vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
23:50 | 22 dekabr 2014 | Bazar ertəsi Məqaləyə 2475 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Miqrantlar Rusiyanı kütləvi tərk edir

Azərbaycan diasporunun rəhbərisə narahat deyil

MÖVZU İLƏ ƏLAQƏLİ

MDB ölkələrindən olan əmək miqrantları rublun kəskin dəyərdən düşməsi nəticəsində Rusiyanı kütləvi tərk edir. Virtualaz.org saytı xəbər verir ki, «RİA Novosti» agentliyinin məqaləsində belə deyilir.

Agentlik araşdırıb ki, Yeni il bayramının yaxınlaşması miqrant axınının daha da artmasına səbəb olub. Moskvadakı miqrant assosiasiyalarının təmsilçiləri deyirlər ki, əgər yaxın vaxtlarda rublun kursu yüksəlməsə, Rusiyada əmək miqrantlarının sayı kəskin azalacaq.

Ekspertlər deyirlər ki, 1998-ci ildə yaşanan defoltdan sonra ən dramatik iqtisadi böhranın yaşandığı indiki günlərdə işçi miqrantlar üçün qazanc dalınca Rusiyaya getmək artıq sərfəli deyil. Onların qazandıqları pullar sürətlə dəyərdən düşür. Ticarətlə məşğul olanlar isə rublun kursunun kəskin dəyişməsindən ciddi ziyana düşürlər.

Digər tərəfdən, 2015-ci il, yanvarın 1-dən etibarən Rusiyanın miqrasiya qanunvericiliyində dəyişikliklər qüvvəyə minəcək. Bu dəyişikliklərə görə, Rusiyada işləmək icazəsi almaq üçün bütün əmək miqrantları rus dilini, Rusiya qanunvericiliyinin əsaslarını bilməlidir.

«Bazarlarda işləyənlərin demək olar ki, hamısı gedib. Satıcılar artıq heç kimə lazım deyil» - deyə qırğız diasporunun «Zamandaş» assosiasiyasının təmsilçisi Ruslam Eşimov bildirir.

R.Eşimov deyir ki, istehsalatda işləyənlər əvvəlki kimi qalıb işləyirlər. Bazarlarda alver edənlərin isə işləri çətindir, onlar rublun kəskin ucuzlaşması nəticəsində aldıqları malı mayasından ucuza satmalı olublar.

R.Eşimov bildirir ki, bir çox ticarətçilər malları Orta Asiyadan gətirirdilər: «Orada onlar aldıqları malın əvəzini dollarla ödəyirlər. İndi isə dollar az qala iki dəfə bahalaşıb. Satıb pulunu qaytarmaq üçün mal götürənlərin işi daha çətindir, onlar pulu dollarla qaytarmalıdır. Belələri kifayət qədər çoxdur».

R.Eşimovun fikrincə, əgər rublun kursu qalxsa, qırğız ticarətçilər Rusiyaya qayıda bilər.

Miqrantların Rusiyadan kütləvi axınını sürətləndirən amillər arasında tikinti mövsümünün başa çatması, kənd təsərrüfatında işlərin dayanması da yer alır. Üstəlik Orta Asiyadan olanların çoxu rus dilini bilmir və onlar işləmək icazəsi ala bilmək üçün rus dilindən imtahan verə bilməyəcəklər.

«Ona görə də Rusiyada miqrant kimi qalmaq sadəcə olaraq sərfəli deyil» - deyə qırğız diasporunun nümayəndəsi bildirib.

Yeni qanunvericiliyə görə, miqrantlar iş patenti almaq üçün hər ay 4 min rubl ödəməlidir. Ayda 15-20 min rubl qazanan miqrantlar üçün bu, ciddi məbləğdir.

«Yanvarın 1-dən qüvvəyə minəcək düzəlişlərə görə, məcburi tibbi sığorta üçün 2 min rubl ödəmək lazımdır, bunun üçün əvvəlcə tibbi müayinədən keçmək tələb olunur. Bu isə təxminən 3 min rubl edir. Rus dilindən imtahan vermək haqqı 4900 rubldur, üstəlik imtahanı verməsən, bu pul boşa gedəcək. Belə çıxır ki, Rusiyaya yeni gələn miqrant sənədlərini qaydaya salmaq üçün dərhal 15-20 min rubl xərcləməlidir. Üstəlik yemək və mənzil kirayəsi. Deməli, ayda 20 min qazanan miqrant üçün Rusiyada qalmaq sadəcə olaraq mənasızdır. 30-35 min rubl qazananların isə işləri çətinləşir» - R.Eşimov deyir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev də təsdiq edir ki, ancaq qazanc dalınca Rusiyaya gələnlər üçün indi bu ölkədə qalmaq sərfəli deyil.

Bununla belə İ.Hacıyev deyir ki, onun yerliləri işgüzar və hər vəziyyətdən çıxış yolu tapan adamlardır: «Onlar tez adaptasiya oluna bilirlər. Böhran isə təşəbbüskar və diribaş adamlar üçün həmişə yeni imkanlar açır».

İ.Hacıyev deyir ki, Rusiyada hazırda 700 minə yaxın azərbaycanlı miqrant var: «Ola bilər onların bir hissəsi getsin. Ancaq onların yerinə yeniləri gələcək, nəsə iş quracaq və iqtisadiyyatın bərpasına kömək edəcək. Hamı inanır ki, bu, müvəqqəti haldır, rubl möhkəmlənəcək, iqtisadiyyat böhrandan çıxacaq».

Qeyd edək ki, hələlik Rusiyadan Azərbaycana nə qədər miqrantın qayıtdığı haqda rəqəmlər yoxdur. Lakin son günlər Rusiyadan gələn avtobuslar, qatarlar və təyyarələrdə boş yer yoxdur. Xüsusən də Rusiya bazarlarında alverlə məşğul olan azərbaycanlıların bir çoxu müflis olaraq geri qayıdır. Ancaq rublun ucuzlaşmasından istifadə edərək dəyərdən düşən malları alıb gətirmək üçün Rusiyaya azərbaycanlıların kütləvi axını da müşahidə edilir.