vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜBAHİSƏ  
09:57 | 11 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 2614 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənilərin evini yıxa bilərik»

Elxan Mehdiyev: «Onların vəziyyəti daha çətin olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün dünyanın əsas mövzusu Ukrayna ərazilərinin ilhaq edilməsi, Krım vilayətində və ətraf regionlarda Rusiyanın işğalçılıq siyasətinin hansı sonluqla bitəcəyi məsələsidir. (musavat.com)

Odur ki, qanlı vətəndaş müharibəsi gedən Suriya məsələsi, yaxud İran, Əfqanıstan və digər ölkələrdə yaşanan proseslər kimi Azərbaycanın işğal altında qalmış əraziləri mövzusu da arxa plana keçib. Düzdür, bugünlərdə Rusiyanın Minsk Qrupundakı həmsədri Azərbaycan və Ermənistan XİN başçılarının bir araya gətiriləcəyinin anonsunu verib.

Ancaq şübhə yoxdur ki, dünya Rusiyanın işğalçılıq siyasətinə qarşı birləşdiyi zamanda Moskvanın bu davranışları sadəcə görüntü xarakterlidir. Real situasiyanı şərh etmək üçün Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyevə müraciət etdik.

 

- Elxan bəy, Azərbaycan əraziləri on illərdir işğal altında qalmaqda davam etsə də, təskinliyimiz bundan ibarətdir ki, hələlik Dağlıq Qarabağla bağlı Kosova variantı qəbul olunmayıb. Bu mənada Krım olaylarından sonrakı Qarabağın taleyini necə görürsünüz?

- Artıq Rusiya Krımda işin hərbi yolla həlli məsələsini başa çatdırıb, burada Ukraynanın hakimiyyət strukturlarını hərbi yolla devirib, hərbi və təhlükəsizlik qüvvələrini tərk-silah edib, dəyişdirib, digər tərəfdən də Krım parlamentinə hərbi yolla partiyası 3 faizlik səs qazanan öz adamını təyin edib. Rusiya bundan sonra daha çox hərbi blokadaları minimuma endirəcək. Bəlkə də bütün hərbi qüvvələri çıxardacaq və elan olunan «Krım Respublikası»nın özünün hərbi qüvvələrini yaradacaq, özü isə öz bazasına çəkiləcək. Ardınca orda referendum keçirib Krımın ya müstəqilliyini, ya Rusiyaya birləşmə qərarını elan edəcək. Bununla da həm Avropa, həm Amerikaya, həm də Kiyevə deyəcək ki, burda bizim heç bir rolumuz yoxdur, məsələlər hüquqi müstəvidə gedir, Krım xalqı öz müqəddəratını təyin edib və Ukrayna ona qarşı güc işlətməməlidir. Əgər güc işlədərsə, onda Rusiya da prosesə müdaxilə edə bilər. Bax, bu cür davam edəcək. Krım hakimiyyəti Ukraynanın mərkəzi hakimiyyətini tanımayacaq, faktiki olaraq Rusiya ilə işbirliyində olacaq. Beləliklə, bu danışıqlar Dağlıq Qarabağ məsələsi, erməni işğalı kimi davam edəcək. Krım de-fakto Rusiyanın olacaq, amma hüquqi baxımdan Ukraynanın tərkib hissəsi sayılacaq, yəni Dnestryanı, ya Abxaziya məsələsində olduğu kimi situasiya yaranacaq. 

 

- Ermənistan, Qarabağ erməniləri üçün Krım məsələsi hansısa dividentlər vəd edirmi?

- Onu vəd edir ki, ermənilər də bu vəziyyətdə Rusiyanın yanında olacaqlar və MDB çərçivəsində yaxşı təbliğat qura biləcəklər. Amma əgər Azərbaycan tərəfi yaxşı işləyə bilsə, beynəlxalq aləmdə ermənilərin arqumentləri zəif olacaq. Azərbaycan tərəf düzgün addım atarsa, ermənilərin Qarabağ məsələsində Rusiya ilə eyni ssenarini həyata keçirdiyini Avropa və Amerikaya göstərsə, o zaman əksinə, ermənilərin vəziyyəti daha çətin olacaq. Amma digər tərəfdən Minsk Qrupunda Rusiya, Fransa və Amerika olduğundan işğal uzanacaq. Çünki artıq bu ölkələr bir-biri ilə yarı-düşmən vəziyyətinə gəlib. Onların birlikdə bu işğalı aradan qaldırmaq üçün birgə işləməsi üzdə görünsə də, əslində baş verməyəcək. 

