vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
HƏYATIN DİBİ  
19:08 | 25 aprel 2014 | Cümə Məqaləyə 3992 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gəmidə işləmək istədim, dənizçilər məni...»

«Mənə ana demək olar? Niyə doğdum onları? Yerim cəhənnəm olacaq»

Faiq BALABƏYLİ

Adı Mariyadır. 20 ildən çox olar ki, tanıyıram. O zamanlar o, qəşəng qız idi. Arxasınca düşənlər də az deyildi. İndi səfil və kimsəsiz olan bu qadın «Lenkombinat»ın (indiki H.Z.Tağıyev adına toxuculuq fabriki) toxuculuq məktəbində oxuyur və elə həmin müəssisənin də yataqxanasında qalırdı. Əksəriyyəti yetimxanalarda böyüyən qızlar təhsillərini başa vurub burada işlə təmin olunar, ailə qurardılar.

Mariya və onun bir çox rəfiqəsinin axşamlar əyləndiyi yer yaxınlıqdakı Liman bazada dayanan gəmilər olardı. Ümumiyyətlə, dənizçiləri reys arası boş dayananda bura gələr və dostluq etdiyi qızları axşam yataqxanadan götürər, gəzməyə gedərdilər. Qızların əksəriyyətinin bir neçə dostu olardı ki, bu da onların «boş dayanmamasına» şərait yaradardı. O qızlardan çoxu indi ərdədir. Ana, hətta nənə olanları da var. Ötən günləri ancaq xatirələrdə yaşatsalar da, söhbətlərdə o günlərə dönmək belə istəmirlər. Hər halda, təsadüfdən-təsadüfə qarşılaşdığım həmin xanımlardan bəziləri ilə o günlərin şirinliyini «yaşamaq» mümkün olmayıb.

Dənizçilər qızları gəmiyə gətirmişdilər

Mariyanı da sevən vardı. O, şənlənməyi xoşlayırdı. Gözəlliyi ilə çoxunun diqqət mərkəzində idi.

Bir gün onun ərə getməsi haqda eşitdik. Aleksey adlı bir dənizçi ilə ailə qurmuşdu. Toydan sonra o qızın sərxoş rəfiqələrinin çoxu səhəri gəmilərdə açdılar. Toyda olan dənizçilər qızları gəmiyə gətirmişdilər.

Bütün bunlar ötənlərdə qalıb. Mariyanın indi dörd uşağı var. Aleksey çoxdan Mariyadan ayrılıb. Mariyadan bir oğlu varmış və yüngül həyat tərzi keçirməyə başlayanda uşağı atası götürüb.

Mariyanı vaxtaşırı Nobel prospektində görürəm. Yalın iri ayaqlarında rezin çəkələklər, saçları dağınıq, yanaqları boyu göz yaşlarının, çənəsində isə ağzından süzülən içdiyi suyun izi olur. Günlərlə üzünə suyun dəymədiyi aydındır.

Mariya ilə Zığ şosesinin Toxuculuq kombinatına tərəf dönən yerində təsadüfən qarşılaşdım. Ayaq saxladım. Yanında üç uşağı vardı. İki oğlan və bir qız. Qız eynən anasının gəncliyidir. Gözəl və sarışın. Oğlan uşaqlarından biri qarabuğdayı, digər isə bacısı kimi sarıbəniz və yaraşıqlı idi.

 

«Vas tak mnoqo...»

 

Mariyanı söhbətə tuturam. Adını çəkən kimi dayanır, diqqətlə üzümə baxır.

- Məni tanıdınmı? - rusca soruşuram, azərbaycanca cavab verir:

- Yox. Sən kimsən ki!? - sonra da rusca əlavə edir: - «Vas tak mnoqo»...

Onun yaddaşını vərəqləyirəm. Gəmiləri, rəfiqələrini, Alekseyi yadına salıram.

- Lyoxa... o mənim yoldaşım idi. Sergeyin atası...

- Sergey haradadır?

