vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ŞƏXSİYYƏT  
18:51 | 26 noyabr 2014 | Çərşənbə Məqaləyə 2457 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Barat xanım üçün ağ güllər

...və ya İki Xosrovun bir Şirini, «Mixaylo»nunsa nakam sevgisi

Gülcahan MİRMƏMMƏD

Azərbaycan teatrına azdan-çoxdan bələd olan kəs kimi bəxtim gətirməyib: görkəmli aktrisamız Barat Şəkinskayanı səhnədə görmək mənə qismət olmayıb. Onun Cülyettasını, Yetərini, Dezdemonasını, Şirinini, Dilşad xanımını, Mirandolinasını, Jivkasını, Mələk xanımını, Gülərini səhnədə görməyə yaşım çatmayıb. Teatr yaradıcılığı barədə bildiklərim oxuduqlarımdan, eşitdiklərimdən yaranan ikinci qatdır, bir növ dublyaj təəssüratıdır, vəssalam.

Bir teatr həvəskarı, mədəniyyətdən yazan qələm adamı kimi isə bəxt üzümə gülüb: Barat Şəkinskayanı - sənətkarı, xanımı, şəxsiyyəti, ananı  ömrünün son illərində də olsa, yaxından tanımaq, dəfələrlə ünsiyyətdə olmaq qismətimə düşüb.

Bu müdrik, dünyagörmüş, əsilzadə xanımla bir növ rəfiqəlik də etmişik.


Cemma ilə başlanan sevgi


Bütün böyük sənət sevgiləri hansısa bir əsərlə, konkret bir sənətkarın yaradıcılığı ilə başlanır. Mənim də teatr sevgimin formalaşmasında Barat Şəkinskayanın rolu böyükdür.

Təbii ki, Azərbaycanda bu gözəl aktrisanı tanımayan yoxdur. Yarım əsrdən çoxdur ki, Azərbaycan tamaşaçısı Barat xanımı ən azından «O olmasın, bu olsun»dakı Sənəmlə, «Görüş»  filmindəki Şövkətlə, «Telefonçu qız»dakı Sürəyya xanımla tanıyır.

Yaşıdlarımın yadında olar: nə sirri-xuda idi ki, bizim nəslin sənət zövqü formalaşan zamanlarda televizorda «Görüş» filmini heç göstərmirdilər, o birilərini də elə bayramdan-bayrama nümayiş etdirərdilər. Amma biz uşaq olanda radio tamaşalarına, səhnələşdirilmiş romanlara qulaq asmaq ənənəsi vardı. Barat xanımı mənə sevdirən də elə radio tamaşası oldu.

Deyəsən, səkkizinci sinfə keçmişdim. Yay idi. Radioda Etel Lilian Voyniçin «Ovod» romanının radio tamaşasını səsləndirirdilər. Romanı oxumuşdum. Buna görə də qəhrəmanların radio obrazları mənim üçün maraqlı idi.

Radio-tamaşa bitəndə ifaçıların adı çəkildi: Cemma - Barat Şəkinskaya. Barat Şəkinskaya? Necə yəni? Həmin o «Məşədi İbad»dakı Sənəmi oynayan aktrisa?..

Sualıma rəhmətlik atam cavab verdi: «Hə, qızım, həmin o aktrisa». Uşaq ağlım Məşədi İbad kimi qoca idbara (hər halda o vaxt belə düşünürdüm) ərə getməyə razı olan qulluqçu ilə qəlbi eşqdən yaralı əsilzadə, gənc və gözəl Cemmanı heç cür bir aktrisanın ifasında birləşdirə bilmirdi!

Atamın dedikləri məni bir qədər də çaşdırdı: «Hələ bu nədir ki, sən gərək onun Kordeliyasını görəydin!..» Bu yerdə anam söhbətə qarışdı: «Kaş yenə «On ikinci gecə»nin premyerası olaydı. Barat xanım Violanı, Hökümə Qurbanova da Oliviyanı oynayaydı. Mən də məxsusi premyera üçün tikdirdiyim yasəməni şal paltarımı geyinib teatra gedəydim».

Beləcə, mən onun adının sehrinə düşdüm.


İki Xosrovun bir Şirini


Bir gün qərara gəldim ki, illərdən bəri səhnədən, ekrandan uzaqlaşmış Barat Şəkinskaya ilə görüşüm, onunla ürək dolusu bir sənət söhbəti edim. Telefon nömrəsini tapıb zəng vurdum, vaxt təyin elədi, ünvanı dedi, getdim.

