vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
14:21 | 21 may 2017 | Bazar Məqaləyə 1711 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml 3 yol ayrıcında

Rusiyanı Ermənistana bağlayan nəqliyyat xəttinin heç biri etibarlı deyil

MÖVZU İLƏ ƏLAQƏLİ

Bundan əvvəlki 2 yazıda Rusiyanın Qarabağ ixtilafının həllində marağını şərtləndirən amillərdən söz açmışdım. İndi daha bir faktordan bəhs edək.

Bu, Ermənistandakı Rusiya hərbi bazalarının (Gümrü və Erebuni) təcrid vəziyyətindən çıxarılması zərurəti ilə bağlıdır. Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulmasından sonra, eləcə də Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bazaların gücləndirilməsi, silah arsenalının, döyüş qabiliyyətinin artırılması siyasəti aparılır. Rusiya- Ermənistan birgə qoşun qruplaşması da yaradılır. Lakin ciddi bir problem var: bazalar ana təchizat mərkəzi, yəni Rusiya ilə quru əlaqəsindən məhrumdur və etibarlı hava əlaqəsi də yox kimidir. Bu, təchizat-rotasiya işlərini çətinləşdirir və ən əsası da, ekstremal situasiyalarda bazalara qısa müddətdə operativ şəkildə əlavə hərbi texnika və şəxsi heyət göndərilməsi imkanlarını məhdudlaşdırır.

SSRİ dövründə Ermənistandakı sovet qoşunlarının təchizatı əsasən Soçi-Suxumi-Tiflis-İrəvan dəmir yolu marşrutu vasitəsilə həyata keçirilirdi. Abxaziya münaqişəsindən sonra bu nəqliyyat logistikası kəsildi. Moskva bu dəmir yolunun bərpası məsələsini zaman-zaman həm Ermənistan vasitəsilə, həm də Karasin-Abaşidze formatı çərçivəsində Gürcüstanın qarşısında qaldırır, lakin Gürcüstan tərəfi çətin ki, buna razılıq versin. Yüklərin daşınması üçün əvvəllər Gürcüstan hava məkanından istifadə edilirdi, lakin 2011-ci ildə, Saakaşvilinin dövründə Gürcüstan bu dəhlizi qapatdı. Hazırda bu hava dəhlizindən istifadə olunub-olunmadığı haqda informasiya tapa bilmədim, amma quru yolu ilə yüklərin daşınması barədə məlumatlar var. Bu yaxınlarda Gürcüstan ərazisində Ermənistana doğru hərəkət edən Rusiya hərbi eşelonunun videosu yayılmışdı. Lakin Gürcüstan marşrutu Rusiya üçün etibarsızdır, çünki Gürcüstan hökuməti istənilən an, xüsusən NATO-ya üzv olduqdan sonra, bu dəhlizi bağlaya bilər. (Əgər hazırda açıqdırsa.)

İkinci yol İran marşrutudur: Xəzər vasitəsilə yüklərin Ənzəliyə, oradan isə quru yolu ilə Ermənistana çatdırılması. Lakin bu marşrut həm baha başa gəlir, həm bir az uzaqdır, həm də İran kimi çətin partnyorla hər zaman anlamağı tələb edir. Digər tərəfdən, sabah İranda hər hansı fors-major situasiya (müharibə, qarışıqlıq, siyasi dəyişiklik və s.) yaranarsa, bu marşrut qapana bilər.

Nəhayət, üçüncü marşrut. Nə qədər doğrudur bilmirəm, amma erməni mənbələrində Rusiyanın Azərbaycan hava məkanından istifadə edərək Ermənistana hərbi yüklər daşıdığı haqda informasiyalara rast gəldim. Doğru olsa belə, bu durum da Rusiyanı qane edə bilməz, qeyd etdiyim kimi, əvvəla, uzunmüddətli təminat altında olan etibarlı dəhlizə (quru-hava) ehtiyac var; İkincisi, qarantiya yoxdur ki, sabah bölgədə geosiyasi şərtlər Rusiya əleyhinə dəyişərsə, Azərbaycan Moskvaya yox deməyəcək.

Hazırkı durumda bazaların təchizatı məqsədilə ən əlverişli və qısa əlaqəni təmin etmək üçün Azərbaycana ehtiyac var. Bunun üçün Azərbaycan və Ermənistanın Rusiya patronajlığı altında barışmasını təmin etmək lazımdır. Azərbaycanın Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulması isə Rusiya maraqları baxımından lap ideal olardı. Bu halda sovet dövründə olduğu kimi, hər iki respublika vahid iqtisadi, təhlükəsizlik məkanında təmsil olunacaq və bütün kommunikasiya əlaqələri (şosse, dəmir yolu, hava) açılacaq, eləcə də ölü vəziyyətindəki Avrasiya İttifaqına yeni nəfəs verilmiş olacaq. Rusiya indi buna çalışır.