 

- Krım hadisələrindən sonra Rusiyanın Qarabağ məsələsinin ədalətli həllinə heç vaxt razı olmayacağı şübhəsizdir. Bu mənada Azərbaycanın Minsk Qrupundan imtinasını, yaxud Rusiyanın prosesdən uzaqlaşdırılmasını ciddi şəkildə ortaya qoya bilərmi?

- Yox, Azərbaycan Rusiyanın Minsk Qrupundan çıxmasını tələb edə bilməz. İkincisi, Rusiyanın bu qrupdan çıxması ağılsızlıq olardı. Çünki digər iki ölkə çıxsa da, Rusiya çıxmalı deyil. Çünki Rusiya burda söz sahibidir və orda olmalıdır.

 

- Ukraynanın yeni hakimiyyəti ərazi bütövlüyünün təmin olunmasında israrlı mövqe nümayiş etdirir. Sizcə, beynəlxalq aləm bu məsələyə nə qədər prinsipial yanaşacaq? 

- İndiyə kimi nə Avropa, nə də Amerikada bir ölkənin ərazi bütövlüyü və suverenliyi bu qədər vurğulanmayıb. NATO-nun baş katibi, ABŞ prezidenti, dövlət katibi, Avropa Birliyinin liderləri, Avropa ölkələrinin başçıları hamısı Krım məsələsinə ərazi bütövlüyü prinsipindən yanaşır. Bu baxımdan Azərbaycan üçün avantajlı durumdur. Digər tərəfdən, Azərbaycan tərəf ən azı bağlı qapılar arxasında Rusiyanın Qarabağ məsələsində bu qədər mənfi rol oynadığını deyib, amma onun mövqeyini həmişə qulaqardına vurublar. Bu vəziyyətdə isə Azərbaycanı dili o qədər uzundur ki, həmin Amerika, NATO, Avropa Birliyi liderlərinə bizim 20 ildir Ukraynanın indiki vəziyyətində yaşadığını açıq şəkildə çatdıra bilər. Çünki indiki dönəmdə Azərbaycanın bu arqumentləri iki ay bundan qabaqkı ilə müqayisədə daha inandırıcıdır.

 

- Amma Azərbaycan ondan ehtiyatlanır ki, Rusiya bu mövqedən daha da qəzəblənə və ona sarsıdıcı zərbə endirə bilər. Bu ehtimal nə qədərdir?

