vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
17:21 | 2 sentyabr 2015 | Çərşənbə Məqaləyə 1121 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Pul azalır, narazılıq artır!»

Sergey Quriyev: «Moskva heç yerdən vəsait ala bilmir»

Tərcümə etdi: Vaqif NƏSİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya iqtisadiyyatı, bir çox müşahidəçiyə kəskin enişdə sürətlə aşağıya doğru gedən tramvay qatarını xatırladır. Həmin qatarı fəlakətdən qurtarmaq istəyən maşinist əyləcdən elə istifadə edir ki, tramvay aşmasın. Lakin iqtisadiyyatdakı problemlər yükü elə sürətlə artır ki, ümumiyyətlə əyləc artıq heç bir işə yaramır.

Bu cür bənzətməli müqayisələrə həm Rusiya, həm də xarici mətbuatda tez-tez rast gəlmək olar. Ancaq ümumi mənzərəni daha yaxşı anlamaq üçün peşəkar mütəxəssisə müraciət etmək lazımdır. Paris Siyasi Elmlər Məktəbinin iqtisadiyyat üzrə professoru, tanınmış iqtisadçı Sergey Quriyev Rusiyadakı indiki vəziyyətlə əlaqədar «Amerikanın səsi»nə eksklüziv müsahibə verib. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin müsahibənin tərcüməsini təqdim edirik. (azpolitika)

 

- Sizin fikirinizcə, Rusiya Mərkəzi Bankının siyasətini nəzərə alsaq, yaxın vaxtlarda Rusiya valyutasını nə gözləyir? Digər tərəfdən isə Rusiya valyutası, sənaye istehsalı, qiymətli kağızların dəyəri kimi göstəriciləri özü ilə irəli apara biləcəkmi?

- Rus rublunun məzənnəsinin necə olacağını söyləmək çətindir. Çünki bu məzənnə neftin qiymətindən asılı olaraq formalaşır. Neftin qiyməti isə dünya iqtisadiyyatının vəziyyətindən asılı olaraq, gah yuxarıya, gah da aşağıya doğru hərəkət edir. Ümumiyyətlə isə Mərkəzi Bankdan çox şey asılıdır. Əgər Mərkəzi Bankın indiki siyasəti davam edərsə, onda valyuta birjasına aktiv şəkildə müdaxilə edilməyəcək və rublun məzənnəsini bazar faktorları müəyyənləşdirəcək. Mərkəzi Bank açıq şəkildə mətbuata məlumat verməkdən imtina edir ki, bu da rublu hansı perspektiv gözlədiyindən bazar iştirakçılarını bixəbər edir.

Əslində isə daha zəif rubl geriləyən istehsala köməklik göstərir. Aşağı düşən neft qiymətləri sözsüz ki, Rusiya istehsalçılarına və ümumiyyətlə bütün iqtisadiyyata çox pis təsir edir. Elə buna görə də aşağı düşən rubl bu zərbələri yüngülləşdirir. Ancaq bütövlükdə götürdükdə Rusiyanın Ümumi Daxili Məhsulu üçün neftin bir barelinin 50 dollar olması ilə 45 dollar olması tamamilə başqa şeydir. Çünki kobud şəkildə ifadə etsək, neftin qiyməti 10 dollar aşağı düşəndə Rusiya ÜDM-i 1 faiz azalır.

Bəs nə gözləmək olar? Çox güman ki, Rusiya iqtisadiyyatı 2016-cı ildə böyüməyəcək. Bu haqda Rusiya Maliyyə Nazirliyi çoxdandır ki, xəbərdarlıq edir. Düzdür, indiki vəziyyət həqiqətən də ağırdır, ancaq mən deyərdim ki, fəlakətli deyil. Hələlik, 1998-ci ildəkinə bənzər perspektiv yoxdur. Əgər hakimiyyət böyük səhvlərə yol verməzsə, ölkədə sadəcə olaraq, tənəzzül yaşanacaq, ÜDM gəlirləri azalacaq. Amma bu hələ Rusiyanın maliyyə fəlakəti ilə üzləşəcəyi anlamına gəlmir.

