vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
11:51 | 12 iyul 2017 | Çərşənbə Məqaləyə 1831 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qərbin hüquq müdafiə təşkilatlarının Zəhra susqunluğu

Dünyanın istənilən yerində baş verən kiçik bir insidentə reaksiya verənlər uşaq qətliamı ilə bağlı susur

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Tarix boyu dinc, silahsız mülki şəxsləri qətlə yetirmək, hədəfə almaq ermənilərin, daha sonra da Azərbaycan torpaqları üzərində qurulan Ermənistan adlanan dövlətin başlıca siyasəti olub və bu çirkin siyasət davam edir. Son günlər Füzulinin Alxanlı kəndində azyaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirilməsi dünya mediasının ən çox müzakirə etdiyi məsələlər sırasındadır. Bununla bağlı dünyanın bir sıra ölkələrində Ermənistan səfirlikləri və nümayəndəlikləri qarşısında etiraz aksiyaları keçirilir, işğalçı dövlətin siyasəti pislənilir.

Şübhə yoxdur ki, Ermənistan bu qətliamla dünya ictimaiyyətinin gözündə bir daha alçalmış, kiçilmiş oldu. Dünya mediasının faciə ilə bağlı obyektiv xəbərləri sözsüz ki, təqdirəlayiqdir və alqışa layiqdir. Öz peşə vəzifəsini vicdanla yerinə yetirən bu nəşrlər nəhayət ki, işğala məruz qalanla işğalçını seçməyə müvəffəq olurlar və bu fakt da Azərbaycanın haqq işinin ədalətli olmasından xəbər verir. Lakin maraqlı olan odur ki, fəaliyyətlərində insan haqlarının qorunmasını əsas götürən bir sıra hüquq müdafiə təşkilatları nədənsə Zəhra Quliyeva və onun nənəsinin öldürülməsi faktına göz yumurlar. Halbuki, başqa vaxt dünyanın hər hansı bir ölkəsində kiçik bir insidentə belə dərhal reaksiya verir, bəyanatlar səsləndirirlər. Məsələn, götürək elə Ermənistanda polis binasını ələ keçirən qruplaşma üzərində keçirilən məhkəmə prosesini. Beynəlxalq hüquq-müdafiə təşkilatı - «Human Rights Watch» ötən gün bu proseslə bağlı bəyanat verib və bəyan edib ki, məhkəmə prosesində məhkumların hüquqlarının pozulmasına yol verilir, onların ən zəruri hüquqları pozulur. Hakimiyyət qarşısında polis binasını ələ keçirən və silahlı müqavimət göstərən «Sasna çrer» üzvlərinin döyülməsi ilə bağlı araşdırma aparılması tələbi qoyulub. Bəyanatda qeyd edilir ki, ittiham olunan dörd nəfərə qarşı fiziki zorakılıq hallarına yol verilib. Qurumun Cənubi Qafqaz məsələləri üzrə direktoru Georgi Qoqiya isə hətta bildirib ki, həbs olunanlara qarşı zorakılıq istənilən halda pislənilməli və buna yol verən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Maraqlıdır ki, bir neçə şəxsə qarşı polis zorakılığını diqqətdə saxlayan hüquq-müdafiə təşkilatı Dağlıq Qarabağda azyaşlı və yaşlı insanın qətlinə heç reaksiya belə, vermir. Budurmu özünü insan haqlarının qorunması üzrə bir nömrəli təşkilat elan edən «Human Rights Watch»un ədaləti? Təşkilatın saytında yerləşdirilən başqa bir xəbər isə İraqın Mosul şəhərində baş verənlərlə bağlıdır. Başqa bir hüquq müdafiə təşkilatı – «Amnesty International»ın da mövqeyi ondan fərqlənmir. Qurumun saytında İraq və koalisiya qüvvələrinin Mosul şəhərində özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşmanın yaraqlıları ilə mübarizədə «gərəksiz yerə güclü silahlar istifadə etdiyi» bildirilib. Təşkilatın hesabatında deyilir ki, onlar əhalinin sıx yaşadığı ərazilərdə ağır silah yerləşdiriblər. Yenə də Ermənistan hakimiyyətinin işğal altında olan Azərbaycan torpaqlarından Azərbaycan ərazilərini atəşə tutması və dinc sakinləri qətlə yetirməsindən bir kəlmə belə söhbət açılmır. Başqa bir hüquq-müdafiə təşkilatı - «Fredoom House»ın mövqeyi isə ümumiyyətlə yoxdur. Təşkilatın da saytında yerləşdirilən xəbərlər yalnız və yalnız ərəb ölkələrində yaşananlardan bəhs edilir. Hər üç qurum bir dəfə də olsun Azərbaycanın işğal altında olan torpaqlarında yaşananlarla bağlı işğalçını tənqid edən bəyanat səsləndirməyib. Daim BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən dəm vuran bu təşkilatlar nədənsə bir dəfə də olsun təşkilatın Azərbaycanın işğal altında olan ərazilərinin qeyd-şərtsiz azad olunması barədə qətnamələrini yada salmır.