- Bilmirəm. Əsgər gedəndə gəlmişdi məni görməyə. Mən onu tanımadım. Atası uzaqdan məni göstərib.

- Öpdü səni?

Mariyanın gözündən lal yaş süzülür. Göz yaşları eyni xətt üzrə çənəsindən yaxasına axır.

Yerə oturur. Köhnə, enli və bir neçə yerdən deşilmiş yubkasının ətəyi aralanır. Ağ, amma çirkli dizləri, baldırı görünür. 20 ilin arxasında qalan cazibədən əsər-əlamət belə yoxdur. Ağ baldırlarda göyərmiş qalın damarlar qarışıq xətlər kimidir. Boynunu bükmüş qızına, əlindəki cib bıçağı ilə dırnağının arasını təmizləyən 13-14 yaşlı oğluna baxır. Sarışın oğlu isə bir qədər aralıda kolluqda özünün təbii borcunu verir. Mənə tərəf çevrilir:

- Deyirsən məni tanıyırsan? Sən o uşaqlara 60 qəpik ver. Bulka alsınlar...

- Bir manat verərəm, su da alarlar, - deyirəm.

 

- Su lazım deyil, krandan içərlər.

Uşaqlardan böyüyünə, qarabuğdayısına 2 manatlıq uzadıram.

- Axı bir manat dedin, - uşaq anasına baxaraq dillənir.

- Götür, atanızın dostudur, - deyir Mariya...

Uşaqlar gedir. Marinadan bu uşaqların atasının kim olduğunu soruşuram.

- Sən Xasanın atasını tanıyarsan, əgər məni, Alekseyi tanıyırsansa... Oğluma atasının adını qoydu. - Bir qədər susdu və: - Sergey məni öpmədi, üzümə baxdı: «Mən sənin oğlunam, məni sən doğmusan, - dedi. - Sən mənim atamı alçaltmısan. Mənim qardaşlarım, bacım olsaydı, yaxşı olardı. Amma mən sənin doğduğun bu uşaqlara doğmam kimi baxmıram». Xasan böyük oğlandır axı, bıçaq çəkdi Sergeyə. Amma vurmadı.

- Xasanın atası kimdir axı?

- Sizdə matros vardı, alkaşın biri idi. Maarif. Alekseyin işçisiydi. Mən onunla dost idim əvvəl. Bir dəfə gəmiyə aparmışdı məni. Alekseylə orada tanış oldum, sonra da evləndik. Sergey oldu. Lyoxa onu tez-tez bizə göndərirdi. Ərzaq-zad gətirərdi. Özü dənizdə olanda da Maarif gələrdi bizə. Bir dəfə gecədən keçmiş evə gəldi. Maarif bizdə idi, çay içirdi. O zamandan mənimlə düz gəlmədi. Axırda ayrıldıq. Maarif ona dedi ki, mən Mariya ilə yatmıram. İnanmadı.

- Bəs həqiqət necə idi?

- Mən Alekseydən sonra onunla yatdım. Ev tutdu. Kombinatda işə düzəldim. Xasan doğulduqdan bir qədər sonra o, getdi Qusarda başqa qızla evləndi. Mənə baxmadı. Kombinatda da işlər dayanmışdı. Gəmiyə aşpaz düzəlmək istədim. Dənizçilər məni içirtdilər, sonra da... Alekseyin dostları da, onu istəməyənlər də mənimlə olurdu. Sonra da hər yerdə deyirdilər ki, Aleksey kişi deyil, arvadıyla yatmışıq.

- Yaxşı, bəs o biri iki uşağın atası kimdir?

- Bilmirəm. Bir də görürdüm uşağa qalmışam. İşə düzələ bilmədim axı. Məni gəmidə saxlayırdılar. Mən hamının arvadı olmuşdum az qala.

- Mariya, indi sən harada qalırsan, harada yatırsan? Bu uşaqlar dərsə gedir?

- Hərf də tanımırlar. Sənədləri də yoxdur. Maarif Xasana metrika alacaqdı. Amma yalançı çıxdı.

