasına çalışsalar da, onların bu cəhdi hələlik  nəticəsiz qalıb.

 





28.04.2017    çap et  çap et