vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:00 | 7 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 1040 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz onların raketlərin harada yerləşdirildiyini bilirik»

Komandan: «Ermənistanın pilotsuz təyyarəsini «Buk» raketi ilə vurduq»

Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ANS telekanalına müsahibə verib. Bu, general-leytenant Tahirovun komandan təyin edilməsindən sonra mətbuata ilk müsahibəsidir.

Virtualaz.org saytı xəbər verir ki, komandan müsahibədə Azərbaycanın Hərbi Hava Qüvvələrində (HHQ) aparılan modernizasiya barədə danışaraq bu sahədə yüksək nəticələr əldə edildiyini deyib. Məsələn, qoşunların idarəedilməsi sahəsində müasir tələblərə cavab verən Moderasiya Mərkəzi, avtomatlaşdırılmış idarəetmə sistemləri yaradılıb.

«Həmçinin hərbi hissələrdə mövcud olan hərbi texnikalar - vertolyotlar, təyyarələr və radiotexniki kəşfiyyat vasitələri modernləşdirilir, yeni texnika alınır. Müasir tələblərə cavab verən radiolokasiya stansiyaları qurularaq Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilir»-general deyib.

Ramiz Tahirov Azərbaycanın HHQ-nin şəxsi heyətinin döyüş qabiliyyətinin də yüksək səviyyədə olduğunu deyib. Xatırladıb ki, artıq ikinci ildir Türkiyə HHQ-nin iştirakı ilə hərbi təlimlər keçirilir. Bu təlimlər zamanı Türkiyə mütəxəssisləri Azərbaycan HHQ personalının döyüş hazırlığını, peşəkarlığını yüksək qiymətləndirir.

«Məsələn, Türkiyədə keçirilən «TurAz-2015» hərbi təlimlər zamanı pilot, polkovnik-leytenant Xəlil Yusubov «MiQ-29» təyyarəsinin taktiki-texniki xüsusiyyətlərindən tam istifadə etməklə yüksək peşəkarlıq göstərərək şərti hava döyüşündə «F-16» təyyarəsi üzərində üstünlüyə nail olub.

Eyni zamanda Azərbaycan daxil NATO təmsilçilərinin iştirakı ilə Türkiyədə beynəlxalq «İşıq-2015» hərbi təlimləri keçirilib. Bu təlimlərdə Azərbaycana məxsus «Mİ-17» helikopterin şəxsi heyəti də iştirak edib. Təlim zamanı «Mİ-17» helikopterin şəxsi heyəti praktiki xilasetmə əməliyyatı yüksək səviyyədə icra edib. Belə ki, çox çətin hava şəraitində bir hərbçi suda qalmışdı.

Digər ölkələrin xilasetmə heyətləri tərəddüd edəndə Azərbaycanın Hərbi Hava Qüvvələrinin şəxsi heyəti tapşırıq alandan dərhal sonra suda qalan hərbçini xilas etdilər. Bu, kənardan Azərbaycanın Hərbi Hava Qüvvələrinə verilən qiymətdir»-general bildirib.

Komandanın bildirdiyinə görə, Türkiyə HHQ ilə birgə təlimlər prezident İlham Əliyevin göstərişi əsasında başladılıb. Məqsəd Azərbaycan pilotlarının Türkiyə HHQ-nin sərəncamında olan döyüş texnikasının imkanlarını, idarəedilməsini mənsimsəməsidir. Habelə təlimlərdə döyüş təcrübəsi öyrənilir, Türkiyə pilotları da Azərbaycanın silahlanmasında olan təyyarələrlə tanış olur, birgə uçuşlar həyata keçirilir.

«Ola bilsin ki, gələcəkdə birgə sülhməramlı əməliyyatlar keçiriləndə bu təlimlər zamanı əldə olunan təcrübənin hərbi əməliyyatları planlaşdırıb onu həyata keçirəndə çox böyük köməyi olacaq»-Ramiz Tahirov deyib.

General Tahirov Azərbaycanın hərbi hava qüvvələri və hava hücumundan müdafiə qüvvələri sarıdan Ermənistan üzərində tam üstünlüyə malik olduğunu da deyib.

