vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
11:12 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 4971 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qızılbaşlar şiə deyil

«Sevilən, nifrət edilən, lakin heç cür idrak edilməyən Qızılbaş Şahı»

Dimes Hak ALERLİ
İstanbul

MÖVZU İLƏ ƏLAQƏLİ

VAXT.AZ oxucularına «Ustad» jurnalından Dimes Hak Alerlinin «Sevilən, nifrət edilən, lakin heç cür idrak edilməyən Qızılbaş Şahı» yazını təqdim edir.

Yazarkən sürəkli dinlədiyim Şah Xətainin «Deyin Şah mənəm» nəfəsinə musiqi bəstələmiş və ifa etmiş ustadım Cavid Mürtəzaoğluna və «Tütək Səsi» filmində Ürfani (xalq Ruhani deyə tanıyır) dilləndirmiş mərhum Hüseyn Saraclıya sonsuz şükranlarımla…

«Ustad» dərgisinin 4-cü sayındakı «Sevilən, nifrət edilən, lakin heç cür idrak edilməyən Qızılbaş Şahı» (ikinci yazı) başlıqlı məqaləmizdə Şah Xətainin 4 qapıya – Şəriət, Təriqət, Mərifət, Həqiqət məqamlarına işarə edən şeirlərindən örnəklər vermişdik. Bu örnəklər təməlində Şah Xətainin:


1) Şəriətdə Cəfəri


2) Təriqətdə Səfəvi


3) Mərifət-İrfanda Şeyx Cüneydin, Şah Fəzlullah Nəiminin Əhli Həq Hürufi elminə istinadən ortaya qoyduğu DAHA DİNAMİK ve MOBİL İNANCI – Qızılbaşlığı KAMİL BİR SİSTEMƏ dönüşdürmüş İrfan Şahı


4) Həqiqətdə isə «Mən B-nın altındakı nöqtəyəm», – deyən Əli ibn Əbutalibin ZATIndan olduğunu və onun missiyasını daşıdığını bildirmişdik.


Bu təməldə Azərbaycan və Anadoluda Şah Xətai həqiqətinin idrakına əngəl olan MƏŞHUR XƏTALARı gözdən keçirmək ehtiyacı vardır.


1-ci xəta. Şah Xətai şiədir yanlışı


Aşağıdakı sətirləri oxuyanda özünü şiə kimi tanımlayan, əslində isə Cəfəri olan vicdan sahibi insanların üzüntü duymasını istəmirəm. Çünki bu sətirlər onlara deyil, siyasi mənfəət üçün Əli və övladlarının adını sui-istifadə edənlərə – siyasət dəllallarına ünvanlayıb. Və əsas olan budur ki, Cəfərilər = İmam Cəfər Sadiqin şəriət məsələlərinə olan elmi baxışını mənimsəyənlər=Elm meqamında İmamı idrak edənlər, Şiələrdən=Sırf siyasət xətrinə imamları sui-istismar edən kufəlilərdən, siyasi karyeristlərdən uzaq dursunlar. Eyni şey siyasi terminologiyanın digər bir qanadı olan sünnilik üçün də keçərlidir. Zira sünni anlayışı siyasi sui-istismar, Hənəfi, Maliki, Hənbəli, Şafii terminləri ise şəriət məsələlərinə bilimsəl baxışdır. Və əslində ən böyük xətalardan biri də bu həssas məsələyə bilgisiz yanaşmaqdır. Lakin məsələ uzanmasın deyə bu mövzunu başqa bir zamana saxlayıb əsas məsələyə dönək.

Şah Xətai QIZILBAŞdır ve ƏSLA ŞİƏ DEYİLDİR. Səbəblərini «Ustad» dərgisindəki öncəki yazılarda faktlarla təsbit etmişdim. İndi isə bəzi qarşılaşdırmalarla Qızılbaş ve Şiə arasındakı FƏRQLİ NÖQTƏLƏRİ təqdim etmək istəyirəm:

Şiə üçün Əli ilk xəlifə olması gərəkən insan və birinci imamdır. Qızılbaş üçünsə Əli sadəcə hansısa xəlifə və ya imam deyil, Zat Sırrının Tanrı ve İnsan vəhdətindəki təcəllisinin Kəbədə DOĞUŞ RƏMZİ olan KAMİL İNSAN - NUR ADƏM modelidir. Şah Xətai buyurmaqdadır:


