vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
23:11 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 1275 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan dili rastıma çıxan ən mürəkkəb dillərdəndir»

Anna Zamejc: «Tənqidetmə, sualetmə qabiliyyəti inkişaf üçün çox əhəmiyyətlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Anna Zamejc uzun müddət Azərbaycanda könüllülük etmiş ixtisasca jurnalist olan polşalıdır. Özü dediyi ki, Azərbaycanın adını ilk eşitdiyi gündən ölkə onu cəlb etmişdi. Azərbaycanda olduğu müddətdə məcburi köçkün uşaqlarına ingilis dili dərs keçmiş, vətəndaş cəmiyyəti təşkilatların layihələrində cəlb iştirak etmişdi. Anna, son beş aydır ki, ABŞ Konqresinin təqaüd proqramı ilə Vaşinqtondadır. Amerikanın Səsi onunla görüşüb, onun Azərbaycan təcrübəsi haqqında müsahibə alıb.


- Anna, Azərbaycan haqqında marağınız haradan yarandı?

- Mənim 20 yaşım olanda, mən Azərbaycanda seçki müşahidəsi missiyasına dəvət almışdım. Bu mənim ikinci müşahidə missiyam idi. Düşünmüşdüm ki, haradadır Azərbaycan? Xəritəyə baxanda, İran və Rusiya arasında olduğunu görəndə, dedim ki, bura çox maraqlı bir yer olmalıdır. Mən səfərdən öncə Azərbaycan haqqında çox oxudum, sonra ölkədə olduğum müddət insanlarla ünsiyyətdə oldum və oranı daha yaxşı tanımağa başladım. Seçkilərdən sonra baş verənləri müşahidə etməyi və ölkədə qalmağı o qədər istədim ki, təyyarə biletinin vaxtını 3 dəfə dəyişəsi oldum. Polşaya qayıdanda isə, az qala universitetdən qovulmuşdum. Azərbaycanda o qədər qalmışdım ki, universitetdəki dərslərimin çox hissəsini buraxmışdım. Çünki ölkə məni çox heyran etmişdi.


- Azərbaycandakı fəaliyyətiniz nədən ibarət idi?

- Mən Azərbaycana tez-tez qayıdırdım. Hərdən seminarlara, hərdən könüllü işlərə… Sonradan məcburi köçkün uşaqlara ingilis dili dərsi keçməklə bağlı bir layihə hazırladım. Həmin ailələr müharibə dövründə Qarabağı tərk edib, Bakıya gəlsələr də, Bakıdakılar qədər eyni imkanlara sahib deyildilər və onlar yoxsulluqda yaşayırdılar. Düşünmüşdüm ki, bu uşaqlarla işləmək çox yaxşı olardı. Mən onlara bir neçə ay ərzində çox sadə ingilis dili dərsləri keçirdim. Bu çox maraqlı idi. Onlara dərs keçməklə bərabər, uşaqlardan həm də Azərbaycan dili öyrənirdim. Bundan başqa yerli qeyri hökumət təşkilatları ilə işləyirdim. Bu da məni ölkə haqqında çox məlumatlandırdı.


- Fərqli bir mədəniyyətdə olmağınız sizə hansısa çətinlikləri yaradırdımı?

- Azərbaycanda qarşıma çıxan çətinliklərdən biri o idi ki, insanlar səni xoşlayırlarsa, sənə yeməyə çoxlu ət verirlər. Mən əti o qədər də sevmirəm. Mənə çoxlu ət olan bir yemək təklif ediləndə mənim üçün onlara «yox» demək çox çətin idi. Mən bilirəm ki, bu qonaqpərvərliyin işarəsidir, amma mən necəsə «yox» deməli idim. Bu ev sahibi üçün bir qədər qəribə görünürdü. Onlar qayıdırdılar ki, «Axı sən nə üçün yox deyirsən? Biz sənə evimizdə olan ən yaxşısını təklif edirik.» Ona görə də, təəssüf ki, mən tez-tez yalan söyləyirdim ki, vegeterianam. Bu yolla mən əmin olmağa çalışırdım ki, onların xətrinə dəymirəm. Azərbaycanlılar üçün bir insanın ət yeməyi bəyənməməsini anlamaq bir qədər çətindir.


