vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
08:42 | 26 may 2017 | Cümə Məqaləyə 1212 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskvanın «İbrahimbəyov -2» ssenarisi

Müxalifətdən və Rusiyadakı keçmiş səfirdən maraqlı şərhlər; «Hazırkı situasiya 2012-ci ili xatırladır...»

E.SEYİDAĞA

Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı artıq indidən müxtəlif iddialar səslənməkdədir. Bunlardan biri də Rusiyanın bu seçkilərə təsir etməkdə maraqlı olması ilə bağlıdır. Son günlər bəzi siyasətçilər və ekspertlər bildirirlər ki, Moskva 2018-ci il seçkilərində Azərbaycan daxilində rusiyapərəstlərdən ibarət çox ciddi problem yaradan güc formalaşdıra bilər və qüvvə 2013-cü ildəki «İbrahimbəyov ssenarisi»ndən güclü olacaq. Deyilənlər mümkündürmü? Kremlin bunun üçün yetərli imkanları mövcuddurmu?

KXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, Azərbaycan Rusiyanın maraq dairəsində olduğu üçün Kreml seçkilərdən öz maraqları üçün həmişə istifadə etməyə çalışır və bu dəfə də istisna deyil: «Rusiya Azərbaycanda öz xeyrinə dəyişikliklərdə maraqlıdır. Böyük ehtimalla da bundan əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də maraqlı olacaq. Təbii ki, Rusiyanın özünün başı öz problemlərinə qarışmasa, addımlar atacaq. Rusiyanın Azərbaycana təsir etmək imkanları hər zaman mövcuddur».

AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev isə bildirdi ki, ölkədə həm hakimiyyət daxilində, həm də kənarda rusiyapərəst qüvvələrin olması heç kimə sirr deyil: «Onların aktivləşməsi də heç vaxt özlərindən asılı olmayıb. Bu sifarişin həmişə Rusiyadan olması da heç kimə sirr deyil. Ən azından müstəqilliyimizin əldə olunmasından bu yana dəfələrlə bunun şahidi olmuşuq. Hazırda mövcud olan situasiya 2012-ci ili xatırladır. O zaman münasibətlərin soyumasını qarşılıqlı bəyanatların tonunda açıq hiss etmək mümkün idi. Sonradan bu bəyanatlar açıq siyasi müdaxilə formasına keçdi. Açıq şəkildə hakimiyyət təhdid olunmağa başladı. Əslində o zaman bu təhdidi ölkə rəhbərliyinə qarşı yox, dövlətə qarşı qəbul etmək lazım idi. Çünki hakimiyyətlə bu soyuqluğun yaranmasına səbəb ölkənin xarici və iqtisadi siyasətinin Rusiyanı qane etməməsi, Avropa İttifaqı ilə ciddi yaxınlaşmalara gedilməsi idi. Bu gərginlik 2013-cü ilin yazına qədər davam etdi, amma Putinin Bakıya səfərindən sonra vəziyyət 180 dərəcə dəyişdi. Mən hesab edirəm ki, həmin dövrdə rusiyameylli qüvvələrin böyük qələbəsi baş verdi. Sonrakı illərdə Avropa İttifaqı ilə münasibətlər dayandırıldı və s. Üstündən 5 il keçib, yenidən Avropa İttifaqı ilə yeni saziş müqaviləsi danışıqları gedir, Rusiyanın yaratdığı qurumlara qatılma ehtimalları sıfıra enib və s. Odur ki, yenə də seçkiöncəsi keçən təcrübənin başqa formada təkrarlanması ehtimalı var. Bu planın içinə bilərəkdən və ya bilməyərəkdən qatılan insanlar ola bilər və onlardan istifadə etməyə çalışacaqlar. Amma bilmək lazımdır ki, belə cəhdlər ölkədə demokratik dəyərlərin inkişaf etməsinə, insanlarımızın iqtisadi rifahının artmasına, nəticə etibarilə hətta hakimiyyət dəyişikliyi olsa belə, müsbət dəyişikliklərin olmasına deyil, ölkədən yeni nələrisə qopartmağa, Azərbaycanı tam asılılıq altına almağa xidmət edəcək. Ona görə də hər kəs bu məsələdə ayıq olmalıdır. Hakimiyyət bu planların qarşısını almaq üçün addımlardan biri kimi ölkə daxilindəki siyasi qüvvələrlə normal münasibətlər qurmalı, onların ölkə qanunlarına uyğun olaraq fəaliyyətlərinə normal şərait yaratmalıdır».

Politoloq, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə isə moderator.az-a bildirib ki, Rusiyanın seçkilərə təsir imkanları məhduddur: «Təbii ki, hakimiyyət məsələsini həll edən bu cür seçkilərə hamı təsir göstərmək istəyir. Lakin Rusiyanın imkanları məhduddur. Mən Rusiyanın bu məsələyə ciddi təsir göstərəcəyinə, ciddi dəyişikliyə yol açacağına inanmıram. Rusiya ilə bağlı bu iddiaların heç biri mənə inandırıcı gəlmir».