Yer yox ikən, Göy yox ikən TA ƏZƏLdən VAR İDİM

Cevhərin yekdanəsindən iləri Pərgar idim

Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi

Mən bu Beytullah içində ta əzəldən var idim


Şiə üçün Əliyə tərəfdar olmaq ərdəmdir. Qızılbaş üçünsə gerçək ərdəm Əli OLmaqdır. Və Şah Xətai də məhz buna görə «Mürtəza Əli ZATlıyam» deyir. Yəni «Mürtəza Əli nəsliyəm» deyərək bəsit şəkildə hansısa Soykökü - Bədən deyil, «Mürtəza Əli ZATlıyam» deyərək Zat - Ruh davasında olduğunu bəyan edir.

Şiə üçün İmamlara yas tutmaq ibadətdir. Qızılbaş üçünsə imamlara ağlamaq acizlikdir. Şiə Kərbəlada Hüseyni yalnız buraxıb sonradan peşman olanlar kimi ağlamaq, başa kül tökmək, baş yarmaq kimi MƏNASIZ göstəriş içində olur. Qızılbaşın isə ağlamağa nə vaxtı, nə də həvəsi var. Qızılbaş İmamları öldürənlərə lənət edərək sonradan lənətlədiyi şəxslərə bənzəyən hansısa Əli «tərəfdarı» kimi davranmır, onun məqsədi İmamların Ruhani Missiyası İlahi Hikmətlə (Batıni Elm) İlahi Ədalətin cəminə bərabərdir və (Qurandakı Fitrət Dini) bunu DAVAM ETDİRMƏKdir. Çünki Qızılbaş çox gözəl bilir ki, Hüseynin başını kəsən Şimr Siffeyn savaşında Əli ordusunda vuruşan və 16 dəfə Həccə gedən biri olmuşdur.

Şiə Ya Əli və ya Ya Hüseyin deyəndə Zahirə, DIŞarıdakı bəlli olmayan gücə xitab edir. Qızılbaş isə Ya Əli və ya Ya Hüseyin deyəndə Batinə, İçində tapdığı İNANC GÜCÜnə səslənməkdədir.

Şiə qeybdəki 12-ci İmama, davamlı tez gəlsin deyə çarəsizcə dua etdiyi Mehdi Sahib Zamana inanmaqdadır. Qızılbaş isə «İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq» (Qaf/16) buyuran Quran həqiqətinə istinadən YERİ-YURDU BƏLLİ OLMAYAN və bundan dolayı saxta iddiaların gülünc hədəfinə çevrilmiş Sahib Zamana deyil, Mehdi-Hadi-Hidayet edən-Rəb-Pir, Lele, Mürşid, Müəllim, Mürəbbi, Tərbiyəçi sifətində və BÜTÜN ZAMANLARda İNSANIN İÇ DÜNYASINDA OLan Gücə SAHİB ÇIXmaq əzmindədir.

Şiə biri müctəhid deyə tanınanların «biz qeybdəki imamla sizin aranızda vasitəçiyik» yalanına inanır. Qızılbaş üçünsə bu iddia YALANdır. Zira Qızılbaş belə düşünür: Allah belə BİZ maqamı ilə İnsanda isə İmam nədən insandan kənarda olsun ki? Qızılbaş bilir ki, İnsandan kənarda olan imam yalanı uyduran müctəhid bununla Şah Xətai başda olmaqla BÖYÜK PİRlərin ÖZGÜR RUHLU ƏRDƏMLİ SAVAŞÇILAR yetişdirmək missiyasına xəyanət etmişdir. Və ortaya zavallı, cahil, ZAMANI İTİRDİYİ ÜÇÜN ÇAĞIN GERİSİNDƏ QALMIŞ insan topluluğu çıxmışdır. Halbuki Şah Xətai şiə mollasının inhisarında olan deyil, HER BİR İNSANIN İÇE YOLCULUĞUNDA GÖRÜŞƏRƏK ƏR=SAVAŞÇI OLACAĞI MEHDİDƏN SÖZ EDƏRƏK yazırdı:


Bu dünyadan neçə yüz min ər keçdi

Onlar ittifaqda Mehdi Yoldadır


Qızılbaş yalnız Mehdini-Hidayet edeni-Leleni, Piri, Mürşidi İÇinde ixlasla idrak edən ərlərin-savaşçıların-qızılbaşların İTTİFAQI-VƏHDƏTİ-BİRLİYİ ilə ZAMANA SAHİB ÇIXARAQ ərdəmli nəsə etmək mümkünlüyünə inanır.

