vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNEY  
12:30 | 27 iyul 2017 | Cümə axşamı Məqaləyə 1645 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Körpü»

Güneylə-Quzeyi birləşdirən veriliş

Babək MUĞANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

İllər uzunu Şimali Azərbaycan Radiosunun Cənubi Azərbaycan üçün hazırladığı verilişlər sərhədləri aşıb Cənubi Azərbaycanlıların evlərində sədalanırdı. Hələ o vaxtkı verilişlərdən: «Bulaq dədə», «Çeşmə», «Sözlü-nəğməli sətirlər» və s. verilişlərə qulaq asırdıq.

Bütün verilişlərin içərisində ən çox sevdiyim və sevə-sevə dinlədiyim «Körpü» verilişi olub.

1987-ci ildə ilk dəfə «Körpü» verilişinə təsadüfən qulaq asdım və çox xoşuma gəldi. Demək olar ki, o gündən başlayaraq bəlli vaxtlarda dostlarla yığışıb «Körpü»nü dinləyirdik. O zaman gözəl və mehriban səsi ilə verilişin aparıcısı rəhmətlik Gültəkin xanım Cabbarlı idi.

«Körpü» yarandığı gündən Quzeylə-Güney arasında qırılmaz tellər və sınmaz körpü yaratdı. 

Verilişə göndərilən məktublardan bəlliydi ki, həm Quzeyin, həm də Güneyin bütün şəhərlərində- kəndlərində özünə yer tapırdı - o həsrət, nisgil dolu məktublar.

O gündən mən də «Körpü»nün daimi dinləyicilərindən biri oldum. 

Təbriz, Tehran, Səlmas, Ərdəbil, Xiyav, Germi, Muğan, Bakı, Gəncə, Bərdə, Füzuli, Cəlilabad, Biləsuvar, Şəki - bir sözlə, Bütöv Azərbaycanın şəhərlərindən gələn məktublardan məlum idi ki, artıq hamı «Körpü»yə qulaq asırdı.

Bir gün qərara gəldim ki, mən də sevimli verilişimə məktub yazım. İlk məktubu çətin də olsa kiril əlifbası ilə yazmağa başladım. «Salam, ƏZİZ «KÖRPÜ»! ...» və bir neçə «Körpü» dinləyicilərinə də salam yazdım.

Məktubu şəhərimizin mərkəzində olan poçt qutusuna atdım. Amma bir az da qorxurdum ki, məktubu açıb oxuyarlar və mənə irad tutarlar ki, sən Şurəviyə (SSRİ-yə) niyə məktub yazırsan? Çox çəkmədi ki, bu qorxu sevinclə əvəz edildi. 

Bir gün axşam çağı mənim məktubumu «Körpü»də oxudular: - «Cənubi Azərbaycanın Parsabad şəhərindən Babək Muğanlı yazır: - «Əziz «Körpü» mən sizə daima qulaq asıram. Mənim salamlarimi Ətayə Əkbərovaya, Gülarə Bağırovaya və Ağarəhim Rəhimova çatdırın».

Beləcə mənim «Körpü»yə məktublarım çoxalmağa başladı.

Bir gün mağazamda oturmuşdum bir sinif yoldaşım (hansı ki şəhərimizin poçtunda işləyirdi) içəri girib, gülə-gülə - «O taydan sənə məktub var» - dedi. Doğrusu heç inanmağım gəlmədi. Çantasını açıb bir məktub çıxardı və «inanmırsansa al, bax» - dedi.

Birinci Şimal qoxulu məktub Ətayə xanım Əkbərovadanıydı. Qonşu dükançı dostlarım da yığışdılar başıma ki, «Aç oxu görək nə yazırlar». 

Bundan böyük sevinc olardımı? O məktubu dönə-dönə oxudum: - «Əziz qardaşım Şahdust Mirzayi, sizə Şimali Azərbaycandan atəşin salamlar!»

Bir müddət sonra məktubların sayı çoxaldı və həmçinin dostların da sayı artdı.

Aşağıda adlarını çəkəcəklərim, «Körpü»nün daimi dinləyiciləri və məktublaşdığım dostlarımdırlar - Bərdənin Qazaxlar kəndindən Ətayə Əkbərova, Salyandan Gülarə Bağırova, Lerikin Çayrud kəndindən Əfiqə Rzabəyli, Füzulidən Yeganə və Gülanə Məcnunova bacıları, yenə Füzulinin Qazaxlar kəndindən Vəfa Şirinova, Tərtərin Xoruzlu kəndindən Qəmər Orucova, Kürdəmirdən Zemfira Zərbəliyeva, Astaradan Ağarəhim Rəhimov, Aydın Zeynalov və başqa adlarını unutduqlarım da məni bağışlasınlar. Cənubdan Əli Məhəmmədpur, Aqşin Ağkəmərli, Hüseyn Siyami, Rəsul Atəşi, Zöhrə Meşkini, Fazil Əlizadə, Piruz Dilənçi, Huşəng Rizayi və başqaları.

İndi də o gələn məktubların hamısını qoruyub saxlayıram. Şimaldan gələn şəkillər evimin divarlarını bəzəyir.