vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:54 | 2 sentyabr 2015 | Çərşənbə Məqaləyə 1069 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD-ə qarşı əl-Qaidə

«ABŞ məzhəbiçi savaş strategiyasına yönəlir»

Heydər OĞUZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru David Petraeus maraqlı təkliflə çıxış edib. O, İŞİD-ə qarşı mübarizədə əl-Qaidəylə əməkdaşlıq etməyi məsləhət görüb.

Starteq.az-ın «The Daily Beast» qəzetinə istinadən verdiyi xəbərə görə, bu məlumatı mətbuata ona yaxınlığı ilə tanınan 4 mənbə ötürüb. Xəbərdə həmin mənbələrin adı çəkilməsə də, onların sabiq baş kəşfiyyatçıyla birbaşa təmasda olduqları gizlədilməyib və Petraeusun bu barədə fikirlərini Ağ evə göndərdiyi qeyd olunub. Təklifdə bildirilir:

«Hər nə olursa olsun, əl-Qaidəyə bağlı əl-Nüsra Cəbhəsini Suriyada IŞİD-ə qarşı istifadə etməyi təcrübədən keçirməliyik. Əl-Nusra içində yer alan bəzi döyüşçülər, bəlkə də bəzi güclər ideoloji səbəblərdən əl-Qaidədən ayrılan qruplar təşkilatı bir fürsət olaraq gördükləri üçün ona qoşulublar. Ola bilər ki, həmin kəslər Nusra'yı güclü görüblər, başqa bir etibarlı alternativ tapmayıblar. İndi gəlinən nöqtədə həmin qüvvələri təsbit edib təşkilatdan ayırmağa, İŞİD və Suriya rejiminə qarşı döyüşdürməyə çalışmalıyıq».

Maraqlıdır ki, qəzetin bu xəbərini ABŞ administrasiyası da təsdiqləyib. Ağ evin sözçüsü Mark Toner gündəlik mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən bildirib ki, Petraeusun təklifləriylə tanış olanda xeyli təəccüblənib. Bununla belə, o, təklifdə tam olaraq əl-Qaidəylə əməkdaşlıqdan söhbət getmədiyini xatırladıb. Deyib ki, Petraeus əl-Nüsranın daxilindəki bəzi mülayim qüvvələri qazanmaqdan bəhs edir. Fəqət ABŞ diplomatı bunun belə mümkün olmayacağını, bu barədə qətiyyən düşünmədiklərini də diqqətə çatdırıb.

Mark Tonerə qəti şəkildə «yox» dedirdən və onu təəccübləndirən həmin təklifin məhz Petraeus tərəfindən verilməsi həqiqətən də qeyri-adidir. Nədən ki, keçmiş baş kəşfiyyatçı ABŞ ordusunun İraq və Əfqanıstanı işğalına şəxsən komandirlik edib. Deməli, işğalın əsas bəhanəsinin əl-Qaidə olduğunu cənab Petraeusun bilməməsi də mümkün deyil. İndi birdən-birə həmin işğalının səbəbkarı kimi göstərilən qüvvədən nəticəni aradan qaldıran vasitə kimi istifadə olunması , təbii ki, ABŞ administarsiyasını beynəlxalq ictimaiyyət qarşısında çətin vəziyyətə sala bilər. Yəqin ki, Mark Tonerə də «yox» dedirdən elə bu ehtimaldır. Bütün bunlara baxmayaraq, səbəbdən nəticəni ortadan qaldırmaq üçün istifadə olunması taktikasının müzakirəyə çıxarılması ABŞ-ın Yaxın Şərqdə nə qədər aciz durumla qarşı-qarşıya qaldığını göstərir.

ABŞ-ın bölgə siyasətində bu cür dalana dirənməsi işğalın nəticəsi barədə əvvəldən düşünmədiyindən, guya azadlıq, demokratiya gətirdiyi coğrafiya xalqının istəklərini nəzərə almadığından xəbər verir. Bir türk mahnısında deyildiyi kimi, «mən sizin babanızam, mən nə desəm, o olar» məntiqinə əsaslanan bu siyasətin nəticəsində öncə Əfqanıstanı dağıdan əl-Qaidə indi təkcə həmin ölkəylə kifayətlənməyib, həm də Suriyada və İraqda dərdlərin «çarəsinə» çevrilib. Ona görə ki, ABŞ ölkə başçılarını dəyişdirməklə problemin öz həllini tapacağına inanıb və bunu daxili qüvvələrin gücü hesabına gerçəkləşdirmək haqqında düşünməyib, demokratik idarəçiliklərin alt bazasını formalaşdırmayıb. İndisə öz inadkarlığının bədəllərini ödəməli olur.

Məsələ burasındadır ki, istər İraqda, istərsə də Suriyada hakimiyyət strukturlarının hamısı məhv olunaraq yerinə yeni qüvvələrin gətirilməsinə çalışılıb. Yeni qüvvələrin idarəçilik təcrübəsinin olub olmadığına baxılmayıb. Üstəlik, bölgənin təbii sərvətlərini daha rahat istismar etmək xətrinə həmin coğrafiyanın parçalanmasına və bunu reallaşdırmaq üçünsə məhzəb müharibələrinə rəvac verilib. Nəticədə bölgə xalqı bir-birinə düşmən kəsilib, silahlı siyasi mübarizədən başqa yol qalmadığına inanıb.

