vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
22:27 | 24 may 2017 | Çərşənbə Məqaləyə 1412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sürünən savaş»dan Vətən müharibəsinə

Qarabağla bağlı kritik gözlənti; Bir sorğunun ilginc nəticələri

Siyasət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 15-də Azərbaycan Ordusunun düşmənə məxsus «OSA» zenit-raket kompleksinin şəxsi heyəti ilə birgə məhv etməsi Ermənistana növbəti qulaqburması oldu. Bu, sözsüz ki, rəsmi Bakının Ermənistana həm də ciddi xəbərdarlıq mesajı idi. İrəvanın Qarabağ məsələsində nəhayət, konstruktiv mövqe tutmayacağı təqdirdə Azərbaycanın daha sərt addımlara əl atacağı, aprel savaşının daha geniş miqyasda təkrarlanacağı haqda ona aydın ismarış idi.

Ancaq belə görünür, özünün əsas havadarı Rusiyanın loyallığına və himayəsinə arxayın olan İrəvan hələ ki «daşı ətəyindən» tökməyə hazırlaşmır. Əks təqdirdə təmas xəttində işğalçı tərəfin təxribatları səngiyərdi. Di gəl ki, «OSA» zenit-raket kompleksi ilə bağlı insidentdən sonra da işğalçı ölkə təxribatlarına ara vermir.

Ermənilərin indi də Xocalı aeroportunu işə salmağa hazırlaşması bu qəbildən növbəti pozucu addım sayıla bilər. Doğrudur, xəbərdə bildirilir ki, aeroportdan əsasən Xankəndi-Şuşa marşrutu üzrə iki nəfərlik, təkmotorlu balaca təyyarələrdən istifadə ediləcəyi deyilir, amma istənilən halda bu, düşmənin onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirmək istəyindən savayı bir şey deyil və Azərbaycan tərəfinin səbir kasası üçün son damla rolunu oynaya bilər.

Təəssüf ki, təcavüzkar ölkənin belə destruktiv, sülh danışıqlarını sabotaj, iri hərbi toqquşmanı isə labüd edən hərəkətlərinə ATƏT-in Minsk Qrupu həmsədrləri susqunluq göstərməkdədirlər. Bu da işğalçı tərəfi yeni-yeni avantüralara şirnikləndirməkdə, cəbhə zonasında iri miqyaslı hərbi toqquşma riskini artırmaqdadır.


***


Hələliksə, 2016-cı ildəki 4 günlük aprel müharibəsindən sonra «sürünən müharibə» davam edir - daha çox da erməni tərəfini canlı və maddi itkiyə məruz qoyaraq. Ermənistan rəhbərliyi gərək unutmasın ki, danışıqlarda absurd, heç bir halda Azərbaycanın qəbul etməyəcəyi mövqe tutduqca, ən azından «sürünən müharibə» davam edəcək və onun işğalçı hərbçiləri hər gün, günaşırı bir-bir, iki-iki məhv ediləcək.

Hərçənd Azərbaycan xalqının səbri də sonsuz deyil. Bunu «Atlas» Siyasi Tədqiqatlar Mərkəzinin 500 azərbaycanlı respondent arasında keçirdiyi sorğu bir daha təsdiqləyir. Belə ki, sorğu Azərbaycan toplumunun Dağlıq Qarabağ problemi, Rusiyanın məsələdə vasitəçi kimi rolu və digər məsələlərlə bağlı nə düşündüyünü kifayət qədər qabarıq şəkildə ortaya qoyub.

Sorğunun nəticələrinə görə, respondentlərin 93 faizi Rusiyanın Qarabağ məsələsində ədalətli vasitəçiliyinə inanmır, 78 faiz isə bu vasitəçilikdən təcili imtina etməyi təklif edir. Respondentlərin Rusiya ilə sərinləşən münasibətlər fonunda təklif etdikləri alternativlər də diqqətçəkicidir: 1.Azərbaycan ərazisində, o cümlədən Naxçıvanda Türkiyə hərbi bazalarının yaradılması haqda danışıqlara başlamaq və ya birgə hərbi mərkəzlər yaratmaq (53 faiz). 2. NATO ilə əlaqələri geniçləndirmək - 24 faiz. 3. Avropa Birliyi ilə inteqrasiyanı dərinləşdirmək - 14 faiz.


***


Göründüyü kimi, prioritet müstəsna olaraq, Türkiyə ilə ikitərəfli əlaqələrə verilib. Bu da təbiidir. Başlıcası, ən realdır. Çünki analoji müttəfiqlik Rusiya ilə Ermənistan arasında çoxdan mövcuddur.

Bundan da önəmlisi odur ki, sorğunun nəticələri yüzdə yüz Azərbaycan cəmiyyətinin həm həlli illərdir uzanan Qarabağ probleminə, həm də işğalçı Ermənistana və onu əsas qarantı Rusiyaya münasibətdə hansı mövqedə olduğunu çılpaqlığı ilə göstərir, faktiki, xalqın iradəsini əks etdirir.

Bu, həmçinin o anlama gəlir ki, Azərbaycan toplumunda Qarabağ məsələsinin dinc yolla həllinə inam qalmayıb. Bu da öz növbəsində ordumuza müqəddəs Vətən müharibəsi sifarişi deməkdir. Eyni zamanda xalqın özünün də bu müqəddəs savaşa hazır olduğunun, həmişə ordumuzun yanında olacağının anonsudur.

Azərbaycan xalqının bu ovqatından yəqin ki, Rusiya da məlumatlı olacaq. Keşkə, bu sorğunun nəticələrindən bir nəticəni də Ermənistanın şəriksiz yiyəsi olan Rusiya özü üçün çıxardaydı. Ciddiyə alaydı ki, artıq Azərbaycan xalqı Qarabağla bağlı Kremlin «evcik-evcik» oyunundan bezib və sonsuzadək işğal rejiminə dözmək niyyətində deyil. Nəzər alaydı ki, problemin həllinə yaxınlaşdıracaq hər bir günün itirilməsi böyük müharibəni daha sürətli qapımız ağzına gətirir - o müharibə ki, bu dəfə Şimali Qafqaza da sıçraya bilər və ondan Rusiya üçün uduş olmayacaq.

Bunu Moskva rəsmiləri fərq edirsə, yaxud əgər rəsmi Moskva da həqiqətən Qarabağda yeni böyük müharibədə maraqlı deyilsə, o zaman onun hərəkətə keçib nəhayət, öz itini - işğalçı Ermənistanı yerində oturtmaq, konfliktin həllidə real və müsbət dönüşə nail olmaq problem ola bilməz. Əks halda, «sürünən müharibə» günün birində mütləq gerçək müharibəyə keçəcək. Hərbə başlamaq isə həmişə asan olub, onu dayandırmaq - çətin...