Şiə üçün önəmli olan namaz qılmaq, bu və digər ibadətlərin şəkli-şəmali ilə bağlı nəsə anlatmaq, mübahisə etməkdir. Qızılbaş üçünsə «Mən elmin şəhəriyəm, Əli isə qapısı» deyən peyğəmbərin ismarıcı DAHA ÇOX önəmlidir. Qızılbaş namaz davasında olmaz, cümə namazı reklamına girməz. Qızılbaş bilir ki, namaz Allahın ehtiyac duyduğu ibadət yox, Allahı xatırlamaqla insani keyfiyyətlərini yenidən bərpa etmək ehtiyacı duyan bəndə üçün çarədir. Şiə və ya sünninin «Namaz doğru yoldur» iddiasına inanmır Qızılbaş. Çünki Qızılbaş bilir ki, namaz mütləq anlamda doğru yol olsa idi namazda « İhdinessırâtel müstakîm - Bizi doğru (düz) yola yönəlt!» (Fatiha/6) deyilməzdi. Zira doğru yolda olan nədən doğru yola yönəlt deyə yalvarmış olsun ki?

Qızılbaş üçün namaz doğru yol yox, doğru yolu tapmaq vasitələrindən biridir sadəcə. Ki bunun Qurandakı əsil ifadəsi farsca namaz=yalvarmaq yox, ərəbcə salat sözüdür. Və Qızılbaş Əhzab surəsinin 56-cı ayəsindəki həqiqətin= «Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua-salavat verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın» təməlində namazla bağlı bütün iddialara cavab verərək soruşur: əgər salat bəsit namazdırsa, o zaman Allah da mı namaz qılır?

Qızılbaş bilir ki, namaz kimi tanımlanan salat şəkli günün bəlli saatlarında Allahla olan əlaqədir və bu əlaqədən çox daha üstün olanı isə Zikr=7/24 Allahı Xatırlamaqdır. Quran boşuna buyurmur: «Quranda sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək isə şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir!» (Ənkəbut/45). Zikrdən də üstün irtibat şəkli mövcuddur, fəqət mövzudan uzaqlaşmamaq üçün bu məsələyə toxunmaqdan hələlik vaz keçirəm. Fəqət bu dəlillər təməlində ortaya çıxan budur:

İslamı Şəriət-Din və Namaz-Möminlik simvolu kimi bəsit məntiqə endirənlərin iddiası Qızılbaş üçün puç və əfsanədir. Qızılbaş Peyğəmbərin Elmle bağlı ismarıcını, «Alimin mürəkkəbi, şəhidin qanından üstündür» və «1 saatlıq təfəkkür 60 ilin ibadətindən üstündür» hədislərini əsas götürərək bəyan edir:

Azərbaycanda kitabxana sayı məscid sayından azdırsa müsəlmanam deyən insanlar İslam və onun peyğəmbərinə xəyanət etmiş, Maun surəsindəki lənətin hədəfi olmuşlar: «Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər; Onlar riyakarlıq edər, Və zəkat verməyi qadağan edərlər (Maun/4-7).

Və 7/24 Allahı zikr etmək, Quran elminin Batini dərinliklərinə varmaya çalışan Qızılbaşları və onların Uca Şahını şəriət üzərindən siyasi iddiada olan şiələrlə bir tutmaq həqiqətən böyük xətadır.

Qızılbaş Şah Xətainin azana gətirdiyi iki yeniliyə:


1) Şəhadət edirəm ki, Əli Allahın vəlisidir

2) Heyya ela xayrül əməl - Xeyir işlərə tələsin


ciddi önəm verir. Qızılbaş bilir ki, Vilayət məqamı şəriətdə deyil, Təriqət məqamında mövcuddur və Şah Xətai şəriət əhli insanlara bunu demək istəmişdir: siz sadəcə namaz qılaraq davamlı şəriətdə qalmayın, daha üstün məqam olan təriqət, ondan sonrakı mərifət və həqiqət məqamlarında Əlinin missiyasını idrak edib xeyir işlərdə yarışmaq üçün Batini yolçuluğa - Dərin Mənəvi İdraka başlayın. Və təbii ki, bu yolçuluğa özü də başlamış və şəriət məqamında Cəfəri olmuş, fəqət orada qalmadan Mərifət məqamının ŞAHı olub. Fəqət arada bir təriqət - Səfəvilik məqamı da var ki, bu Şah Xətai ilə bağlı ikinci böyük xətadır.