- Sizin ünsiyyətdə olduğunuz insanların Azərbaycanda yaşayıb işlədiyinizi biləndə necə reaksiya verirdilər?

- Xaricdə deyəndə ki, mən Azərbaycanda çalışmışam və azərbaycanlılarla işləyirəm insanlar söhbətin nədən getdiyini anlamır. Polşada insanlar soruşurlar ki, «Azərbaycan haradadır?» Amerikada isə insanlar soruşurlar ki, «Azərbaycan nədir?» Bu həmişə məni məyus edir. Ən sevmədiyim reaksiya insanların mənim Əfqanıstan dediyimi düşünəndə olur. Mən isə deyirəm ki, «Yox, ora Əfqanıstan deyil. Ora Azərbaycandır.» Mən çox sevmirəm insanlar bunu səhv anlayanda. Ona görə həmişə mübahisə edirəm. Xəritəni göstərib, deyirəm ki, bax bura Azərbaycandır, bura isə mənim işlədiyim Bakı şəhəridir, Rusiya və İran arasındadır, çox strateji regiondur və s. Mən çalışıram insanlara izah edim ki, Azərbaycan böyük ölkə, böyük mədəniyyətə malik olan yerdir. Amma, onların çoxunun Azərbaycan eşidəndə ağıllarına ilk gələn enerji təhlükəsizliyi mövzusu olur. Ya da ki, bir qədər oriental mədəniyyət olduğu bir məkan ağıllarına gəlir. Mən düşünürəm ki, bu həm də mənim vəzifəmdir ki, onlara ölkə haqqında izah edim və bəlkə onlar gələcəkdə oranı ziyarət etsinlər.


- İnsanlarla Azərbaycan dilində ünsiyyət saxlamaq necə, çətin deyildi ki?

- Mən həmişə düşünmüşəm ki, mənim dil öyrənmək istedadım var. Amma, Azərbaycan dilini öyrənəndə anladım ki, bu heç də elə deyil. Bu mənim üçün ümidsiz bir çətinlik idi. Artıq yeddi ildir və mən hələ də düşünürəm ki, mən dili yaxşı öyrənməmişəm. Azərbaycan dili mənim rastıma çıxan ən mürəkkəb dillərlərdən biridir. Məsələn, fransız, alman və digər Avropa dillərindən daha çətindir. Ona görə də, bu mənim həmişə çətin olub. Mən çoxlu səhvlər edirəm.


- Azərbaycanda yaşadığınız müddət ölkədə çatışmayan hansı xüsusiyyətin şahidi oldunuz?

- Mənim Amerikada öyrəndiyim əhəmiyyətli şeylərdən biri, mənim öz ölkəmə və daha çox Azərbaycana şamil edilə biləcək şey tənqidi düşünmək qabiliyyətidir. Bu, bizdə, Mərkəzi və Şərqi Avropada, Post-sovet ölkələrində çatışmayan xüsusiyyətlərdəndir. Bizim təhsil sistemi bizə yalnız dinləməyi, heç zaman sual etməməyi, heç zaman tənqid etməməyi öyrədir. Amma, düşünürəm ki, tənqidetmə qabiliyyəti, sualetmə qabiliyyəti inkişaf üçün çox əhəmiyyətlidir. Mən insanlara demək istərdim ki, hər şeyi olduğu kimi qəbul etməsinlər, düşünməyə başlasınlar. Nəyisə qəzetdə oxumalarından və ya televiziyada görmələrindən asılı olmayaraq sual etməyi bacarsınlar. Hətta bu intervünü belə sual etsinlər. Heç nəyi olduğu kimi qəbul etməyin.