Mariya ilə söhbətim zamanı bir neçə dəfə müşahidə etdim ki, yaxınlıqdan ötən insanlar mənə başlarını bulayaraq baxırlar. Hər kəsin öz könlündən keçən. Bir dəstə cavan uşaq mənə söz atdı:

- Day-day, alınmır? - gülüşdülər.

Fikir vermədim.

Ana ola bilmədi o

 

Mariyanın ötən günləri daha şirindir. Yaşı 50-yə yaxınlaşdığı, diqqət tələb etdiyi bir vaxtda, onu gəncliyinə, ona olunan diqqətli bir vaxta aparmaqdır niyyətim. Rəfiqələrini soruşuram.

- Gülyanı da «maryaklar» yoldan çıxartdı. Narkotikə meyl elədi. «Leyla Şıxliniski»də doğdu, uşağını orda qoydu, qaçdı. İki ay bundan qabaq gördüm. Mənim uşaqlarıma, özümə lağ elədi. «Bu nədir saxlayırsan, ver uşaq evinə, oxusunlar, adam olsunlar», - dedi. Sonra da uşaqlarımın başıma necə dolanmasını görüb ağladı, «sən xoşbəxtsən, Maşa», - dedi. İt günündə olsa da, balaların var. Dedi, uşağımı yadıma salmaq istəyirəm. Amma necə, bilmirəm axı? Heç görmədim də. Ana ola bilmədi o, elə bil yük daşıyırdı, qoydu yerə, «i vsyo...»

Burada nə qədər qız bədbəxt oldu

 

- Yaxşı Maşa, işləmirsən, gözəlliyin də qalmayıb ki, başına fırlanan, qadanı alan olsun. Səfil həyatı yaşayırsan. Nəyin var, əlindəki əski kisələrdədir. Yəqin dəyişəyindir, uşaqlarının paltarıdır. Harada yatırsan, nə yeyirsən, görünüşündən korluq çəkənə oxşamırsan, maşallah, 100 kilo olarsan...

Doluxsunur. Bir qədər kənarda oynaşan uşaqlarına baxır.

Kişi vardı, qızları 5 rubla satırdı

- Heç yerdə yaşamıram. Bu, yaşamaq deyil. Mən yetimxanada, bir də burda yaşayıb gün görmüşəm, - əli ilə Toxuculuğun tədris mərkəzini göstərir. - İndi burda da qaçqınlar yaşayır. Bilmirəm, nədirsə, bura məni özünə çəkir. Uşaq evinə getmək uzaqdır. Mərdəkana necə gedim? Gedim nə deyim? Amma bura yolumun üstüdür. Elə bilirəm, bura mənim ata evimdir. Axı Aleksey məni burdan gəlin çıxartdı. Burada nə qədər qız bədbəxt oldu, bilirsən? Sizin oğlanlar, milislər, hər kəs bura gələr, qız çıxarardı. Qapıçı kişi vardı, qızları 5 rubla satırdı.

- Necə yəni satırdı?

- Hə, satırdı. Qafar idi adı. Deyirdik ki, bizi soruşan olsa de ki, çıxıblar, yoxdur. O isə pul alırdı, oğlanları buraxırdı içəri, hansı otağa yığışdığımızı deyirdi. Toma, Oksana, Leyla, Aliyə və Sona ərə getdilər. Leyla Kiyevdə Ukraynalıya getdi. Onun anası Ukraynalı idi. Getdi, orda bir oğlanla ailə qurdu. Mən hamısından qabaq ərə getdim. Amma nə olsun, «sudba...» - Kirpiyindən bir damla su asılıb, intihara hazırlaşır elə bil, indicə sifətində qabağa çıxmış almacıq sümüyünə - «qayaya» çırpılacaq. İnanmıram bu gözlər həmin qəşəng Maşanın gözləridir... «Səfillər» layihəsinin mənə verdiyi ürək ağrılarına biri də əlavə olunur...