 

- Rusiya hökumətinin iqtisadi sahədə gördüklərini bir kənra qoyub, sualı daha geniş verək. İndi iqtisadi sferada baş verənlər, yaxın zamanlarda Rusiyanın ictimai-siyasi vəziyyətinə təsir göstərəcəkmi? Öz tələblərini irəli sürmək məsələsində biznes sahəsi hakimiyyətlə münasibətlərdə daha aktiv ola biləcəkmi? Hakimiyyət ölkədəki sosial-iqtisadi vəziyyətin tənzimlənməsi üçün daha sərt tədbirlərə əl atacaqmı?

- Bəli, mən fikirləşirəm ki, nə baş verirsə, bunun hamısı Rusiyanın daxili siyasəti və ictimai həyatı üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Bu ilk öncə daha sərt büdcənin qəbul olunması, xərclərin, pensiyaların və büdcə təşkilatında çalışanların məvacibinin azalması ilə əlaqədar olacaq. Sözsüz ki, bütün bunlar ölkə daxilindəki narazılıqların artmasına gətirib çıxaracaq. Amma bu anidən baş verməyəcək. Ona görə ki, hakimiyyətin əlində çox ciddi təbliğat gücü mövcuddur.

Hakimiyyət qısa müddətli perspektivdə əksər rusiyalı vətəndaşı təbliğat vasitəsilə əmin edə bilər ki, iqtisadiyyatın belə hala düşməsində Qərb günahkardır və əgər indiki hakimiyyət olmasa, vəziyyət daha pisləşərdi. Digər tərəfdən isə aydındır ki, elitanın içərisində hamı hər şeyi yaxşı başa düşür. Hansısa əhəmiyyətli şirkəti, bankı, nazirliyi və dövlət müəssisəsini idarə edənlər içərisində bugünkü iqtisadi problemlərin hakimiyyətdən qaynaqlandığını bilməyən yoxdur. Əlbəttə ki, elita içərisində müvafiq narazılıqlar artır. Bunun nəyə gətirib çıxaracağını söyləmək isə çətindir. Rusiyada hakimiyyət başında olan adamların özləri bilirlər ki, onlar hakimiyyətdən getməyə hazırlaşmırlar. Belə addım onlar üçün hədsiz təhlükəlidir. Elə məhz ona görə də, onlar hakimiyyəti itirmək riskinə qarşı, haradasa repressiyanın köməyi ilə, haradasa problemləri pul gücünə həll etmək yolu ilə və haradasa təbliğatı gücləndirmək vasitəsilə mübarizə aparacaqlar. Ancaq gün keçdikcə pul azalır, narazılıq isə artır. Ona görə də, bu işlərin nə ilə qurtaracağını anlamaq olmur.

 

- Siz əvvəlki söhbətimiz zamanı demişdiniz ki, Rusiya dövlətinin pulu yalnız iki ili görər. Öz fikrinizi dəyşməyibsiniz ki?

– Bizim söhbətimizdən bir il vaxt keçib. Onların əlində təxminən bir illik və ya il yarımlıq pul qalıb. Ümumiyyətlə isə baxır biz hansı mənada yanaşsaq deyə bilərik ki, pul artıq qurtarıb. Xatırlatmaq istəyirəm ki, 2014-cü ilin dekabr ayında çox nikbin gözlənti üzərində qurulmuş büdcə qəbul edildi. Həmin büdcəni çox tez bir zamanda dəyişmək məcburiyyətində qaldılar. Büdcəyə 2015-ci ilin aprelində yenidən baxıldı və sərt şəkildə kəsintilərə gedildi. Hazırda Maliyyə Nazirliyinin veb saytında aydın formada deyilir ki, inflyasıyanın səviyyəsini nəzərə almaqla, pensiyaların da həmin səviyyədə saxlanması üçün pul yoxdur. Pul o mənada qurtarıb ki, yəni 2016-cı ildə pensiyaların məbləğı real ifadə ilə desək azaldılacaq. İnflyasıyanın artım səviyyəsinə uyğun pensiyaların indeksləşdirilməsi üçün pul artıq yoxdur. Bu sözlər həmçinin hərbi xərclərə də aiddir.

