vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ANALİZ  
14:28 | 7 iyul 2017 | Cümə Məqaləyə 2607 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyasının arqessiyası

Kremlin imkan olsaydı, Obamanı geri qaytarardı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın aqressivləşməsinin səbəbləri var. Tramp dönəminə dair ümidləri və planlamaları özünü doğrultmur, indi qarşılarında əvvəlkindən kobud və proqnozlaşdırılması çətin olan bir ABŞ görürlər. (Əllərində imkan olsaydı, Obamanı geri qaytarardılar.) Avropada radikal, populist ünsürlərlə qurulan ittifaq nəticə vermədi və onlar bir-birinin ardınca seçkiləri uduzdular. Avropa liberal demokratları «Brexit» və ABŞ-dakı seçkilərin şokunu üzərlərindən çox tez ata bildilər, Makron kimi rəqəmsal texnologiyalar dövründə böyümüş, yeni təfəkkürlü gənc lider ortaya çıxdı və «soyuq müharibə» dövrünün məhsulu olan Kremldəki «KQBşnik»in bu tip liderlə ortaq nöqtələr tapması elə də asan deyil.

Rusiya SSRİ-nin dağılmasından sonra Avropadan çıxmaq zorunda qalsa da, enerji bazarında hegemon mövqeyi hesabına Avropanın siyasətinə təsir imkanlarını saxlayırdı. İndi isə Rusiyanın bu bazardan da yavaş-yavaş sıxışdırılmasına başlanıb. Ötən həftə Tramp Amerikanın enerji dominantlığı erasının başlandığını elan etdi. Bu gün Tramp Polşada idi və Şərqi, Mərkəzi Avropa dövlətlərindən ibarət «Üç dəniz təşəbbüsü» (Baltik, Adriatik, Qara dəniz) ölkələrinin sammitinə qatıldı. Bunlar Rusiyadan güclü enerji asılılığı olan ölkələrdir, ABŞ isə yaxın gələcəkdə öz sıxılmış qazını (LNG) bu bazara çıxarmaq fikrindədir. (Artıq az miqdarda çıxarmağa başlayıb.)

Tramp bu gün bildirdi ki, ABŞ Polşa başda olmaqla, bu ölkələrin yeganə tədarükçünün, yəni Rusiyanın girovuna çevrilməsinə imkan verməyəcək. Əlbəttə ki, söhbət Rusiya qazının tamamilə bazardan sıxışdırılıb çıxarılmasından getmir. Burada əsas məqam ondan ibarətdir ki, bazara əlavə tədarükçünün gəlməsi bir tərəfdən rəqabət mühiti yaradaraq qiymətlərin enməsini şərtləndirir, qiymət bazarlıqlarında alıcıların əlini gücləndirir, digər tərəfdən isə monopolistin («Qazprom») mövqelərini sarsıdaraq onun strateji tədarükçü statusunu ortadan qaldırır.

ABŞ həm də özünün Avropa Birliyi içərisindəki yeni «qvardiyası» (Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist-kommunist ölkələri) ilə birlikdə Almaniya və Avstriyanın Rusiya ilə həyata keçirmək istədiyi yeni enerji layihəsi - «Şimal axını-2»ni əngəlləməyə çalışır ki, Rusiya Avropa enerji bazarında öz rolunu genişləndirə və dominantlığını davam etdirə bilməsin. Senatın Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiya sənədində bu məsələ də yer alıb.

Rusiyanı aqressivləşdirən digər səbəblər isə onun qərb sərhədlərində, Baltik-Qara dəniz regionunda NATO hərbi kontingentinin yerləşdirilməsi və NATO hərbi infrastrukturunun qurulmasından, eləcə də gözləntilərinin əksinə olaraq, Tramp hökumətinin postsovet məkanına müdaxilədən imtina etməyərək Ukrayna və Gürcüstana diqqəti davam etdirməsindən qaynaqlanır. (Bu barədə başqa yazıda söhbət açarıq.)