vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
12:30 | 24 yanvar 2015 | Şənbə Məqaləyə 3980 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O qadın»

Düyğülarda yaşayan sevgi haqqında

Seymur ELSEVƏR

MÖVZU İLƏ ƏLAQƏLİ

24.01.15 - Düyğülarda yaşayan sevgi haqqında...

Bəri başdan deyim ki, ta ağlım kəsəndən mənim üçün birər-birər danışılmayan üç mövzu var: qadın, yaxşılıq və pul. İndi keçək mətləbə.Bəlkə də bu yazı yazılmayacaqdı. Əgər son zamanlar kişi-qadın münasibətlərinə dair bayağı, aşağılayıçı və yanlışlığa gətirib çıxaran mövqeli, daha doğrusu, mövqesiz yazılar olmasaydı. Çox belə hallarla rastlaşdığımdan, nəhayət bu yazını qələmə almağı lazım bildim. Düşünürəm ki, indi oxuyacaqlarınız qadın-kişi münasibətləri və sevginin dəyərləndirilməsi baxımdan müəyyən məqamlara aydınlıq gətirəcək.

Biz onunla iki il yarım qabaq İstanbulda təsadüfən tanış olduq. İki qərib adam səhər o başdan Sultan Əhməd camesinin yanında üz-üzə gəldik. O məndən rus dilində buranın Sultan Əhməd olmasını soruşdu. Qəribəydi, İstanbulun düz ortasında ağ bənizli, dumduru alagözlü mələk kimi gözəl xanım niyə qaynaşan bu qədər adamın içində məhz mənə yaxınlaşdı və rus dilində kəlmə kəsdi? Dərhal cavab verdim. Bu cavabdan sevinən xanım şirin təbəssümlə gözəlliyinə daha da gözəllik qatdı. Marağımı boğammayıb, bu səfər mən ondan soruşdun:

- Sağımızda-solumuzda yüzlərlə adam var ikən, niyə məhz mənə yaxınlaşdız və rus dilində söylədiz?

- Sanki hansısa hiss təhrik elədi ki, sizdən xəbər alım... Siz çox maraqla və sevgi dolu gözlərlə baxırdız ətrafa. Bu mənə olduqca xoş gəldi. Sizi vətəninə vurğun bir şəxs kimi duydum. İçimdə qarşılaşdığım mənzərəylə bağlı məmnunluq yarandı. Açığı, anlayammıram ki, niyə rusca soruşdum...

O sonuncu sözdən sonra sanki günahkarcasına baxır və gülümsəyir...

- Mən də şadam ki, səhər-səhər bir nəfərin - daha doğrusu, gözəl xanımın azacıq da olsa, işinə yaradım. Qərib olduğumu unutdum... (gülümsəyirəm...)

- Necə, siz buralı deyilsiz? Mənim kimi qonaqsız?

- Qonağam, özü də şəhərə lap təzəcə çatmışam. Bir az qabaq səhər yeməyini yeyən kimi bura üz tutdum. İstanbula ilk gəlişimdi və cəmi bircə gün vaxtım var. Sonra inşallah evə dönəcəm.

- Nə maraqlı oldu... Mən də birinci dəfədi bura gəldiyim. Artıq ikinci gündü İstanbuldayam və hələ beş gün vaxtım var... Siz hardan gəlmisiz?

- Bakıdan.

-Azərbaycandan?

- Bəli! Azərbaycanı tanıyırsız, nə bilirsiz ora haqda?

- Əlbəttə, tanıyıram. Mən vaxtilə sizinlə bir ölkədə yaşamışam.

- Azərbaycanda?

- (Gülə-gülə) Xeyr, Sovet İttifaqında... Yəqin ki, o ölkə yadınızda olar?

- Yaxşı yadımdadı. Uşaqlığım, ordu həyatım, ilkin tələbəllik çağlarım, işləməyə başlamağım hamısı o vaxtlara düşüb.

- (Gülə-gülə) Eləcə mənim kimi..

Ani puzadan sonra...

- Bura istirahətə gəlmisiz?

- Bir günlüyə nə istirahət? Türkiyədə çox qədim və maraqlı bir şəhər var – Amasya – orda simpoziumda iştirak edirdim. Həmin tədbirdən sonra bizim nümayəndə heyəti qayıtdı, mənsə əvvəl Ankaraya, ordan da buraya gəldim. Qardaş ölkədə olmaq fürsətindən istifadə edirəm. Ya qismət, bir də yolum nə vaxt düşər İstanbula...

