vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
12:33 | 16 oktyabr 2014 | Cümə axşamı Məqaləyə 2227 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Benzinin litri 65 qəpiyə endi

Nyu-York birjasında bir gündə 4 dollar ucuzlaşma olub

F.Məmmədov

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün dünya mediasının əsas xəbəri neftin qiymətlərinin kəskin enməsi və bunun Rusiya kimi neft ölkələrinə təsiri barədədir. Virtualaz.org saytı xəbər verir ki, «The Wall Street Journal» qəzetinin məqaləsində Nyu-York birjasında dünənki hərracda neftin birdən-birə 4 dollar ucuzlaşması xatırladılır.

Qəzet yazır ki, bəzi analitiklər qiymətin daha 10 dollar aşağı enəcəyini proqnozlaşdırır. Bunun əsas səbəbi dünyada neftə olan tələbatın azalması, neft hasilatının isə əvvəlki səviyyədə qalmasıdır.

«Citigroup»dan analitik Ed Mors deyir ki, gələn il ABŞ-da neft hasilatı yenidən artacaq və nəticədə gələn də neftin qiymətinin aşağı olacağı qaçılmazdır.

OPEK isə hasilatı azaltmaq istəmir. Səudiyyə Ərəbistanı bazarda payını saxlamaq üçün hasilatı azaltmaqdan imtina edib, İran da neftin aşağı qiymətləri ilə barışmağa hazır olduğunu bildirib.

Xam neftin qiymətinin düşməsi benzini də ucuzlaşdırıb. Qəzet yazır ki, hazırda ABŞ-da parakəndə satışda benzin 15 faizdən çox ucuzlaşıb və orta hesabla bir qallonu 3,17 dollara satılır. Qeyd edək ki, bir qallon 3,8 litrə yaxındır və bu göstərici ilə hesablayanda ABŞ-da benzinin litri 83 sentə, yaxud Azərbaycan valyutası ilə hesablayanda cəmi 65 qəpiyədir.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda ən ucuz benzinin litri hazırda 70 qəpikdir, 95 oktanlı benzin isə 1 manata yaxındır.

İqtisadçı Bretta Rayan deyir ki, ABŞ-da benzinin 1 sent ucuzlaşması amerikalıların enerjidaşıyıcılarına illik xərclərinin 1 milyard dollar azalması deməkdir.

Doğrudur, bu qənaət ÜDM-in artımına səbəb olmur, lakin amerikalı istehlakçılar və şirkətlər üçün olduqca sərfəlidir.

Bəs neftin ucuzlaşması dünya ölkələri üçün hansı nəticələr meydana çıxaracaq?

Qəzetin yazdığına görə, Venesuela kimi neft ölkələrində siyasi böhran mümkündür. Bu ölkədə onsuz da dollar qıtlığı hökm sürür, dollar tapa  bilməyən iş adamları ölkəyə ərzaq, avtomobil və digər tələbat malları idxal edə bilmir.

Lakin Yaponiya, Cənubi Koreya və Tayvan kimi ölkələrin iqtisadiyyatları bu ucuzlaşmadan yəqin ki, udacaq. Çünki bu ölkələr enerjidaşıyıcılarında idxaldan asılıdır.

Hazırda iqtisadi artımın zəiflədiyi Çin üçün də neftin ucuzlaşması sərfəlidir. Çünki bu ölkə də neftə tələbatını əsasən idxal hesabına ödəyir.

Hindistan da ucuzlaşmadan sevinir, çünki hökumət enerjidaşıyıcılarının qiymətini aşağı saxlamaq və beləliklə inflyasiyanı cilovlamaq  üçün nəhəng subsidiyalar ayırmalı olur.

Rusiya Mərkəzi Bankı isə neftin qiymətinin 60 dollara enməsi halına qarşı «şok ssenarisi» hazırlayır. İqtisadçılar deyirlər ki, neftin ucuzlaşması Rusiya iqtisadiyyatına ciddi zərbə vuracaq. Onsuz da bu il Rusiyada iqtisadi artım 0,5 faizdən çox olmayacaq.

Aparıcı rusiyalı siyasətçilər və top-menecerlər hesab edirlər ki, Səudiyyə Ərəbistanı Rusiya iqtisadiyyatına və Putinə zərbə vurmaq üçün nefti ucuzlaşdırır.

Neftin ucuzlaşması hasilatçı şirkətlərə də ciddi zərbədir. Bundan iri Qərb neft şirkətləri ciddi ziyan çəkəcək. «Bernstein» şirkətinin hesablamalarına görə, «Royal Dutch Shell» və BP kimi iri şirkətlərin neftdən qazanc götürməsi üçün qiymət heç cür 85 dollardan aşağı olmamalıdır.

***

11:42

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması tendensiyası bu gün də davam edib.

Virtualaz.org saytı xəbər verir ki, neçə vaxtdır hər hərracda təxminən 1 dollar ucuzlaşan neft bu dəfə lap «quyunun dibinə» enib.

