vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QARABAĞ  
10:39 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 1656 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsas müzakirə mövzusu status-kvonun dəyişdirilməsidir»

Politoloqların fikrincə, Ermənistan tərəfi bundan yayınmaq üçün cəbhə xəttində müxtəlif təxribatlar törədir

Rufik İSMAYILOV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

İyun ayının 15-dən etibarən cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı birləşmələri mövqelərimizi iri çaplı silahlardan, minaatanlardan, artilleriyadan atəşə tutmaqla müxtəlif təxribatlara əl atıblar. Nəticədə Azərbaycan Ordusu bir şəhid verib. Təbii olaraq, cavab tədbirləri görülüb, Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənə sarsıdıcı zərbələr endirilib, 6 erməni hərbi qulluqçusu məhv edilib.

Müdafiə Nazirliyi bu barədə bəyanat yayaraq bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir və növbəti belə təxribatın qarşısı alınarkən iyunun 15-də ordumuz itki verib. Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, çoxsaylı yaralıları var. Müdafiə Nazirliyi xəbərdar edib ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək. Azərbaycan Xarici İşlər Nazirliyi də açıqlama yayaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkəmizə planlaşdırılan səfəri ərəfəsində Ermənistan tərəfinin növbəti dəfə təxribatlara əl atmasına münasibət bildirib. Qeyd olunub ki, Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status-kvonu saxlamağa çalışır. Nazirlik bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları və hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın ölkəmizə qarşı təcavüzü fonunda ərazilərimizin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir.

Mövzu ilə bağlı fikirlərini «Kaspi»yə bölüşən millət vəkili, politoloq Elman Nəsirov deyib ki, cəbhə xəttində təxribatların törədilməsi Ermənistan tərəfinin yeni taktikası deyil. Onun sözlərinə görə, rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: «Ermənistanın əsas niyyəti bundan ibarətdir ki, status-kvo qorunub saxlansın, heç bir halda o dəyişməsin, münaqişənin həlli üçün aparılan danışıqlar prosesinə hər vasitə ilə maneə yaradılsın. Çünki danışıqlarda əsas müzakirə mövzusu status-kvonun dəyişdirilməsidir. Əks halda heç bir irəliləyişə nail olmaq mümkün deyil. Ona görə də Ermənistan tərəfi ciddi-cəhdlə həmsədrlərin regiona səfəri ərəfəsində təxribatlara əl atır. Elə etmək istəyir ki, fundamental məsələlər, yəni, status-kvonun dəyişdirilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və bu kimi digər məsələlər deyil, məhz atəşkəsin qorunub saxlanması əsas müzakirə mövzusuna çevrilsin. Ermənistan xarici işlər naziri Nalbəndyan iyunun 20-də həmsədrlərlə görüşü zamanı hətta onları da ittiham edib ki, nə üçün münaqişə ilə bağlı ünvansız bəyanatlar verirsiniz. Guya həmsədrlər münaqişə ilə əlaqədar ünvansız bəyanatlar verirlər və erməni tərəfinin arzusuna uyğun olaraq onlar öz bəyanatlarında Azərbaycanı ittiham etməlidirlər. Burada məşhur bir el məsəlinmi xatırlamamaq olmur: Adımı sənə qoyum, səni yana-yana qoyum. Ermənistan silahlı birləşmələri iriçaplı silahlardan, minaatanlardan və artilleriyadan istifadə etməklə nəinki cəbhə xəttindəki mövqelərimizi, eləcə də dinc əhalinin yaşadığı məntəqələri atəşə tutur. Bu vəziyyət ötən ilin aprel hadisələrindən əvvəlki durumu xatırladır. O zaman Azərbaycan Ordusunun ön xətdəki kiçik birləşmələri düşmənin həmlələrinə, təxribat cəhdlərinə tutarlı cavab vermişdilər. Son hadisələr nəticəsində də ordumuzun bir itkisinə qarşı düşmənin altı yaraqlısı məhv edilib. Məhz bu məqamda Prezident İlham Əliyevin məşhur ifadəsini xatırlamamaq olmur. Ermənistan əsgəri ölmək istəmirsə Ağdama, işğal altında olan digər ərazilərimizə gəlməsin. Bir daha əvvəlki fikrimə qayıdaraq qeyd etmək istəyirəm ki, Ermənistan tərəfinin təxribatları danışıqlar prosesinə maneə yaratmağa hesablanıb. Çünki, həmsədrlərin regiona səfərindən sonra xarici işlər nazirləri, ardınca da prezidentlər səviyyəsində görüşlərin keçirilməsi planlaşdırılır. Ermənistan silahlı birləşmələrinin təxribatlar törətməsi, Nalbandyanın məsuliyyətsiz bəyanatlar verməsi bu görüşlərin baş tutmamasının qarşısını almaq, yaxud görüşlər keçirildiyi təqdirdə fundamental məsələlərin müzakirəsindən yan keçmək məqsədi daşıyır. Fikrimcə, regiona səfərlərini başa vuran həmsədrlər verəcəkləri bəyanatda bu amilləri mütləq nəzərə almalıdırlar».

Politoloq Fikrət Sadıxovda qəzetimizə açıqlamasında deyib ki, Ermənistan tərəfi mütəmadi olaraq cəbhə xəttində təxribatlar törədir. Onun fikrincə, Ermənistanın xarici siyasətində Azərbaycana qarşı belə davranış əsas yerlərdən birini tutur: «Belə təxribatlar həmsədrlərin regiona, o cümlədən Azərbaycana səfəri ərəfəsində daha intensiv xarakter alır, cəbhə xəttində vəziyyət gərginləşdirilir. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri bütün bu təxribatların qarşısını qətiyyətlə alır, düşmənə ağır zərbə vurulur. Bunun ardınca da erməni tərəfi yaşanan hadisələrə görə Azərbaycanı günahkar göstərməyə çalışır. Bu baxımdan, həmsədrlərin regiona səfəri öncəsi Ermənistanın yeni təxribatlar törətməsi gözlənilən idi. Ancaq gülünc doğuran daha bir məqam Ermənistan xarici işlər nazirinin bu yaxınlarda verdiyi bəyanatdır. Onun dediyinə görə, guya BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum qətnamələr Ermənistanı deyil, Azərbaycanı işğala son qoymağa səsləyir, sülhə çağırır. Ermənistan rəsmisinin bu münasibəti aydınlaşmış mövqedir. Yəni, Ermənistan heç bir reallıqla hesablaşmır, işğalçılıq siyasətini davam etdirir, beynəlxalq hüquqa və prinsiplərə əməl etmir. Bu mövqe danışıqlar prosesində hər hansı irəliləyişin olmasının qarşısını almağa da hesablanıb. Əgər rəsmi İrəvanın əsas siyasəti bundan sonra da belə olacaqsa, Azərbaycan tərəfinin çox güclü cavab tədbirləri ilə üz-üzə qalacaqlar və artıq üzləşirlər. Azərbaycanda ən yüksək səviyyədə də bəyan edilib ki, Ermənistan tərəfinin hər bir təxribat cəhdinə, vurduğu ziyana görə düşmənə artıqlaması ilə cavab veriləcək. Çünki söhbət işğal altındakı Azərbaycan ərazilərindən, ölkənin suverenliyinin bərpasından gedir. Danışıqlar prosesi nəticə vermədiyi halda Azərbaycanın tam hüququ var ki, ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etsin».