Faktiki olaraq parçalanmış İraq və Suriyadakı status-kvonu isə indi həmin Amerikanın özü belə qəbul etmək istəmir. Səbəb isə çox sadədir: ABŞ-ın bir zamanlar aşa tökdükləri indi öz qaşığına çıxır. Belə ki, məzhəb müharibələri ilə parçalanmış bölgədə artıq sünni ilə şiənin, kürdlə türkmənin bir arada yaşaması mümkün deyil. Min ildən artıq davam edən qanlı münaqişələrin körüklənməsi həm İraqın, həm də Suriyanın 3 və ya 4 yerə parçalanmasını şərtləndirir. Yalnız bu ayrılma prosesindən sonra Yaxın Şərq ölkələrində nisbi sabitlik yaranacaq. Bu zaman isə İraq və Suriya şiələri İranın, sünnü kəsim isə Səudiyyə Ərəbistanı və Türkiyənin təsir dairəsinə düşəcək. Hər iki tərəf isə başlarına gətirilən bu müsibətlərin səbəbkarı kimi ABŞ və İsraili gördüklərindən bu iki qüvvəyə qarşı nifrət hissiylə yanaşacaqlar. Nəticədə ABŞ coğrafiyaya öz nəzarət imkanını itirəcək. Xüsusilə də sünnülərin hegemon olduğun coğrafiyada...

Axı onlar Səddam Hüseynin devrilməsini və hakimiyyətin şiələrə ötürülməsinin ən böyük səbəbkarı kimi ABŞ-ı görürlər. Hesab edirlər ki, məhz bu siyasətin nəticəsində İran bir zamanlar düşmən olduğu İraqın əsas hegemon gücünə çevrilib və öz təsir dairəsini Suriyadan Livana qədər böyüdüb.

Faktiki olaraq «şiə hilalı»nın şimal dilini formalaşdıran İranın öz təsirini bölgə üzərində gücləndirməsi sünnü siyasi liderlərinin heç zaman arzulamadığı hadisələrdəndir. İslam dinində iki müxtəlif məzhəbin yaranmasından bəri şiələrin ilk dəfə bu qədər ciddi üstünlüyə sahib olması heç bir zaman şünnü siyasi iradə tərəfindən həzm edilə bilməz. Yerli xalqın bu nifrətindən istifadə edən Əl-Qaidə və İŞİD qüvvələrinin rahatlıqla coğrafiyada hegemonluq qurmaqlarının səbəbi yalnız bu sosial sifarişlə, əhval-ruhiyyə ilə izah oluna bilər. Görünür, işğal etdiyi coğrafiyada yaşayacağı itkini heç cür həzm etmək istəməyən super güc çarəni indi də konflikti məzhəblərarası mübarizədən məhzəbiçi çarpışmalara keçirmək istəyir.

Ağ ev yetkililəri bu faktı nə qədər inkar etsələr də, istər Suriyada, istərsə də Əfqanıstanda yaşananlar David Petraeusun təklifinin ABŞ siyasi iradəsi tərəfindən ağlabatan fikir olaraq qəbul edildiyindən xəbər verir. Xatırladaq ki, bir müddət əvvəl Əfqanıstanın müxtəlif regionlarından əl-Qaidə üzvlərinin İŞİD-ə qarşı amansız mübarizəyə keçdiyi xəbərləri gəlmişdi. Əvvəl İŞİD-ə biət edən qəbilə rəislərinin altına bomba qoyaraq partladan əl-Qaidə daha sonra İŞİD-in regional liderini də qətlə yetirmişdilər. Daha sonra Suriyadakı əl-Qaidəyə bağlı əl-Nüsra yetkililərinin İŞİD-ə qarşı kəskin çıxışlar etməsi eyni prosesin Yaxın Şərqdə də təkrarlanacağı ehtimalına yol açır. Belə çıxır ki, Əfqanıstanda uğurla həyata keçirilən məhzəbiçi qovğalar indi Suriyaya ixrac edilmək ərəfəsindədir.

Bəs, İŞİD yox edildikdən sonra bölgədə güclənən əl-Qaidənin durumu necə olacaq?

Nə yazıq ki, bu suala cavab verən hələ ki tapılmayıb. Halbuki, hər hansı ağıllı siyasət nəticələri öncədən nəzərə alınaraq həyata keçirilən tədbirlərdir. Bu gün hansısa qüvvənin bir başqası tərəfindən yox ediliməsi isə problemin həlli demək deyil. Problemi həll etməyə çalışanlar nəticələrə qarşı yox, səbəblərə qarşı mübarizə aparmalıdır. Səbəb isə yadelli işğallarıdır və kənar müdaxilələr tam başa çatmayana qədər Yaxın Şərqdə qanlar durmayacaq.