- Yaxşı fikirləşmisiz. Mən də hər saat imkan tapmıram səfərə çıxmağa. Gah vaxt olmur, gah da nəsə bir iş çıxır... Açığı, içimizdəki sovet adamına məxsusluq da mane olur. Baxmayaraq ki, nə indi SSRİ var, nə də mən bu keçmiş ölkənin ərazisindəyəm...

- Bəs harda yaşayırsız?

- Amerikada... Hə, təəccüblənməyin, iş elə gətirdi ki, vətənimdən dünyanın o başına köçəsi oldum...

Bu sözdən sonra susur. Üz-gözündəki təbəssüm də bir anlığa qeybə çəkilir. Anlayıram ki, onu uzaqlara aparan nəsə ciddi səbəb var. Amma təzəcə tanış olduğum adamdan bunu soruşmaq yaxşı düşməz deyə, söhbətin yönünü dəyişirəm.

- Bayaqdan ayaq üstəcə danışırıq. Barı bir şey yeyək, içək...

- Nə zəhmət çəkirsiz, heç nəyə ehtiyac yoxdu.

- (Zarafatyana) Əvvəla, biz keçmiş həmvətənliyik. İkincisi, mən azərbaycanlıyam, qafqazlıyam, qonaqpərvərlik, nəzakət göstərmək bizə xasdı.

- Üzünə yenə bayaqkı sayaq təbəssüm qonur – yəni ki, razıdı. Tezcə yanımızda satılan qovrulmuş şabalıddan alıram. Şabalıd dadlıdı, amma çox deyil. Daha doğrusu, nə illah eləsəm də o qoymadı ki, iki pay alım. Bir payı yarı bölüb, uşaq sevincilə bir-birimizə baxa-baxa yeyir, camenin yan-yörəsini gəzir, sonra bu möhtəşəm abidənin içərisinə daxil oluruq. Cameni ziyarətdən sonra yaxınlıqdakı Aya Sofya barədə qısa məlumatıma qulaq asıb, suallarına davam edir.

- Məşğuliyyətiniz nədi?

- Sənətşünasam.

- Nə gözəl! Sizin bu sahəyə bələdliyinizi və incə ruhlu olmağınızı ilk baxışdanca duymuşdum...

- Minnətdaram! Bəs siz hansı peşənin sahibisiz?

- Həkiməm.

- Siz daha faydalı işlə məşğulsuz. Nə qədər ki, bəşər var, sizə ehtiyac olacaq...

- Elə sizə də.

- (Gülümsəyirəm) Kaş elə olaydı... Yox, gözəl xanım, biz qədir-qiymətsiz peşənin sahibiyik. Mən sənətə dair yazdım, ya yazmadım – nə dəyişir? Bizsiz də ötüşürlər...

- Niyə elə deyirsiz? İnsan mədəniyyətdən kənarda necə yaşaya bilər?

- Razıyam, mənəviyyatlılar belə düşünür. Amma əşyabazların yatanda belə ədəbiyyat, musiqi, teatr, kino yuxusuna girmir...

- Hə, onu düz deyirsiz... Heç sizdən ayrılmaq istəməzdim, olduqca maraqlı, mədəni insansız.. Amma getməliyəm. Bilirsiz, biz Amerikadan bura bir neçə yoldaş birgə gəlmişik. Bir həftəliyə, istirahətə. Yoldaşlarım başqa səmtə getdilər. Bir azdan görüşməyi qərara aldıq. İndi artıq vaxt yetişir... Sizə vizit kartımı verirəm. Xahiş edirəm, siz də mənə koordinatlarınızı deyin.

Vizit kartımı təqdim edirəm. Diqqətlə əvvəl karta, sonra mənə baxır, adımı pıçıltıyla çəkir. Və indi yadımıza düşür ki, heç bayaqdan bir-birimizin adını xəbər almamışıq. Çöhrəsində sanki işıq sayrışmaqla əl verib sağollaşmağı bir olur. Azca aralanır, sonra geri boylanır. Gülümsəyən gözlərini qırpıb, bir daha sağollaşır...

Səfərdən qayıtdığım təqribən on gün olardı. Elektron ünvanıma Amerikadan məktub gəldiyini gördüm. Ondanıydı. İlk kəlməsi salamla başlayan məktub...