2-ci xəta: Şah Xətai Səfəvidir yanlışı


Bu yanlış çox daha təhlükəli bir xətadır. Belə ki, Şah Xətainin gerçək missiyasına xəyanət edərək Türkün azad idrakına balta çalan Şah Abbas şiəliyinin Qızılbaşlıq həqiqətini ört-basdır etmək üçün istifadə etdiyi iblisanə üsuldur. Soruşmaq istəyirəm:

Siz 10-cu sinifdə oxuyanda 1-ci sinifdən tut 9-cu sinfə qədər bütün illərdə qazandığınız elmə və DAHA DA ÜSTÜNÜNƏ sahib olursunuz deyilmi? O zaman siz 10-cu sinifdə ikən sizə 6-cı sinif şagirdi kimi münasibət bəsləsələr əlbəttə ki hörmətsizlik edərlər. Çünki 10-cu sinfin içində 6-cı sinfin bilgiləri var, fəqət 6-cı sinifdəki bilgilərdə 10-cu sinfin bilgisi yoxdur. Bu məntiqi sonucu unutmadan davam edək.

Şah Xətai hər kəsdən daha yaxşı bilirdi ki, ulu dədəsinin adı ilə Səfəvi adlanan bir təriqət mövcuddur. Fəqət hər kəsin bilmədiyi və anlaya bilmədiyi bir önəmli xarakteri – Səfəviliklə Qızılbaşlıq arasındakı fərqi də bilirdi. Və Şah çox gözəl bilirdi ki, babası Şeyx Cüneyd özünü nədən Səfəvi deyil, Qızılbaş olaraq adlandırıb. Bilməyənlər üçün bəzi xüsusiyyətləri açıqlayaq:

Səfəvilik Batini idrakda Təriqət, Qızılbaşlıq isə Mərifət məqamıdır (fərqi bilmək istəyənlər Ustad dərgisindəki öncəki yazıları incələsinlər lütfən)

Səfəvilik Şeyxə və xəlifələrinə bağlı və daha dar məkanda yaşayan insan kütləsinə xitab edən saysız təriqətlərdən biridir. Qızılbaşlıq isə çox nadir qarşılaşdığımız, məkan və zamandan Uca xitabı olan İdrak BOYUTUdur.

Səfəvilər Şeyxlərinə bağlı və onun yardımı ilə qurtulmaq istəyənlərdir. Qızılbaşlar isə Şeyx oğlu Şaha ölümünə sadiq olmaqla yanaşı, sadəcə şəxsə deyil, Batini inanca bağlı qalaraq Şahla birgə savaşan Həqiqət Qaziləridir.

Səfəvilər iqtidar mənsublarının kimliyindən asılı olmayaraq onlarla yaxşı münasibət qurmağa çalışan, iqtidar mənsublarının ianə və bəxşişlərini ətrafdakı imkansızlara dağıdaraq hardasa sosial və mənəvi yardımlaşma qurumu kimi icraat göstərirlər. Qızılbaşlar isə zalım iqtidarları haqqa və ədalətə çağıran, gərəkirsə onlara başqaldıran, dünyada Həqiqət və Ədalətin təməlində toplumsal nizam-intizam istəyən Ərdəmli Savaşçılardır.

Səfəvilik Təriqət olaraq Şəriət əllamələrinin əllərinin çata bildiyi, zəiflədikləri anda onlar tərəfindən sui-istifadə edilən, Səfəvilik maskası altında mürtəce şiəlik-farsçılıq vasitəsinə çevrilən bir qavramdır. Qızılbaşlıq isə bəsit şəriət əllamələrinin əlinin çatmadığı Uca Mərifət İdrakı= Türkmənlərın İlahi Eşq Bəyanıdır.

Qızılbaşlıq Səfəviliyi daha ALİ BOYUTA daşımış olsa da, Səfəvilik Qızılbaşlığı idrak etməkdən acizdir. Zira yuxarıda da vurğuladığımız kimi, 6-cı sinifdə 10-cu sinfin bilgisi olmur.

