vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
13:32 | 23 iyul 2017 | Bazar Məqaləyə 3452 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kabus qatar

Qəribə tarixçəsi olan şeir

Elçin MİRZƏBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Mətbuat Şurasının tədbirində iştirak etmək üçün həmkarlarımla birgə Gəncəyə getmişdim. Rəşad Məcid və Akif Aşırlı isə qatarla gəldilər. Ertəsi gün səhər tezdən otelin qarşısında görüşdük. Rəşadın gözləri dolmuşdu, üzündən nisgil yağırdı. Nə baş verdiyini soruşdum. Sonuncu dəfə 25 il öncə qatarla Ağdama getdiyini dedi... Keçirdiyi hissləri danışdı. Əslində danışmasaydı da olardı, onsuz da hər şey gözlərindən oxunurdu. Keçirdiyi hisslərlə bağlı bir şeir yazmağımı istədi. Söz verdim, «yazacağam» dedim...

Rəşadın hisslərini bir neçə gün yenidən və yenidən yaşadım. Ruhum sarsıldı...

 

Nisgil var gecənin qaranlığında,

Sükuta bürünüb Bakı vağzalı…

Gözlərim yol çəkir yol ayrıcında…

İçim başdan-başa gözləmə zalı…

 

Uyuyur saçımda izi illərin -

Bir kövrək baxışa, sığala möhtac.

Dolaşıb kələfi xatirələrin -

Üfüqlər dolanbac, yollar dolanbac…

 

Dünənə aparan yollar uzaqda,

Qapısı bağlıdır hələ yolların…

Dayanıb sakitcə dayanacaqda

Yolunu pusuram ayrılıqların…

 

***

 

Sükuta bürünüb vağzal,

Sükuta…

Bir dil istəyirəm dindirə məni…

Bir əl istəyirəm əlimdən tuta

Ağdam qatarına mindirə məni…

 

***

 

…Saata baxıram:

«Hələ vaxta var…»,

Bələdçi perronda kölgə tək susur...

Gözümdə yol gəlir bir kabus-qatar

İçimdə yol gəlir həsrət kabusu…

 

«Bələdçi, bələdçi!

Niyə donmusan?

Danış!

Din!

Cavab ver!

Açılsın səsin!

De, «qatar Ağdama gedir…»

De, qardaş…

De, «yanlış yazılıb «Gəncə» lövhəsi».

 

…Bələdçi biletə baxır sakitcə,

…Bələdçi nə bilsin içimdə nə var?

Lövhədə «Gəncə»di,

biletdə «Gəncə»,

Gözümdə…

«Ağdama gedir bu qatar».

 

***

 

…Bu qatar Gəncəyə gedir…

Gəncəyə…

Bəlkə də Ağdama gedib nə vaxtsa.

Bəlkə bir iz tapdım, «təsəlli», - deyə

Dəhlizə boylansam, kupeyə baxsam…

 

***

 

...Kupe də bənzəyir həmin kupeyə,

Dəhliz də bənzəyir, pəncərələr də...

Elə bu qatarla, elə bu yolla...

Qaçmaq istəyərdim xatirələrdən.

 

Kupedə sükut var...

Bu dəli sükut

Bir yetim təsəlli yoğura bilmir...

Kirpiyim altında titrəyən bulud

Bir damla göz yaşı doğura bilmir.

 

Xatirə qoxuyur aldığım nəfəs...

Hayqırır geri dön, geri dön, Rəşad!

Mənə divan tutur içimdəki səs:

«Bu qatar Ağdama getmir, en, Rəşad!».

 

...Siqaret tüstüsü dolur gözümə

Dumana bürünür xatirələrim.

Hardasan, ey mənim itkin qatarım?!

Hardasan, ey mənim qərib şəhərim?!

 

***

 

…Hər gecə Ağdama bir qatar gedir

Ayrılıq daşıyır…

Qayıtmır geri…

Hər gecə Ağdamdan bir qatar gəlir -

Didərgin ruhlardı sərnişinləri…

Didərgin ruhlardı sərnişinləri…