Sonra neçə belə məktub aldım. Bir günsə mənimlə skaypda danışmağı xahiş etdi. Və bundan sonra məktubları vaxtaşırı skaypla danışmaq əvəz elədi. Vaxt ötdükcə o incəsənətə bələdliyi və hədsiz marağıyla çox dəyərli bir dosta, həmdəmə çevrildi mənim üçün. Artıq hər səhər o başdan romantik ovqatlı musiqi sovqatını qəbul eləmək də adət halını almışdı. Beləcə aylar ötdü... Bir gün o mənə «sizə olan hörmətimə, sayğıma görə Azərbaycan, Bakı və xalqınız haqqında maraqlanıram» – dedi. Və ürək dolusu «siz mənə öz layiqli davranışınızla bir ölkəni, xalqı, dini sevdirdiz, var olun» da söylədi. Qəribəydi, bir yandan biz munis adamlar kimi təmasdaydıq, o biri yandansa aramızda müəyyən pərdə vardı. Daha doğrusu, mən heç vaxt ondan şəxsi həyatına dair bircə kəlmə soruşmurdum... nəsə yamanca utanırdım... Bildiyim o idi ki, məşhur həkimin, professorun qızıdı və atası artıq həyatda yoxdu, özününsə bir övladı var. Valideynlərinin şəklini də göstərmişdi... Ustufca mənim barəmdə çox şey öyrənmişdi...

Beləcə iki il yarım ötdü. Ta yaxınlara, onun ad gününəcən... Təbii ki, əlamətdar tarixdə diqqətsiz qalmadım – skaypda üz-üzə oturduq, xoş sözlərlə təbrik etdim. Əvvəlcə sevincə bələnmiş çöhrəsi, sonra təbəssümlü dodaqları «sağ ol» dedi... Amma anidən əhvalı dəyişdi, susdu... Az sonra dilləndi, özü də ilk dəfə olaraq «icazə versəniz, sən deyərdim» xitabıyla.

- Sən çox dəyərli insan və kişisən. Mən bu otuz ayda səndən bircə yol pis bir hərəkət, davranış görmədim. Və açığı, hələ bir müddət qabaqdan səbrin, nəzakətin qarşısında izaholunmaz hallara düşdüm... Sənə görə xalqınızı, torpağınızı sevdim, mədəniyyətinizi, tarixinizi öyrənməyə başladım. Qəribədi, iyirmi birinci əsrdə sənin kimi kişi də varmış...

-  ...

- Sən bu qədər vaxtda bircə dəfə mənə şəxsi həyatıma dair sual vermədin, başqa gözlə baxmadın... Halbuki kişisən, dostluq edirik və haqqımda nəsə bilmək istəyin təbiidi... Bilirsən, mənimlə bağlı çox şeydən xəbərsizsən. Və qərara gəlmişəm ki, indi agah olasan...

Mən heç vaxt ailə qurmamışam, kiminləsə qeyri-rəsmi sevgili həyatı da yaşamamışam. Qızım da yoxdu...

- ...

Hə, o öz balam deyil, bacımın qızıdı. Körpəlikdən mən saxlamışam. O zamandan ki, özlüyümdə ərə getməyəcəyimə söz verdim...

- ...

- Hələ tələbə ikən bir oğlanı sevirdim. O da dəlicəsinə mənə aşiq idi. Nişanlandıq. Az sonra o avtomobil qəzasında həlak oldu... Mən depressiya düşdüm. Dünyada kişi kimi gözümdə etalon olan atama məhəbbətim, iradəm sayəsində ölmədim.. Həmin vaxt bir oğlan guya məni sevdiyini deyirdi. Amma çox keçmədi ki, onun yalançılığı üzə çıxdı... Sonra ailə qurmaq, sevgi həyatı yaşamaq və sair mənim üçün maraqsızlaşdı, mənasını itirdi. Sanki kişilərdən üzüm döndü... qərara gəldim ki, böyük bacımım uşağını götürüb saxlayım, sevgimi ona verim, başımı peşəmlə qatım... Elə də oldu... Atam və anam bir-birinin ardınca vəfat etdikdən sonra böyüdüyüm şəhərdə, vətəndə yaşamaq mənə hədsiz ağır gəlirdi. Qismətdən tale yolumu bu qərib diyara saldı. Necə deyərlər yenidən həyata başladım, sınaqlardan keçdim. Həkim kimi burda gərək olan mərhələni adladım. Şükür, sevdiyim işim, evim, dolanışığım var... İllərin necə keçdiyini «qızım» ailə qurmaq istədiyini deyəndə hiss etdim. Təzəlikcə - iki ay qabaq o ərə gedib... İyirmi il göz bəbəyim kimi qoruduğum, məni doğma anası bilən balamın indi öz həyatı, ocağı var. Ömrümün bu çağında təkcə qalmışam... Mənim üçün əsl kişi obrazı qətiyyəti, mədəniyyəti, savadı, xeyirxahlığı, sadəliyilə seçilən atam idi! Nişanlımı da ona bənzədiyinə görə sevmişdim... Elə düşünürdüm ki, bir daha məhəbbətin nolduğunu bilməyəcəm. Sən gümanımı dəyişdin...

