vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
17:22 | 17 fevral 2015 | Çərşənbə axşamı Məqaləyə 3854 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dövrün tələbi – minilmək»

Bizdə heç bir günah yoxdu...

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

17.02.15 - Bizdə heç bir günah yoxdu......

İyirmi-iyirmi beş il bundan qabaq «Fatihə»si oxunmuş sovet ədəbiyyatından özündən sonraya cüvəllağı etik-estetik dəyərlərlə, sarsaq şəxsi nümunələrlə, pafosu sarı kasemsot traktorunun nəriltisinə bənzəyən vətənpərvərlik şeirləri, poemaları ilə yanaşı, bir ədəd də karagəlməz ədəbi deviz qaldı: «Hər bir yazıçı öz dövrünün yetirməsidir». Yəni yazıçı dediyin şəxs dövrün mirzəsidir, dövr nəyi tələb edirsə, o da onu yazmalıdır. Dövr yazmamağı tələb edirsə, ümumiyyətlə, qələmini altına qoyub üstündə oturmalıdır. Bu devizin ədəbi kredo kimi vaxtında cəmiyyətə soxuşdurulması, əslində, öz gələcəyindən bədgüman olan sovet ədəbiyyatının uzaqgörənliyinin nəticəsi idi. Bu yazımızda biz həmin uzaqgörənlik haqqında danışacağıq.

And olsun Nəsiminin soyulmuş dərisinə, dünyanın mədəniyyət tarixindən, ən azı, Makedoniyalı İsgəndərin ağcaqanad sancmasından öldüyü qədər xəbəri olanlar bilirlər ki, hökmdarlarla yaradıcı adamların, xüsusilə şair və yazıçıların qarşıdurması, hətta düşmənliyi həmişə olub. Qoy bir-ikisini sadalayım, ürəyim yerinə düşsün. Məsələn, ailə münaqişəsi zəmnində otuz beş bıçaq zərbəsiylə qətlə yetirilmiş imperator Sezarın Qədim Roma filosofu, fəlsəfədə gözə görünənlərlə gözəgörünməzləri fərqləndirmək üçün heç bir meyarın olmamasını iddia edən, ağzını açanda kütlənin uğultusunu bir anda susduran Siseronla qarşıdurması, yaxud öz qılıncı ilə Asiyanın, az qala, yarısını tutmuş Topal Teymurla, öz şeirləri ilə bütün Asiyanı bürümüş Nəsiminin dini, siyasi kəllələşməsi, Mussolininin Lorkaya güllə atması, Atatürkün Nazim Hikmətə, Stalinin Bulqakova göz qoyması kimi çoxsaylı faktlar bu qarşıdurmanın əbədiliyindən, hətta fitri dərinliyindən xəbər verir.

Övladların dilindəki «zamanın tələbi» bayatısı bu qarşıdurmadan sağ çıxan ataların gələcəkdə bəraəti olacaqdı. Ancaq bu bəraət sonradan qəhrəmanlıq, dissidentlik kimi qələmə veriləməyə başlayanda işin rəngi dəyişdi; İsgəndərin buynuzu üzə çıxdı. Çar Rusiyasının siyasi ideyaları ilə yanaşı addımlayan Azərbaycan ədəbiyyatının siyasətlə üz-üzə qaldığı tarix sovet rejiminin repressiya illərinə təsadüf etdi. Nə baş verdi o illərdə? Bizim yazıçı və şairlərimiz iki yerə parçalandılar: birincilər öz mənafelərini, şəxsi talelərini, arvad-uşaq rifahını sözün, xalqın azadlığından uca tutub hökmdara yaltaqlananlar oldu, ikincilər isə hər şeyini sözün, xalqın azadlığına qurban verənlər. Zamanın tələbinə uyğun olaraq birincilər ikinciləri Stalinə satdılar, kimisi güllələndi, kimisi sürgündə çürüdü, kimisi də dəli olub küçələrə düşdü və bununla da Stalin ədəbiyyatımızın gözünün odunu aldı. Bu, hamının bildiyi ədəbiyyat tarixidir. Amma indi vaxtilə öz şair dostunu güllələtdirib imperiya rəhbərliyindən vəzifə, ev, arvad almış, bütün ömrünü kef-damaqla sürənlərin törəmələri öz babalarına haqq qazandırmaq üçün həmin o uzaqgörən tezisi irəli sürürlər: «Bu, dövrün tələbi idi». Yəni əgər dövr tələb edirsə, Stalin olmur, kim olur olsun, ona yaltaqlan, ona poemalar, şeirlər yaz, dostların haqqında danos yaz, şərlə, güllələtdir onları, ailələrini dağıt, sonra içki məclislərində məsxərəyə qoy, de-gül, əylən. Axırda da adını qoy ki, bu dövrün tələbidir, bizdə heç bir günah yoxdu. Əgər dövr tələb etsəydi ki, hökmdar bulvarda bir-bir şairlərin və yazıçıların belinə minib şəhərdə gəzmək istəyir, biz əyiləcəkdik, hətta hökmdarın rahatlığı üçün belimizə xudmani bir yəhər də qoyduracaqdıq. Zalım dövr minilməyimizi tələb edirdi.

Amma güllələnməyi minilməkdən üstün tutan sənət adamları dünyanın hər bir yerində var idi; məsələn, absurd teatrın yaradıcılarından biri dünyaya koxalıq edən ABŞ-ın Nobel almış dramaturqu Harold Pinter öz ölkəsinin imperialist siyasətini tənqid edərkən ömrü boyu kor atı minib köndələn çapırdı. Harada söz, insan azadlığı pozulurdusa, Pinter «Hörümçək adam» kimi orda peyda olurdu. Gah Türkiyədə yazarların söz azadlığının boğulmasına etiraz etmək üçün Ankaraya uçur, gah Afrika qitəsindəki ərzaq çatışmazlığı məsələlərinə həsr olunmuş beynəlxalq tədbirin tribunasından Serbiyanı bombalayan NATO «F-16»larına görə ABŞ prezidentinə və İngiltərənin baş nazirinə itin sözünü deyirdi. Yazıq kişi dünya insanının azadlığı uğurunda mübarizədə o qədər zəifləyib əldən düşmüşdü ki, Nobel mükafatını almağa gedəndə taksidən düşərkən müvazinətini saxlaya bilməyib yıxılmış, başını partlatmışdı. Bu cür adamlara sovet qulbeçələri «demaqoq» damğası vurub ələ salırdılar.

Vaxtilə dövrün tələbinə uyğun olaraq harınlayıb quduran Babil şəhəri sami dilində «Tanrı qapısı» adlandırılmasına baxmayaraq, tarixə «Fahişələrin və öğraşların şəhəri» kimi həkk olundu.

Deməli, insan, xalq o dünyadan əvvəl tarixin verəcəyi qiyməti düşünməlidir. Bəlkə də, qudurub Allahın yanına çıxmaq üçün qüllə ucaltmaq iddiasına düşən və tikdikləri qüllənin dağıntıları altında qalıb xurd-xəşil olan babillilər indi elliklə cənnətdə kef çəkirlər, amma onların bu dünyada hansı adla xatırlandığını iki sətir yuxarıda yazdıq. Müsəlmanların müqəddəs kitabında da yazılıb ki, insan bu dünyadan o dünyaya yalnız öz adını apara biləcək, zamanın tələbinə uyğun olmayaraq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)