vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TƏDBİR  
22:22 | 23 noyabr 2014 | Bazar Məqaləyə 3079 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... bundan gözəl nə xidmət ola bilər?»

İsa Qəmbər ədalət istəyən narazı müsavatçıları «xain» adlandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabrın 23-də Müsavat Partiyasının Ümumrespublika müşavirəsi keçirilib. Partiyanın qərargahında keçirilən tədbiri Müsavat başqanı Arif Hacılı Müsavatın himni ilə açıq elan edib. Musavat.com-un məlumatına görə, A.Hacılı çıxışında son aylar keçirilən zona müşavirələrindən söz açıb və bu tədbirlərin davamlı olacağını vurğulayıb.

Eyni zamanda ilin sonunda keçiriləcək bələdiyyə seçkilərindən danışan A.Hacılı deyib ki, Müsavat Partiyası bununla bağlı qərar verib və iştirakı rayon təşkilatlarının öhdəsinə buraxıb. Bəzi rayonlarda müsavatçıların seçkiyə qatılmaq istəyini müsbət qarşılayan A.Hacılı deyib: «Hər halda seçkidə iştirak etmək iştirak etməməkdən daha yaxşıdır».

O, həmçinin qeyd edib ki, seçkidə iştirak etmək niyyətində olan müsavatçılara təzyiqlər var.

A.Hacılı Müsavatın sonuncu qurultayından və başqanlıq seçkisindən narazı qalmış partiya üzvlərindən də danışıb və deyib ki, narazıların təklifləri və müzakirələri partiya daxilindən kənara çıxıb: «Çox böyük bir diskussiya başlayıb. Müsavata heç bir rəğbət bəsləməyən çevrələr bundan istifadə edir. Hakimiyyətin tam nəzarəti altında olan televiziya kanalları Müsavat Partiyasında gedən prosesləri şişirtmək və Müsavatı nüfuzdan salmaq üçün bu proseslərdən istifadə etməkdədir».

Tədbirdə 300-dən artıq müsavatçı, o cümlədən keçmiş başqanlığa namizədlərdən Qubad İbadoğlu və Tural Abbaslı da iştirak edib.

Partiyanın Ağdam təşkilatının sədri Haqverdi Haqverdili seçkidən sonra yaranan durumun narahatlıq doğurduğunu bildirib: «Fikir ayrılığı təhlükəli bir şeydir. Biz tarixi məsuliyyət daşıyırıq. Parçalanma təhlükəsi var. nöqsanlardan nəticə çıxaraq və bir olaq. Hamınızı birliyə dəvət edirəm».

Onun qadınlar təşkilatına keçirilən seçkidən danışması isə həmin təşkilatın sədri Ellada Məmmədlinin narazılığına səbəb olub: «Qadınların seçkisində iştirak etməyən adam necə seçkiyə etiraz edə bilər? Öz təşkilatından danışsın».

Müsavat başqanının müavini Elman Fəttah isə çıxışında bildirib ki, seçkidən sonrakı proseslər ciddi şəkildə narahatçılıq doğurur. Onun sözlərinə görə, partiyanın parçalanma təhlükəsi yaratmaq lazım deyil. O, müsavatçıları barışığa səsləyib.

Başqanlığa keçmiş namizəd Tural Abbaslı isə çıxışında bildirib ki, narazılıqlar var və bunlar haqqlıdır: «Narazılıqlar var. İradım bugünkü rəhbərliyədir. Qalib tərəf dözümlü olmalıdır. Bütün problemlərin danışıqla həll olunmasının tərəfdarıyam».

Fraksiyadan danışan T.Abbaslı deyib ki, burada qanunsuz bir iş yoxdur: «O zaman hakimiyyət bizi İctimai Palata yaratmaqda ittiham etmədi, halbuki dövlətə paralel qurum, alternativ yaratmışdıq. Bu gün mən rəhbərliyin fəaliyyətini bəyənmirəmsə, neyləməliyəm? Dörd il gözləməliyəm ki, yeni seçki keçirilsin? Bu gün fraksiya yaradanları kimsə satqın adlandırırsa, bu, onun siyasi savadsızlığından irəli gəlir».

Başqanlığa keçmiş namizədlərdən Qubad İbadoğlu isə qeyd edib ki, Müsavat dəyişməlidir: «Qurultaydan əvvəlki Müsavat yoxdur. Qurultaydan əvvəl Müsavat İsa Qəmbərə bağlı idi. Müsavat partiyasında yeni dönəm artıq İsa bəyin xarizması ilə idarə olunan dönəm deyil. İndiki dövr partiyanın şəffaf idarə edilməsi dövrüdür. Müsavatın daxili demokratiya problemi var. Biz daxili demokratiyaya hazır deyilik. Qərarlar birtərəfli verilir».

Q.İbadoğlu həmçinin qeyd edib ki, rayon təşkilatlarının prosesə qoşulması və bəyanatlar verməsi də arzuolunmaz haldır: «Bu bəyanatlar partiyanı parçalayacaq bəyanatlardır».