Nyu-York əmtəə birjasında («New York Mercantile Exchange» - NYMEX) son hərracın yekunlarına əsasən «Light Sweet» markalı neft birdən-birə 4 dollar ucuzlaşaraq noyabr ayı üçün bağlanan müqavilələrdə 81,84 dollar təşkil edib.

Avropa elektron əmtəə birjasında (İnterContinental Exchange Futures Europe) isə daha bahalı olan «Brent» markalı neft 3,85 dollar ucuzlaşaraq 85,04 dollara enib.

Həmçinin London birjasında keçirilmiş son hərracın nəticələrinə əsasən keyfiyyətcə Azərbaycan neftinə yaxın olan «Brent Crude Oil» markalı neft 2,33 faiz ucuzlaşaraq 88,16 dollara enib. Bu, 2010-cu ildən bu yana ən aşağı qiymətdir.

Neftin bu cür kəskin ucuzlaşması hasilatın artması və tələbatın azalması fonunda baş verir. Beynəlxalq Energetika Agentliyinin son proqnozuna görə, dünyada neftə olan sutkalıq tələbat 1,3 milyon barreldən 700 min barrelə qədər aşağı düşüb. Agentliyin mütəxəssislərinin hesablamalarına görə, 2014-cü il ərzində dünyada neftə olan sutkalıq tələbat 92,4 milyon barrel təşkil edir.

Belə vəziyyətdə sentyabr ayında dünya bazarlarına çıxarılan neftin həcmi sutkada 910 min barrel artıb.

Ekspertlər neftin ucuzlaşmasını həmçinin dünyada o qədər də ürəkaçan olmayan iqtisadi konyunktura və ABŞ-da şist nefti hasilatının artması, habelə Qərbin İrana qarşı sanksiyalarının yumşalması ilə izah edirlər. Gözlənilir ki, yaxın vaxtlarda Tehran dünya bazarlarına neft təchizatını artıracaq. Həmçinin OPEK bildirir ki, neftin ucuzlaşmasının qarşısını almaq iqtidarında deyil.

Qiymətin aşağı düşməsinə baxmayaraq kartel üzvləri hasilatı azaltmaqdan imtina ediblər. Küveyt və Səudiyyə Ərəbistanı bildirir ki, neftin qiyməti hətta 70 dollara ensə də hasilatı azaltmayacaqlar.

«Röyter» xəbər verir ki, Səudiyyə Ərəbistanı azı yaxın iki il ərzində neftin qiymətini 80-90 dollar arasında saxlamağı qərara alıb. Krallıq hesab edir ki, neftin qiymətlərinin aşağı olması investorları neft hasilatını artırmağa yatırım qoymaqdan çəkindirəcək və bununla da bazarda təklif azalacaq.

Beləliklə, Azərbaycan neftinin dünya bazarlarındakı qiyməti 2015-cü il üçün hökumətin yeni təqdim etdiyi dövlət büdcəsində göstərilmiş minimal həddə yaxındır. Gələn ilin büdcəsində hökumət neftin bir barrelinin qiymətini 90 dollar müəyyən edib.

Lakin ekspertlərin qənaətinə görə, bu, riskli həddir. Çünki göründüyü kimi, dünya birjalarında neftin ucuzlaşması dayanmır və bu gedişlə qiymət 1 barrel üçün 90 dolların aşağısına enə, hətta 80 dollardan da uzuc ola bilər. O zaman hökumət gələn il üçün büdcə xərclərinə və investisiya layihələrinə yenidən baxmağa məcbur olacaq.

Ekspertlərə görə, indiki  tendensiyanı nəzərə alaraq  hökumət qiyməti büdcədə 80 dollar göstərməli idi.

Analitiklər hesab edir ki, neftin indiki ucuzlaşması təkcə tələb-təklif məsələsi ilə bağlı deyil, həm də siyasidir. Bəzilərinə görə Səudiyyə Ərəbistanı ABŞ-la anlaşaraq Rusiyanı cəzalandırmaq üçün nefti kəskin ucuzlaşdırır. Hərçənd ki, bu nəzəriyyə o qədər də ağlabatan görünmür və ucuzlaşmanın daha çox qlobal iqtisadi tendensiyalarla, ABŞ-da neft hasilatının artması ilə əlaqəli olduğu görünməkdədir.

Bununla belə neftin ucuzlaşmasının Rusiyaya Qərbin sanksiyalarından daha ciddi zərər vuracağına heç kim şübhə yoxdur. Rusiyada neft hasilatının maya dəyəri yüksəkdir və bir barrel üçün az qala 70 dollar təşkil edir. Bu isə o deməkdir ki, neft bu cür ucuzlaşmaqda davam etsə Rusiyada neft şirkətləri üçün hasilat ziyanla başa gələcək. Nəticədə şirkətlər ciddi maliyyə böhranı ilə üzləşəcək.