vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
09:00 | 28 iyul 2017 | Cümə Məqaləyə 948 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tərəfimizi necə seçməliyik?

Politoloqlar düşünür ki, bu ABŞ-Rusiya konfliktinin Azərbaycana birbaşa aidiyyəti yoxdur və...

Nərgiz LİFTİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-Rusiya münasibətləri yenidən gərginləşib. Dünyanın ən güclü iki dövləti arasında soyuq küləklərin əsməsinin səbəbi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsi olub. ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və KXDR-ə münasibətdə sanksiyaların sərtləşdirilməsi və prezident Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qanun layihəsini bəyənib. Prezident bundan sonra sanksiyaları yalnız konqresin icazəsi ilə yumşalda, yaxud ləğv edə bilər.

Qanun layihəsi görünməmiş yekdilliklə - 3 səsə qarşı 419 səslə qəbul olunub.

Sənəd Senat tərəfindən dəstəkləndikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək. Qanun layihəsinin qəbulu zamanı respublikaçılar və demokratlar nadir hallarda təsadüf olunan həmrəylik nümayiş etdirib və bildiriblər ki, sanksiyalar Krımın anneksiyasına, Rusiyanın Ukraynanın şərqindəki hərəkətlərinə və ABŞ-da prezident seçkilərinə müdaxiləsinə görə tətbiq olunur.

RF Dövlət Dumasında isə bildiriblər ki, qanun layihəsi Amerika-Rusiya münasibətlərinin bərpa olunması imkanlarına zərbə vurur və təkcə Rusiyaya deyil, ABŞ-ın Avropadakı tərəfdaşlarına qarşı da yönəlib.

Bu iki nəhəng dövlət arasında münasibətlərin kəskinləşməsi bəzi hallarda Azərbaycanı da seçim qarşısında qoyur. Biri dünyanın lider dövləti , digəri isə ən yaxın və ən təhlükəli qonşumuz. Bəs görəsən, bu konfliktdə Azərbaycan kim tərəfində olmalıdır? Azərbaycan siyasi şərhçiləri, analitikləri ABŞ-Rusiya konfliktində kimin yanındadırlar?

«Yeni Müsavat» bu sualla politoloqlar arasında sorğu keçirib.

Politoloq Arzu Nağıyev sualımıza cavab olaraq bildirdi ki, Azərbaycan hər iki dövlət arasında balanslı siyasət aparır: «Düşünürəm ki, Azərbaycan öz balanslı siyasətini aparır və bu həm də xarici siyasətə aiddir. Siyasətçilərə gəldikdə isə reallıq ən gözəl meyardır. Azərbaycan dövlətçiliyi baxımından hər iki dövlətin apardığı siyasət nəzərə alınmalı və bundan çıxan nəticələr əsasında qərarlar verilməlidir».

Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, ABŞ-la Rusiya arasındakı gərginliyin Azərbaycana aidiyyəti yoxdur: «Buna görə də Azərbaycan neytral qalmalıdır. Doğrudur, Rusiyanın regional siyasətindən narazıyıq. Ancaq bu o demək deyil ki, Qərbin Rusiyaya qarşı yürütdüyü siyasətdə biz Qərbin yanında olmalı və bununla özümüzü alovun içinə atmalıyıq. Buna baxmayaraq, Azərbaycan ABŞ-la da strateji tərəfdaşlığını davam etdirməlidir. Əlbəttə, bu, Rusiyada kimlərinsə və hansısa mərkəzlərin xoşuna gəlmir və gəlməyəcək. Ancaq biz Amerika ilə yaxınlığı kiminsə xoşuna gəlib gəlməmək üçün həyata keçirmirik. Bu, Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğundur ki, bizə münasibəti yaxşı olan dövlətlə biz də yaxşı münasibətlər quraq».

Siyasi analitik Vüqar Zifəroğlu da bildirdi ki, Azərbaycan balanslı siyasət yürütməkdə davam etməlidir: «Mən bu iki dövlətdən heç birinin tərəfində deyiləm. Çünki hər iki tərəfin Azərbaycana münasibəti obyektiv deyil. Bölgədə geosiyasi maraqları olan güclü dövlətlər olaraq, istər bölgəsəl münaqişələrə, istərsə də region ölkələrinə yalnız öz maraqları və hədəfləri çərçivəsində münasibət sərgiləyirlər. Azərbaycan indiyə kimi necə balanslı siyasət yürüdübsə, o cür də davam etdirməlidir. Dövlətimizin çoxvektorlu balanslaşdırılmış xarici siyasət kursu var. Azərbaycanın öz maraqları və hədəfləri var. İstər ABŞ, istərsə də Rusiya ölkəmiz üçün ciddi əhəmiyyət daşıyan və regionda nüfuzları olan güclərdir. Hər iki ölkə ATƏT və Minsk Qrupunun həmsədrləridir. Biz təbii ki, bu faktorları nəzərə alırıq».

Politoloq Şahin Cəfərlinin fikrincə, ABŞ-Rusiya gərginliyinin bir çox səbəbləri var və onlardan iki əsas səbəbi göstərmək olar: «Birinci səbəb Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatizm ocağı yaratmasıdır. İkinci səbəb isə Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsidir. Münasibətlər məhz bu iki hadisəyə ABŞ-ın reaksiya verməsindən sonra gərginləşib. Ukrayna məsələsinə görə ABŞ-ın mövqeyi tam haqlıdır və beynəlxalq hüquq normalarına uyğundur. ABŞ Krımın ilhaqını tanımır və Donbasdakı separatizmi qınayaraq Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir, bu hadisələrlə əlaqədar Rusiyaya sanksiyalar tətbiq edir. Seçkilərə müdaxilə olayına gəldikdə isə, Rusiya faktiki olaraq ABŞ-ın müqəddəs saydığı dəyərlərdən biri olan demokratik seçki prosesinə müdaxilə edib. Təbii ki, ABŞ kimi bir dövlət bu müdaxiləni cavabsız qoya bilməz. Keçmiş prezident Barak Obama bu hadisəyə görə Rusiyaya qarşı bəzi sanksiyalar tətbiq etdi, Rusiyanın ABŞ-dakı 35 diplomatını ölkədən qovdu. Konqresin qəbul etdiyi son sanksiya qanunu da Rusiyanın həm seçki prosesinə müdaxiləsinə, həm də Ukraynada törədiklərinə cavabdır. Ona görə də, ABŞ-Rusiya qarşıdurmasında Vaşinqtonu haqlı sayıram. Ümumiyyətlə, ABŞ-ın Rusiyaya təzyiqi artırması və onu zəiflətməyə çalışması Azərbaycanın maraqlarına uyğundur».

Siyasi şərhçi Azər Rəşidoğlu isə suala cavab olaraq bildirdi ki, Azərbaycanın gələcəyi Avroatlantik məkana inteqrasiya ilə bağlıdır: «Bu baxımdan, əksər politoloqlar Qərbin tərəfdarı kimi görünür. Lakin bu belə deyil. Azərbaycan öz siyasətində İran və Rusiya amilini də nəzərə almağa məhkumdur. Bəziləri ABŞ-a xoş gəlmək üçün bu amili nəzərdən qaçırır. Bu, yanlış yanaşmadır. Hesab edirəm ki, Bakının yalnız bir strateji müttəfiqi var - Türkiyə. Türkiyə ilə Azərbaycanın maraqları əsasən eynidir. Yalnız yenə də hər ölkənin öz maraqları var və istisna deyil ki, müəyyən hallarda bu maraqlar toqquşa bilər».