Q.İbadoğlu A.Hacılının qardaşlarının prosesə mütəmadi olaraq rəy bildirməsindən və təhqirlərə yol verməsindən də narahatlığını vurğulayıb. O, həmçinin vəziyyəti nizama salmaq üçün barışıq naminə təkliflərdən ibarət paket təklif etdi. Təklifə qovulan üzvlərin bərpası, həmçinin növbədənkənar qurultay daxildir.

Ellada Məmmədli isə narazıların fikrinin nəzərə alınmasının vacibliyini vurğulayıb: «Mən Qubad bəyin tərəfdarıyam deyə öldürməlisiniz? Bir-birinizi düşmən görməkdən çəkinin. Çıxaq gedək partiyadan? Siz nə istəyirsiniz?».

O bildirib ki, müsavatdaxili qrupların bir-birini aşağılaması normal deyil: «Hamını qovmağa ehtiyac yoxdur. Problemlərin səbəbini izah etmirsinizsə, biz fraksiya qərarını ortaya qoyuruq».

Müsavatın qurultayında seçki komissiyasının sədri olan Mirbaba Babayev isə çıxış edərək fraksiya təkliflərinə qarşı çıxıb. O bildirib ki, bunun üçün ideoloji ayrılıq yoxdur, həmçinin dünya tarixində heç bir fraksiya qələbə qazanmayıb.

O, eyni zamanda yeni qurultay keçirilməsini də normal hesab etməyib: «Belə olduğu halda hakimiyyətlə mübarizə qalacaq bir kənarda».

M.Babayev sonda güzəştlərin vacibliyini də qeyd edib.

Digər çıxış edənlər də partiya daxilində baş verənlərdən narahatlıqlarını bildiriblər, həmçinin sosial şəbəkədə gedən müzakirə və təhqirləri arzuolunmaz hesab etdiklərini vurğulayıblar.

Arif Hacılı isə çıxış edərək bildirib ki, onunla bağlı dəfələrlə xoşagəlməz ifadələr işlədilsə də o, heç kəslə bağlı müraciət etməyib və cəzalanma olmayıb. Onun sözlərinə görə, təhqirlər varsa, nizamnamə işə düşməli və cəzalanma olmalıdır. O qeyd edib ki, indiyədək üç nəfər Müsavat Partiyası üzvü partiyadan xaric edilib.

«Mən hər kəslə müzakirə aparmağa hazıram» - deyə A.Hacılı qeyd edib.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər isə deyib ki, hazırda Müsavatın əsas hədəfi bələdiyyə seçkiləridir. Onun sözlərinə görə, Müsavat Partiyası Məclisinin seçkiyə qatılma qərarında rayon təşkilatlarına sərbəstlik versə də əksər təşkilatlar seçkiyə qatılmaq istəmir: «Biz onları qınamırıq. Bunun məsuliyyəti Əliyev hakimiyyətinin üzərindədir».

İ.Qəmbər həmçinin qeyd edib ki, bu gün ölkədə bələdiyyə seçkilərinə müşahidəni təşkil edəcək qüvvə yoxdur. Onun sözlərinə görə, hazırda partiyanın əsas fəaliyyət istiqaməti bələdiyyə seçkiləri və siyasi məhbusların müdafiəsi istiqamətində olmalıdır.

İ.Qəmbər bildirib ki, narazılar eyni fikirdə deyillər. Onun sözlərinə görə, kimlərsə partiyanı saxtakarlıqda ittiham edir, həmçinin deyirlər ki, Müsavatın hakimiyyəti saxtakarlıqda ittiham etməyə haqqı yoxdur. Onun sözlərinə görə, bu, elə hakimiyyətin marağında olan məsələdir: «Hakimiyyətə bundan gözəl nə xidmət ola bilər?»

İ.Qəmbər qeyd edib ki, problem partiyanın içində deyil, hakimiyyətlə Müsavatın arasındadır. Onun sözlərinə görə, narazıların tutduğu yol haqlı deyil.

İ.Qəmbərin sözlərinə görə, başqanlıq seçkisindən narazı qalan tərəf üç yoldan birini tuta bilərdi: «Ya deyə bilərdi ki, əhəmiyyətli səs yığıb və bu səbəbdən partiyanın idarə edilməsində, qərarların verilməsində iştirak etmək niyyəti var. Bu niyyət nəzərə alına bilərdi. Yaxud dörd il gözləyib yenidən seçkiyə qatılmaq qərarı verə bilərdilər. Üçüncü yol isə partiya sıralarını tərk etməkdir. Əvvəlki iki yolu tutmayanların gec-tez partiya nizamnaməsi ilə problemi yaranacaq. Partiya cəzalarından heç kim sığortalanmayıb. Ona görə hər kəs nə istədiyini aydın şəkildə müəyyənləşdirsin».

İ.Qəmbər qeyd edib ki, partiyanı hakimiyyətlə birləşib qurultaysonrası gərginlik sindromuna salmaq xəyanətdir.

A.Hacılı son olaraq qeyd edib ki, Müsavat dekabr ayında insan hüquqları günü ilə bağlı aksiya keçirməyi planlaşdırır. Tədbir Müsavatın himni ilə başa çatıb.