Əgər dünya, beynəlxalq təşkilatlar, o cümlədən Avropa təsisatları, Avropa dövlətləri bu məsələyə səssiz qalacaqsa, demək, təhlükə davam edəcək, bölgə təhdid altında qalacaq, nəticədə körpələrin qətli də davam edəcək. Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu yaradılıb. Lakin Rusiya, Fransa və ABŞ-ın həmsədr olduğu bu qurumun nümayəndələri lazımsız icraçılara çevrilib və onlar bu prosesi yalnız imitasiya edirlər. Həmsədrlər bu illər ərzində kimin işğalçı, kimin işğalın qurbanı olduğuna belə qərar verə bilməyib. Yaddan çıxarmaq gərək deyil ki, məhz beynəlxalq institutlarının bu cür reaksiyası nəticəsində Ermənistan daha güclü təcavüzkar siyasət yürüdür.

Yeri gəlmişkən, Qərb ölkələrinin, nüfuzlu təşkilatlarının işğalçını dəstəkləyən mövqeyinə dair Türkiyə mətbuatında maraqlı bir material dərc edilib. Qeyd olunur ki, postsovet məkanında insan haqlarının pozulmasını araşdıran «Human Right Watch» təşkilatı hələ də baş verən faciəyə reaksiya verməyib və burada sadə bir misal da çəkilir. Söhbət 10 yaşlı Briton Çarli Qardın dramından gedir. O, nadir genetik, yəni mitoxondrial xəstəliklə doğulub. Bu, çox nadir xəstəlikdir. Həkimlərin sözlərinə görə, dünyada yalnız 16 nəfərdə bu xəstəlik var. Briton Çarli Qard hazırda eşidə, görə, hərəkət edə, ağlaya, yaxud udquna bilmir. Təəssüf ki, artıq onun beyin travması müalicə edilə bilməz. Buna görə həkimlər uşağı onu həyatda saxlayan qurğudan ayırmaq qərarına gəlib. Lakin Çarlinin valideynləri bunun əleyhinədir. Britaniya cəmiyyətinin bir qismi valideynləri dəstəkləyir. ABŞ prezidenti Donald Tramp belə, gözlənilmədiyi halda bu məsələyə reaksiya verib. O, uşağın valideynlərinə yardımını təklif edib. ABŞ prezidenti «Twitter» hesabından yazıb ki, «əgər biz Böyük Britaniyadakı dostlarımızın və Papanın istədiyi kimi, balaca Çarli Qardın həyatını xilas edə biləcəyiksə, bundan çox şad olardıq». Roma Papası Fransisk də bu məsələ ilə bağlı bəyanat verib. Sözsüz ki, Roma Papası və Donald Trampın bu jestləri təqdirəlayiqdir. Lakin təəssüf ki, nə onların, nə də adları yuxarıda qeyd olunan beynəlxalq təşkilatların azərbaycanlı Zəhra Quliyevanın öldürülməsi ilə bağlı mövqeyini hələ də müşahidə edə bilmirik.