vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜSAHİB  
09:16 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 1376 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kulinariya irsi

Talha Barkin: «Anam - mənim idealımdır»

Sevinc HƏSƏNOVA

Deyirlər ki, ən yaxşı aşpazlar məhz kişilərdir. Bugünkü qəhrəmanımız «Four Seasons Baku» otelinin baş-aşpazı Talha Barkin deyir ki, bəlkə də bu belədir, amma onların heç biri anası ilə müqayisə oluna bilməz. Talha üçün onun kökləri çox vacibdir – o, Türkiyənin Muğla əyalətində anadan olub və hesab edir ki, məhz oranın mətbəxinin mötəbərliyi, mövsümi ev məhsullarının təravəti və ailəsindəki qadınlar tərəfindən qorunmuş kulinariya irsi bu peşədə belə uğurlu olmasına kömək edib.


- Siz bu peşəyə necə gəlmisiniz?

- 1992-ci ilin yay aylarında mən əmimin yanında restoranda işləməyə başladım. Mənim vəzifəm qabların yuyulması və tərəvəzlərin təmizlənməsindən ibarət idi. Yavaş-yavaş mən aşpazları gözaltından izləyirdim və ilk olaraq türk məzələrini hazırlamağı öyrəndim. Ümumiyyətlə, mənim anam və nənəm çox dadlı yeməklər bişirirdilər. Hətta qonşuları nənəmi toylara onların yeməklərini qiymətləndirməsi üçün dəvət edirdilər. Mənim professional karyeram 1996-cı ildə başlayıb.


- Sizin ilk yeməyiniz?

- Bütün yay ərzində bişirdiyim «Siqara börəyi». Karyerama türk yeməklərini bişirməklə başlamışam. Sonra Aralıq dənizi ölkələrinin yeməklərinə keçdim.


- Sizin üçün ideal kimdir, kimə özünüzü tay tutursunuz?

- Şübhəsiz anam - mənim idealımdır.


- Sizin mətbəxdə əsas prinsipləriniz nələrdir?

- Mənim fəlsəfəmin kökləri doğulduğum yerlərə gedib çıxır. Orada təzə, evdə yetişdirilmiş mövsümi məhsullar - yaxşı yemək bişirmək üçün mütləqdir. İnanıram ki, yeməyin təravətli inqrediyentləri xüsusi xarakterə malikdir. Onların tək vahid olaraq birləşməsinə yaradıcı və özəl yanaşaraq bütün baş-aşpazların arzuladığı professionalizmin yüksək səviyyəsinə nail olmaq olar.

Mənim texnikam yerli dada malik məhsulları düzgün tapmaqdan və onların xarakterini əsas yeməyə əlavə etməkdən ibarətdir. İnqrediyentlərin keyfiyyətinə və mənşəyinə hörmət və minnətdarlıqla münasibət göstərməyə və onların köməyi ilə qastronomik şedevr yaratmağa çalışıram.


- Deyirlər ki, ən yaxşı aşpazlar - kişilərdir?

- Belə bir fikir var, lakin bu trend dəyişir. Mişlen restoranlarında artıq qadın aşpazlar da var. Yeri gəlmişkən, bu yaxınlarda ən yaxşı aşpaz Sloveniyadan olan bir qadın seçildi.


- Sizin şah yeməyiniz var?

- Bu, «osmanlı yeməyi»dir: kömür üzərində bişirilən, mənim xüsusi sousumla, daha çox Avropasayağı təqdim olunan badımcanla quzu.


- Evdə yemək bişirirsinizmi?

- Mən evdə xüsusi hallarda, əsasən qonaqlar üçün bişirirəm.


- Sevdiyiniz yemək?

- Mən özüm acı yeməklərə üstünlük verdiyim üçün Tay və Hindistan mətbəxini sevirəm.


- Aşpazın restoranda özü üçün yemək seçməsi çətindirmi?

- Bəli, çətindir. Hər kəs sifarişlərini qərarlaşdırdığı zaman, mən isə hələ də menyunu təkrar-təkrar oxuyuram, məyus olmaqdan qorxaraq nə sifariş edəcəyimi bilmirəm.


- Siz resept üzrə bişirirsiniz, yoxsa improvizasiya edirsiniz?

- Desertləri ciddi olaraq resept üzrə, qalan hər şeyi isə ruhumu qoyaraq, improvizasiya edərək bişirirəm.


- Azərbaycanda işləmək xoşunuza gəlir?

- Bura işlədiyim doqquzuncu ölkədir. Lakin bura özümü yad hiss etmədiyim yeganə yerdir. Düşünürəm ki, bu mədəniyyət, dil və əlbəttə ki, milli mətbəx bənzərliyi ilə bağlıdır.


- «Four Seasons» otelinə gəlişinizlə nə kimi yeniliklər tətbiq etmisiniz?

- Mən oteldəki yeməklərin bütün konsepsiyasını dəyişmişəm: otaq xidməti üçün menyunu, bütün banket menyularını, həmçinin «Bentley's Whisky Bar» menyusunu...  Mən yenilik gətirməyi, başqa otellərdə olmayan şeyləri etməyi sevirəm. Mənim üçün təqdimat, həmçinin dad və hazırlanmış yeməyin unikallığı çox vacibdir.


- Öz işinizdə nə kimi yüksəkliyə nail olmaq istərdiniz?

- Mənim hədəfim və arzum «Four Seasons» otellər şəbəkəsində işləmək idi və mən bu arzuma çatmışam. Bəxtim olduqca gətirib ki, mən Bakının «Four Seasons» otelinə gəlmişəm. Mənim məqsədim buranın bütün yemək konseptini yeni səviyyəyə qaldırmaqdır.