İti küçəyə necə qovurlarsa...

- Hər halda gecələdiyin, yatdığın bir ev, sığınacaq olmalıdır axı...

Mariya suallarıma cavab vermək əvəzinə xəyallarının qucağında xumarlanır, heç vaxt heç kəsə danışa bilməyəcəklərini mənə nəql edir:

- Arada gəlirəm bura. Girirəm həyətə. İti küçəyə necə qovurlar ha, bax məni belə qovurlar burdan. Bir dəfə, bir qadın var burada, ona dedim ki, mənim ata evimdir bura. Güldü. Gülə-gülə söydü məni. Qovmasalar, yatıb qalaram bu binanın bir küncündə, zirzəmisində...

 

Mənə ana demək olar?

Qəfildən gözlərimin içinə baxır:

- Mənə ana demək olar?

Bu dəfə mən duruxuram. Nə deyim? Amma danışmaq lazımdır:

- Sən anasan, özü də pis ana deyilsən. Balalarını qanadının altına yığmısan, qarınlarını doyuzdurursan.

- «Çestno?..» Düz deyirsən, «lapşa ne veşaeş?»

O qadından zəhləm gedərdi

- Amma sən yaxşı qadın deyilsən, yaxşı qadın olsaydın axırın belə olmazdı.

- Mən guya bilmirəm? Bax Sergey istəsə, qardaşlarına kömək edər. İşə düzəldər. Mən onu görmürəm. Qalmağımı soruşursan. Küçələrdəyəm. Heç nədən qorxmuram. Nəyə qorxum ki? Mənim yaraşığım yox, dilənçi günündə də deyiləm. Dilənçilərin himayəsində olanlar var. Amma mən Alekseyin atasından qalma toyuq hinində qalıram. Onun arvadı metisdi. Atası azərbaycanlı olub. Əvvəllər o tərəfə gedər, bir vaxtlar xanımı olduğum evə baxardım. O qadından zəhləm gedərdi. Sergey əsgər gedəndə ondan xahiş edib ki, atasına desin, mənə yardım etsin. Qadın Alekseylə danışıb həyətin küncündəki bu toyuq hinini mənə verdirib. Arxadan qapı qoydurub. Həyətlə, onlarla heç bir əlaqəmiz yoxdur.

Uşaqları belə böyütmüşəm - ayaq üstə, yeriyə-yeriyə

- Maşa, nə istəyirsən? Kimi istəyirsən?

 - Sergey mənim oğlumdur. Ona analıq edə bilmədim. O mənə yaddır elə bil. Amma bu uşaqları özüm saxlamışam, böyütmüşəm. Şadlıq evlərinin, yeməkxanaların tör-töküntüsünü toplamışam, gətirib yedizdirmişəm. İtlərlə birlikdə. İtlər məndən qorxmayıb, özlərinin həmcinsi kimi baxıb mənə. Bəzən itlərlə bir-birimizin əlindən tikə qapmışıq. Bu uşaqları belə böyütmüşəm, ayaq üstə, yeriyə-yeriyə. Niyə doğdum onları... Mənim yerim cəhənnəm olacaq...

Çox kitablar oxuyardım. Qız vaxtlarımda elə xəyallar qurardım ki... istəyirəm isti bir yer olsun, uzanım, gözümü yumum, özümə xəyalən bir həyat qurum. Gerçəkdə həyatım alınmadı. Kimi istəyirəm? Əlbəttə, Alekseyi. O, çox yaxşı kişidir. Nə olsun mənə inanmadı, dostuna inanmadı. Mən Maarifi ona görə evə buraxırdım ki, o zaman yaşadığım xoşbəxtliyə görə ona minnətdar idim. Məni Alekseylə o tanış etmişdi...

Mariyanı xəyalları ilə baş-başa qoydum. Xasanı yanıma çağırdım. 5 manat pul verdim. Götürmək istəmirdi.

- Anan dedi, hava istidi, dondurma alarsız...