- ...

- Hə, məhz sən mənə bu yaşda da sevməyin mümkünlüyünü anlatdın. Bircə kəlmə demədən, danışmadan, eləcə ləyaqətlə susmağınla... Birinci və axırıncı olan görüşümüzdə xoş auranla yanaşı, gözlərinin dərinliyindəki kədər diqqətimdən yayınmamışdı. Yadındadı, sonradan bu barədə özünə də dedim?

- Hə, yadımdadı!

- Cavabından sonra sənin iç dünyana, əxlaqına sadəcə heyran qaldım. Dedin ki, mənim bir tərəfim Qarabağın gözü olan Şuşadandı. Orda ulu babamın, nənəmin qəbri var. Və bu gün erməni tapdağı altındadı o qəbirlər. «Yaşa doluram, nəslimin, kökümün bağlı olduğu yerə gedə, o rəhmətlikləri ziyarət edə bilmirəm» – bunu sən demişdin. Hələ onu da demişdin ki, Şuşanın işğalı günündə xiyabana getmirsən: «Axı hansı üzlə və gedib rəhmətliklərin qarşısında nə deyək?» Vətənindən, dilindən, Qarabağdan məhəbbətlə danışdıqlarının hamısı bircə-bircə qulağımdadı. Həqiqətləri biləndən sonra burda yaşayan ermənilərə daha diqqətlə fikir verirəm. Görürəm ki, necə də haqlıymışsan. Üstəlik bir insan kimi sadəliyin, qayğıkeşliyin... Sənin şəxsində əsl azərbaycanlı və kişi gördüm. Və səni yetirən xalqa, torpağa vurğunluğum o yerə çatdı ki, mədəniyyətinizi, adətlərinizi öyrənməklə yanaşı, hər gün Bakıda, Şuşada hava haqqında məlumatla maraqlanıram. Oralarda isti olanda səninlə birgə qızınır, soyuqda, şaxtada birgə üşüyərəm sanki... Sən duyğulu adamsan, ola bilməz ki, iki aydan bəri göndərdiyim musiqi payının aıtındakı ismarışı – sevdiyin sətiraltı məna ifadəsini hiss etməyəsən. Sadəcə, əvvəlki tək ləyaqətlə davranırsan... De görüm, bura mənimlə - yaşıdın olan qadınla görüşə gələrsən?

- (Duruxuram...) Nə vaxtsa Amerikada olmaq arzum var. Amma hələ yox...

- Maddi vəziyyətə görə?

- Doğrusu, indi imkanım yoxdu...

- Sonra...

- Nə sonra?

- Mən dəvət etsəm və xərci ödəsəm necə?

- ...

- Əgər yolun uzaqlığına görə deyirsənsə, Moskvada, Riqada, Minskdə - yəni qohumlarım, doğmalarım yaşayan keçmiş SSRİ-də də görüşə bilərik.

- Yox, alınmaz!

- Niyə müsəlman olduğun üçün?

- Məsələnin dinlə bağlılığı yoxdu. Ona qalsa, mən ibadət əhli deyiləm, özümü də tam mənada müsəlman hesab etmirəm...

- Elə isə nədi səni saxlayan?

- Mən qadınının imkanı hesabına onunla görüşə getməyi özümə sığışdırmaram... Və...

- Hardandı səndə bu qədər qürur?

- ...

- İnan, səni artıq müəyyən qədər tanıdığım üçün məhz bu cavabı gözləyirdim. Həqiqətən də sevilməyə, hörmətə layiqsən!

- Minnətdaram! Mən sənin gözündə beləcə qalmaq istəyirəm!

- Elə isə bircə istəyimin əleyhinə çıxma, yaxşı?

- Buyur, nə istəyin var?

- Yəqin ki, tale bizi bir-birimizçün yazmayıb. Heç bəlkə bundan sonra bir daha üz-üzə də gəlmədik. Nolar, qoy səni eləcə uzaqdan-uzağa sevim, ruhən, qəlbən, duyğularımla...

- ...

- Razısan?

- Nə deyim axı? O təmiz hisslərinin qarşısına necə çəpər çəkə bilərəm?

- Bir insanı lap belə uzaqdan, əl çatmadan, ün yetmədən, sevib, o duyğularla yatmaq və səhəri də eləcə açmaq nə gözəldi. Məncə, xoşbəxtlikdi. Sən mənə bu xoşbəxtliyi çox görməzsən! Axı sən qıymaz deyilsən! Və heç vaxt da olmayacaqsan!..


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)