vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ƏDƏBİYYAT  
13:31 | 24 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 1733 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tələm-tələsik, sistemsiz tərcümə - məzhəkə ...

... və ya Antologiya prinsiplərinə cavab verməyən «İspan ədəbiyyatı antologiyası»

Kənan HACI

Ötən saylarımızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamına əsasən nəşr olunan kitabların tərcümə və tərtib keyfiyyəti ilə bağlı iradlarımızı bildirmişdik. Həmin kitablarda yer alan nöqsanları, tərcümə və tərtib səhvlərini diqqətinizə çatdırmışdıq. Dövlətin birbaşa dəstəyi və qayğısıyla ərsəyə gəlmiş kitablara qarşı bu sayaq səthi münasibətin yolverilməz olduğunu qeyd etmişdik.

Yeri gəlmişkən deyək ki, ölkə başçısının 150 cildlik dünya ədəbiyyatı kitabxanası seriyasının tərcüməsi və nəşri ilə bağlı Sərəncamı əsasında tərcümə və nəşr edilən digər kitablarda da həmin mənzərə ilə qarşılaşdıq... 

Bu dəfə söhbət qəbul olunmuş antologiya prinsiplərinə əməl olunmadan, tələm-tələsik, sistemsiz hazırlanmış «İspan ədəbiyyatı antologiyası»ndan («Şərq-Qərb» Bakı, 2007)  gedəcək. Bundan başlayaq ki, antologiyanın kim tərəfindən tərtib edildiyi kitabın heç bir yerində qeyd olunmayıb. Kitabın giriş hissəsində antologiyaya daxil edilən əsərlər və onların müəllifləri barədə məlumatların yer almalı olduğu ön sözün əvəzinə, filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevin əvvəldən sona qədər nəşrə daxil edilməmiş bir əsərdən – Migel de Servantesin «Don Kixot» əsərindən bəhs edən məqaləsi yerləşdirilib. Antologiyaya daxil edilən müəlliflər haqqında, o cümlədən Servantesin kitabda yer alan əsərləri barədə isə heç bir məlumat yoxdur. Məqalənin antologiyaya ön söz əvəzi kimi yerləşdirilməsini yalnız bir məntiqlə izah etmək mümkündür: tərtibatçılar ispan ədəbiyyatına aid olan bu məqaləni antologiyaya, kitabın içindəkilərin fərqinə varmadan salıblar.

Servantesin də bu nəşrə salınmış iki qısa həcmli, hər biri üç səhifədən ibarət məzhəkəsi («Valyadol hospitalının keşikçi itləri – Sipion və Berqansa» və «Möcüzələr teatrı») nədənsə, dilimizə iki tərcüməçi tərəfindən (Səkinə Hüseynova və Fərhad Əliyev) çevrilib. Visense Blasko İbanyesin cəmi üç səhifəlik «Qoşa atəş» hekayəsi də dilimizə həmin bu «cəsur» tərcüməçilər tərəfindən müştərək çevrilib (səh.244-246). Olduqca kiçik həcmli məzhəkənin, hekayənin tərcüməsinə iki nəfərin «əziyyət çəkməsi» əməlli-başlı məzhəkədir.

Antologiyanın digər ciddi qüsuru - bəzi müəlliflərin doğum və ölüm tarixlərinin kitabda göstərilməsi, digər yazıçılara dair belə məlumatların isə yer almamasıdır. Həmçinin, dünyada roman ustası kimi tanınan məşhur İspaniya yazıçısı Anna Mariya Matutenin antologiyada «Biz ona görə yazmağa başladıq ki, narazıyıq...» adlı esse və kiçik həcmli bir hekayə ilə təmsil olunması da sual doğurur.

İspan ədəbiyyatının görkəmli simalarından olan Lope de Veqanın məşhur tərcüməçi Tələt Əyyubovun çevirdiyi «Nə yardan doyur, nə əldən qoyur» (1974-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən çap olunmuş «Pyeslər» kitabı) pyesi antologiyada Ələkbər Ziyatayın tərcüməsində «Bostan iti» adıyla təqdim olunur (səh.30). Bu yazını hazırlayarkən digər mənbələrə də nəzər saldıq, Lope de Veqanın yaradıcılıq bioqrafiyasında «Bostan iti» ifadəsinə nə yazıçının əsərlərinin tərcüməsində, nə də orijinalda rast gəlmədik.

Digər tərəfdən, Lope de Veqanın antologiyaya uyğun həcmli əsərləri olduğu halda,  kitaba 190 səhifəlik irihəcmli pyesin daxil edilməsinin məntiqi nədir?

Antologiyanın bu qəbildən olan növbəti qüsuru ispan poeziyasının əfsanəsinə çevrilmiş  Federiko Qarsia Lorkanın yaradıcılığına səthi yanaşılmasıdır. Şairin antologiyaya daxil edilmiş şeirlərinin əksəriyyəti zəif tərcümə, həm də ikinci dildən – ruscadan çevrilməsi səbəbindən Lorka yaradıcılığının ruhunu əks etdirmir. Qəribədir ki, vaxtilə Lorkanı orijinaldan çevirmiş şəhid şair Nizami Aydının tərcümələri antologiyada yer almayıb.  

Kitaba daxil edilmiş hekayələrin tərcüməsində ciddi qüsurlar gözə çarpır. Məsələn, Anna Mariya Matutenin «Xoşbəxtlik» hekayəsində belə bir  cümləyə rast gəlirik: «Mətbəxin divarları qayğı ilə ağardılmışdı, ocağın alovu tərtəmiz sürtülmüş mis qab-qazanın üstündə bərq verirdi». (səh.323) Əslində isə «bərq vururdu» olmalıdır. Yaxud, Yelena Sorinonun «İkinci dərəcəli vaqonun sərnişini» hekayəsində sonuncu cümləyə diqqət yetirək: «İndi budur, vücudunu sarmış dəhşətdən halsızlaşıb, yuxu görmüş kimi, yerində mıxlanıb qalmışdı, tərpənə bilmirdi, yerə düşmüş sumkasını qaldırmağa iqtidarı yoxdur». (səh.368)

Cümlədə hadisə keçmiş zamanda nəql olunduğu halda qəfildən indiki zamanda bitir. «Sumka» sözü hekayədə bir neçə yerdə işlənir. Əsərin tərcüməçisinin və redaktorunun (əgər varsa), bu rus sözünün dilimizdəki qarşılığını (çanta) tapa bilməməsi təəccüb doğurur. Yaxud, Mersedes Balyesterosun «Qadın və həkim» adlı mətninə (səh.379) baxaq. Burda əsərin janrını, ümumiyyətlə, müəyyən etmək mümkün deyil. Mətndə iki qeybətcil qadının lağlağı söhbəti qələmə alınıb və heç bir nəticə, məntiqi sonluq yoxdur. Aydın olmur ki, bu qadınların söhbətinin məğzi nədir, əsərin ideyası nədən ibarətdir. Bu səhifə yarımlıq məzmunsuz mətnin antologiyaya daxil edilməsinə nə ehtiyac vardı?

Antologiyada aşkarlanan bu sayaq qüsurlarla yanaşı, kitaba daxil edilmiş mətnlərin başdan ayağa redaktə səhvləri ilə dolu olması da diqqət çəkir. Ədəbiyyata, tərcümə sənətinə, nəhayət, doğma ana dilimizə bu sayaq başdansovdu yanaşma yüzlərlə, minlərlə oxucunu çaşqınlığa salmaqla bərabər, dilimizin, bədii təfəkkürümüzün inkişafına zərərsiz ötüşmür.