Rusiya Maliyyə Nazirliyi yaxşı başa düşür ki, əvvəlki plana uyğun şəkildə pul xərcləmək artıq mümkün deyil. Hal-hazırda Rusiya hökumətində hansı sahənin hesabına dövlət xərclərinin azaldılması barəsində diskussiya gedir. Əgər, hətta büdcədə əsaslı ixtisarlar aparsalar da, pul tezliklə qurtaracaq. Mənə elə gəlir ki, indi aparılacaq ixtisarlar Ehtiyat Fondunun tükənməsi tarixini geriyə çəkməyə yardım edəcək.

Kobud şəkildə ifadə etsək, kimdən pulun qopardılması və ya kimin hakimiyyətdə qalmasının vacibliyini hakimiyyət daha yaxşı görür. Bir il bundan əvvəlki plan belə idi ki, neftin qiyməti düşüb, lakin o qalxacaq. Əgər neftin qiyməti qalxmayacaqsa da belə, hakimiyyətin buna qarşı hansısa tədbirlər görülməsi planı da yoxdur və ya ən azından bu haqda heç kim danışmır.

 

- Qərbin tətbiq etdiyi mövcud sanksiyalar həmin vəziyyətə necə təsir göstərir? Siz necə fikirləşirsiniz, Qərb rublun və Rusiyadakı istehsalın vəziyyətinə baxıb arxayınlaşaraq, sanksiyaların təsirini gözləyəcək?

– Sanksiyalar Rusiya şirkətlərini və büdcəsini Qərbin kapital bazarından məhrum edir. Tamamilə aydın olur ki, Çindən heç bir yardım gəlməyəcək. 2014-cü ilin mart ayından başlayaraq, Çinə böyük ümidlər bəslənməsı yalnız kağız üzərində reallaşıb. Məsələyə bu prizmadan yanaşsaq, onda görərik ki, sanksiyalar Rusiya şirkətlərinin investisiya və inkişaf imkanlarına zərbə vurur. Qısa müddətli perspektiv üçün bütün bunlar o anlama gəlir ki, Rusiya şirkətləri bankları və həmçinin də büdcəsi sadəcə olaraq Qərbdən pul götürmək imkanını itirəcək. Uzun müddətli perspektivdə isə, bu Qərb texnologiyasından məhrum olmuş Rusiyanın neft istehsalını artıra bilməməsi deməkdir. Əlbəttə ki, uzun müddətli perspektivdə bu bizim hamımız üçün böyük problemlər yaradacaq. Çünki hətta, indiki rejimin dəyişməsindən sonra da, ölkədə lazımı investisiya çatışmayacaq və əldən buraxılmış imkanları təcili sürətdə geri qaytarmağa böyük ehtiyac yaranacaq.

Sizin sualınıza qayıdaraq, gələcəkdə nə olacağı barəsində onu deyə bilərəm ki, Qərbdə heç kim Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəmir. Sanksiyalar Rusiyanın beynəlxalq normaları açıq şəkildə pozduğu üçün tətbiq olunub..

Əgər Minsk razılaşması yerinə yetirilməyəcəksə, onda sanksiyaların güclənməsini gözləmək olar və Ukraynadakı vəziyyətin gərginləşdirilməsi davam edərsə, sanksiyalar daha da sərtləşə bilər. Mən belə başa düşürəm ki, Rusiyada Krımın qaytarılması ssenarisi müzakirə olunmur. Ona görə də Krımın ilhaq edilməsini qəbul etməyən Qərb, sanksiyaların bir hissəsini qüvvədə saxlayacaq.