- Bu məsələnin Rusiya ilə qarışacağı yoxdur. Azərbaycan bu məsələləri qaldırırsa, təbii ki, birbaşa Rusiyanın üstünə getməli deyil. Yəni bu, qapalı danışıqlarda müzakirə mövzusu olmalıdır. Biz deyirik ki, ermənilər bu cür yolla torpaqlarımızı işğal edib. Bizim davamız hər yerdə bu olmalıdır. İkincisi, mən özümün apardığım bir davanı sizə demək istəyirəm. ABŞ dövlət katibinin 1-ci müavini Ceyms Stemberqlə, ABŞ-ın burdakı səfiri, Dövlət Departamenti rəsmiləri, həmsədrlərlə görüşmüşəm və onlara sual etmişəm ki, nəyə görə siz Abxaziya və Osetiyanın separatçı liderlərinin Amerikaya gəlməsinə viza vermirsiniz, amma Dağlıq Qarabağ ermənilərini sevinclə qarşılayır, hamısına viza verirsiniz? Stemberqlə bizim mübahisəmiz də oldu. O bildirdi ki, mənim heç bu işdən xəbərim yoxdur. Elə o vaxt bizim görüşümüz vaxtı Dağlıq Qarabağ ermənilərinin lideri gəlib Kaliforniyada marafon təşkil edirdi, pul toplayırdı. Ancaq bugünlərdə prezident Obama, dövlət katibi Kerri dedi ki, kimlər ki, Krımda Ukraynanın ərazi bütövlüyünə qarşı separatçı məsələlərdə iştirak edib, orda insan haqlarını pozan işlər görüb, onların heç birinə Amerikaya və Avropaya viza verilməyəcək. Bu qayda eynilə Rusiya rəsmilərinə də aid etdilər. Amma ilk növbədə Krımdakı dairələrə, Ukraynadan ayrılmaqla bağlı qərar qəbul edən, separatçılıqla məşğul olan bütün şəxslərə aid edilib. Həmin şəxslər siyahıya alınıb və onların hamısına viza qadağası qoyulacaq. Onda Amerikadan soruşulmalıdır ki, nəyə görə belə fərqli münasibət var? Bəli, biz bunu ikiəlli dəstəkləyirik ki, siz düz edirsiniz. Ancaq nəyə görə bu qayda Abxaz və Cənubi Osetiya separatçılarına da tətbiq edildiyi halda, Dağlıq Qarabağ erməniləri istisnadır? Hələ krımdakılar Dağlıq Qarabağ erməniləri kimi heç kimin başını da kəsməyib, gözünü çıxartmayıb. Amma separatçı erməniləri Dövlət Departamentində qəbul edirlər. Amerika bu fərqli münasibətin səbəbini izah etməlidir. Azərbaycan tərəfi ikitərəfli danışıqlarda bu məsələləri prinsipial olaraq qoymalıdır.

 

- Bugünlərdə ABŞ Konqresi işğalçı Ermənistanla müqayisədə Azərbaycana daha az maliyyə yardımı ayırdı. Bunun səbəbi nədir?

- Səbəb odur ki, hələ 1991-ci ildən müstəqillik qazanandan sonra Ermənistan dünyada İsraildən sonra ikinci ölkə idi ki, Amerikadan adambaşına görə çox yardım alırdı. O zaman Azərbaycanın büdcəsi 30 milyon deyildi, ancaq Ermənistan Amerikadan 100 milyon alırdı. Bu, o vaxt idi ki, ermənilər Azərbaycan torpaqlarını işğal edirdi. Ona görə də bu, o vaxtdan, 1991-ci ildən başlayan prosesdir. Əksinə, ozamankı 102 milyon indi 25-30 milyona enib. Təbii ki, Konqresdə 140 nəfərə yaxın erməni lobbi qrupu var və onlar aktiv işləyirlər. Hətta onlar Ermənistan üçün daha çox pul istəyir, hakimiyyət isə hər dəfə vəsaiti azaldır. Çünki hamıya azaldıblar. Azərbaycanın durumuna baxıblar ki, onun hərbi büdcəsi Ermənistanın bütöv dövlət büdcəsindən çoxdur. Onda Amerikanın Ermənistana verəcəyi yardım təbii ki, Azərbaycandan çox olacaq.

 

- Rusiya referendumdan sonra öz müstəqilliyini elan edən Krımı müstəqil subyekt kimi tanıyarsa - buna heç şübhə də yoxdur - ardınca Qarabağ məsələsi ciddi şəkildə gündəmə gələ, Ermənistan, ardınca Rusiya Dağlıq Qarabağdakı qondarma rejimin də müstəqilliyini rəsmiləşdirə bilərmi?