Bütün bunların təməlində ortaya çıxan nəticə budur:


1) Şah Xətaiyə Səfəvi və onun qurduğu dövlətə Səfəvi Dövləti demək nəinki yanlışdır, həm də Azərbaycan və Anadolu Türklərinin milli-mənəvi intibahına virus yoluxdurmaqdır. Oqtay Əfəndiyev kimi alimlər Sovet dövründə bunları bilə bilməzdilər təbii ki. Onun və digər alimlərin araşdırmalarındakı Səfəvi vurğusu Səfəvi və Qızılbaş məqamları arasındakı fərqi bilməmələrindən irəli gəlirdi. Dəyərli bilgiləri olan bu alimlərin əsərlərini oxumaqla yanaşı, istəmədən də olsa ortaya qoyulan yanlışın – Səfəvi dövləti vurğusunun Qızılbaş dövləti vurğusu ilə dəyişdirilməsinə çalışmaq lazımdır. Zaten Nihat Çətinqaya kimi araşdırmaçıların əsərlərində də Qızılbaş vurğusu vardır: «Onlar Qızılbaş adı ilə tanınmaqdan qürur duydular. İftixarla bu sözü söyləyərək Dövlətlərini Dövləti Qızılbaş, hökmdarlarını padışahi Qızılbaş, ölkələrini də Ölkəni Qızılbaş deyə ifadə ediblər». (Nihat Çetinqaya, Qızılbaş Türklər, Kripto yayınları, 2012, səh.402)


2) Son zamanlar Azərbaycanda Şah Abbası mədh etmək, onu böyük qızılbaş deyə təbliğ etmək istəyi Rus-İran düşüncə agentlərinin İblisanə oyunudur. Sultan Səlimin sünniçilik, Şah Abbasın da şiəçiliklə qarşı-qarşıya qoyaraq zəiflətdiyi Anadolu və Azərbaycan Türklüyü bu iki virusdan da qurtulmalıdır. Nə Sultan Səlim osmanlıçı-sünniçi, nə də Şah Abbas səfəviçi-şiəçi baxışı ilə böyük ola bilər Türk. Türk yalnız Şah Xətai Qızılbaşlığının UCA və ÇAĞDAŞ İDRAKI ilə BÖYÜK OLA BİLƏR. Odur ki, Şah Xətaini Azərbaycan və Anadolu Türklərinin ORTAQ MƏNƏVİ LİDERİ OLARAQ GÖRməli və buna uyğun davranmalıyıq ki, sünni-şiə davası kimi mənasızlıqdan qurtulmuş olaq.


3) Şah Abbas Qızılbaş idrakına xəyanət edərək istər milli, istersə də mənəvi dəyərlərə böyük zərbə vurmuş oldu. Belə bir şəxsin Azərbaycanın böyük hökmdarı kimi təbliğ edilməsi çox ciddi yanlışdır. Tarix elminə bəllidir ki, Şah Abbas taxta oturanda hakimiyyətdə olan 114 əmirin hamısı Türkmən Qızılbaş idi. Fəqət Şah Abbas öləndə – 1628-ci ildə əmirlərin sayı 90-na qədər enmiş və sadəcə 35-i Türkmən Qızılbaş olmuşdur. 34-ü Qızılbaş olmayanlardan – İranlı, Kürt, Lur tayfalarından, 21-i isə erməni və gürcü dönmələrdən ibarət idi. Gərəkirsə bu mövzu daha geniş araşdırıla bilər.


«Mürtəza Əli zatlıyam» deyən və şəriət əllamələrini cəzalandıran Qızılbaş Şah Xətaidən fərqli olaraq, Şah Abbas şiə mollasına - müctəhidə boyun əyən, özünü «Əli qapısının iti» adlandıracaq qədər alçalmış bir hökmdar idi. İndi Azərbaycanda bənzər iddialarla çıxış edənləri ikrahla qarşılayanlar bilməlidirlər ki, cılız şiə farsçılığının təməlini atan Şah Abbas heç bir zaman Bütöv Azərbaycanın Uca Şahının missiyasının davamçısı ola bilməz. Müstəqil və Bütöv Azərbaycan idealında birgə addımlamağa hazır olan biz Çağdaş Qızılbaşlar sadəcə bunu deyirik:


Ürəyi dağ olmayınca bağrı qanlı lalə tək

Heç kimin həddi yoxdur kim Qızılbaş olmağa