Pilləkəni qalxanda əlimdəki ağ qızılgüllər də titrəyirdi. Barat xanımla elə ilk söhbətimizdən anlaşdıq. Bildim ki, təkcə böyük aktrisa ilə yox, həm də geniş dünyagörüşlü, möhkəm yaddaşlı, sənət yoldaşlarına səmimi münasibət bəsləyən bir insanla, gözəl evdar xanımla, sevgi sədəqəyə çevriləndə ondan imtina etməyi bacaran qadınla, bir sözlə bütöv şəxsiyyətlə tanış olmuşam. Bu tanışlıq bizim ara-sıra görüşlərimizin, ana-bala münasibətimizin təməlini qoydu.

Onu tərifləyəndə təvazökarlıqla deyirdi: «Mən rejissor aktrisası olmuşam. Nə cür öyrədiblər, necə başa salıblar, necə tələb ediblər, o cür də oynamışam».

Onunla oynadığı rollar barədə söhbət eləyərdik. Barat xanımın öz ifasına münasibəti fərqli idi. Bir dəfə soruşdum ki, sizin üçün tərəf-müqabilin kimliyi nə qədər önəmli olub? Cavabını unutmaram: «Xosrov və Şirin»də Xosrovu həm Ağasadıq Gəraybəyli, həm də Əjdər Sultanov oynayırdı. Ağasadıq qədeşin Xosrovunda hökmdarlıq aşiqlikdən üstün idi deyə mənim Şirinim onun məhəbbətinə asanlıqla qarşı çıxırdı. Əjdər isə Xosrovun Şirinə məhəbbətini elə ustalıqla qabardırdı, tamaşa boyu yalnız onu fikirləşirdim ki, bircə Şirin Xosrova aşiq olmasın...»

Söhbət «O olmasın, bu olsun»dan düşəndə maraqlanmışdım ki, Sənəmi tamaşada oynasaydı, obraza nələri əlavə edərdi? Bu sualın cavabı da yadımdan çıxmaz: «Mənim balam, filmi baş-ayaq çəkmişdilər. Son epizodu lap əvvəldə lentə almışdılar deyə Məşədi İbad camaatı qazıya göndərəndə qaşqabaqlı, qanıqara durmuşdum. Əgər filmi ardıcıllıqla çəksəydilər, həmin səhnədə Sənəmi başqa cür oynayardım. Sevinərdim ki, ağlıma gəlməyən yerdə, məqamda öz evimin xanımı olmaq qismətiylə üzləşmişəm. Döyən-söyən kişinin arvadı olmaq kiminsə qulluqçusu olmaqdan qat-qat yaxşıdır».


«Mixaylo»nun nakam sevgisi


Gözəl qadın idi. Sevgi sarıdan bəxti gətirmişdi demək bir qədər qəribə səslənsə də, Azərbaycan teatrının ən istedadlı, ən yaraşıqlı kişi rejissorlarının həyat yoldaşı olmuşdu. Onlardan övlad dünyaya gətirmişdi. Amma sevgi, hörmət bitən məqamda, özü demişkən, balalarını götürüb evdən çıxmışdı. Ailədə soyuqluğa, xəyanətə nə balalarının, nə də karyerasının xətrinə tablaşmışdı.

Mərd qadın idi. Bir uşaq inadı ilə etdiyi hərəkətin arxasında durmağı da bacarırdı, olub-keçənləri kişi qızı kimi etiraf etməyi də.

Barat xanım gözəlliyindən hansısa işini aşırmaq üçün yararlanmamışdı. Rəhmətlik Nodar Şaşıqoğlu deyirdi ki, ondan ötrü ürəyim gedirdi, amma o, məni kinostudiyanın dəhlizində görəndə heç saya salmırdı, eləcə salamımı alıb keçirdi.

Bunu bir özgəsi yox, «Uzaq sahillərdə» filmindən sonra qızların, qadınların kumirinə çevrilmiş «Mixaylo» deyirdi!.. Özümü saxlaya bilməyib soruşdum: «Bəs «Telefonçu qız» filminə çəkiləndə necə oldu? Axı Barat xanım sizin ananızı oynayırdı. Çətin olmadı sizə?..»

Rəhmətlik fitnə dolu bu sualı gözləmirdi, deyəsən. Bir an susub cavab verdi: «Mən anamı hansı aktrisanın oynayacağını biləndə sarsıldım. Və anladım ki, bu gözəl xanımla mənim aramda heç vaxt heç bir aşiq-məşuq münasibəti ola bilməz!»

Əmindim ki, Nodar Şaşıqoğlu düz deyir. Mənə çox sirrini etibar edən, «kiçik nəvəmdən də kiçiksən, amma sənə tay-tuşum qədər inamım var» deyən Barat xanım bir kərə də olsun qəlb ovlamağından ağız dolusu danışmadı.  

***

Hardasa oxumuşdum, ya da öz ağlıma gəlmişdi ki, ömrünün ahıl çağlarını yaşayan xanımlara ağ gül bağışlayarlar. Mən də həmişə Barat xanımın görüşünə gedəndə ona fəslə uyğun bəyaz güllər aparardım…