- Rusiya Krımı tanımayacaq. Ancaq elə vəziyyət yaranacaq ki, o, Ukraynanın da olmayacaq. Həmişə bu yolu tutacaq ki, siz özünüz danışın, məsələni həll edin. Necə ki, Azərbaycana və Ermənistana deyirlər. Eyni ssenari gedir. Sadəcə, onun fərqli tərəfləri ola bilər. Orda getdikcə vəziyyət normallaşdıqca Rusiyanın «qəzəbi» keçəndən sonra orda müxtəlif xalqlar yaşadığından və bu, aşağı profilli münaqişə olduğundan gələcəkdə Ukrayna mərkəzi hökumətini tanımasa da, Krımın Ukrayna ilə əlaqələri olacaq. Yəni Rusiya de-fakto Krımı tanıyacaq, onunla hər cür əlaqələr quracaq. İndidən Rusiya bütün sahələrdə hərəkətə keçib ki, Krımla ikitərəfli iqtisadi münasibətlər qursun, oraya yatırım qoysun, biznes sahələri açsın. Faktiki olaraq Moskva Krımı iqtisadi cəhətdən Ukraynanın əlindən almaq istəyir. Hərbi cəhətdən də artıq Ukraynanın ora girməsinə imkan verməyəcək. Hüquqi cəhətdən isə Ukrayna Krımı tanımayacaq, onların isə özlərinin statusu olacaq. Bu məsələ də Kiprin statusu, yaxud indiki işğal altındakı Azərbaycan əraziləri kimi qalacaq. Amma Krım məsələsindən sonra Rusiya Dağlıq Qarabağın tanınmasına getməyəcək və bu cür situasiya davam edəcək. Çünki artıq həmsədr ölkələr bir-biri ilə münaqişəli vəziyyətdədir. Azərbaycan gözləyir ki, bu məsələni həmsədrlər həll edəcək. Ancaq həmsədrlərin özlərinin də öz aralarında münaqişəsi var, bunu neçə ilə həll edəcəklər, Allah bilir. Nəyə görə Azərbaycan və Ermənistanı həmsədrlər bir araya gətirməlidir? Əgər məsələ diplomatik, dinc yolla həll olunursa, Azərbaycan tərəfi təkidlə ermənilərlə görüşə nail olmalıdır. Elmar Məmmədyarov yanvar ayında dedi ki, biz konkret məsələlərdən danışdıq. Bəs onda 2004-cü ilin aprel ayından - Praqa prosesindən bəri nədən danışılıb?

 

- Bəzi ekspertlər güman edir ki, Rusiyanın başının qarışdığı bu günlərdə Azərbaycan hərbi əməliyyatlara başlayarsa, dünyanın da dəstəyini qazana bilər...

- Bunu demək asandır. Ancaq dəqiq araşdırılmalıdır ki, Azərbaycan ordusu və siyasi rəhbərlik buna hazırdırmı? O qədər bu cür və bundan da daha yaxşı imkanlar olub. Mən düşünmürəm ki, indi münbit şərait yaranıb. Rusiyanın heç də başı qarışmayıb. O, bir əmrini verəcək və istənilən addım atılacaq. Əgər nəzəri yanaşsaq, Rusiyanın Qafqazdakı ordusu yetər ki, burdakı məsələni də həll etsin. Rusiya böyük müharibəyə girməyib ki, başı qarışsın. Ancaq nəhayət, hərəkətə keçmək lazımdır. Artıq Şuşanın işğalından 22 il keçir. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını əkib-becərir və elə bilirlər ki, bu ərazilər onlara məxsusdur. Qanunsuz məskunlaşma həm Avropa, həm Amerikada ən qəbul edilməyən haldır. Nəyə görə Azərbaycan Avropa, BMT-də fakt toplayan missiya, beynəlxalq komissiyanın işğal altındakı ərazilərin araşdırılması məsələsini ciddi şəkildə qoymamalıdır? Əgər bu məsələ qoyulsa, beynəlxalq aləm ona çox anlayışla yanaşacaq. Azərbaycan məsələ qoymalıdır ki, bütün işğal altındakı ərazilər yer üzündən silinib. Bu da hərbi cinayətdir. Beynəlxalq komissiyanın görəcəyi bu işlərə Azərbaycan cəmi 1 milyon vəsait ayırsa, kifayətdir. Bütün talan edilmiş sərvətlərin inventarlaşmasını aparıb ortaya raport qoymaqla ermənilərin evini yıxa bilərik. Avropadan hüquqşünaslar gətirə bilərik ki, Xocalı soyqırımı cinayətlərini araşdırsın, şahidləri dinləsinlər. Azərbaycan Serj Sərkisyan, Ohanyan və digərlərinin Avropaya səfərlərinə qadağa qoyulmasına da çalışmalıdır. Ermənilər Ramil Səfərovun həbsdən buraxılmasına görə bütün dünyanı Azərbaycanın üstünə qaldırmışdı. Əgər Ermənistanın etdiyi cinayətləri Azərbaycan etsəydi, ermənilər indi bizi məhv etmişdilər.