Onun sözlərinə görə, hazırda ermənilərin Dağlıq Qarabağ ərazisində heç bir hərbi hava qüvvələri yoxdur, təkcə Ermənistanda var: «Ermənistanda «Su-25» tipli təyyarələr, «Mi-24» helikopterləri var. Bizdə isə müasir «Mi-35», eyni zamanda »Mi-17» vertolyotları mövcuddur, habelə əvvəlcədən mövcud olan «Mi-24» vertolyotları tamamilə modernləşdirilib. Ermənilərin Dağlıq Qarabağda yerləşdirdikləri hava hücumundan müdafiə sistemlərinin tərkibində «Kruq», «Kub» və «Osa» zenit-raket kompleksləri var. «Kruq» və «Kub» köhnə nəsil zenit-raket kompleksləridir.

Hələ sovet dönəmində onların əvəzinə «Buk» müasir zenit-raket komplekslərinin istehsalına başlanılıb. Hazırda Azərbaycanın Hava Hücumundan Müdafiə sisteminin arsenalında «Buk», ermənilərdə isə «Kruq» və «Kub» var. Hava müdafiəsi zamanı «Kruq» və «Kub» sistemlərindən istifadə etmək çox çətindir, tez-tez sıradan çıxır və s. Ermənistanda «S-300» zenit-raket komplekslərinin 1980-ci illərdə istehsal olan köhnə modifikasiyası mövcuddur. Üstəlik bu raketlər Dağlıq Qarabağa yerləşdirilməyib.

Azərbaycan ordusunda isə «S-300 PMU-2» «Favorit» zenit-raket kompleksləri mövcuddur. Ermənistanın malik olduğu S-300 komplekslərinin hədəfi maksimum məhv etmə məsafəsi 75 km-dir. «S-300 PMU-2» «Favorit» zenit-raket komplekslərinin hədəfi məhv etmə məsafəsi isə 200 km-dir. Sadəcə müqayisədə görə bilərsiniz ki, texnikanın səviyyəsində biz nə dərəcədə üstünük. Şəxsi heyətin peşəkarlığı isə daha da üstündür. Buna sübut olaraq ötən il Azərbaycan zenitçisinin Qarabağda düşmənin bir ədəd «Mi 24» döyüş vertolyotunu məhv etməsini göstərə bilərik».

«Hazırda Azərbaycan ordusunun arsenalında olan «Buk» və «S-125» zenit-raket kompleksləri ilə Ermənistanın pilotsuz uçuş aparatları məhv edilir. Amma Ermənistan Azərbaycanın pilotsuz uçuş aparatlarını vura bilmir. Halbuki Azərbaycanın pilotsuz kəşfiyyat təyyarələri hər gün maneəsiz uçuşlar həyata keçirir. Əlimizdə onların imkanları, qüvvələrinin harada yerləşdiyi barədə bütün məlumatlar var. Məlumatlar əsasında lazımi tədbirlər görülür»- deyə HHQ komandanı bildirib.

Ramiz Tahirovun bildirdiyinə görə, ötən ilin noyabrında ermənilərin vertolyotunun vurulmasından sonra Dağlıq Qarabağda Ermənistan hərbi aviasiyasının uçuşları qeydə alınmayıb.

HHQ komandanı tərəflərin pilotsuz uçan aparatlarla bağlı imkanlarından da bəhs edib. Bildirib ki, Ermənistan əsasən açıq satışda olan, hərbi məqsədlə istifadəsi nəzərdə tutulmayan ucuz kvadrokopterlərdən təmas xəttində kəşfiyyat məqsədi ilə istifadə etməyə çalışır. Azərbaycan ordusu isə həmin aparatları xüsusi çətinlik çəkmədən atıcı silahlarla vurub salır.

«Bundan başqa Ermənistan «Krunk-25» tipli pilotsuz uçuş aparatları istehsal edir. Bu aparat həcmcə böyükdür, hərbi təyinatlıdır, tam olaraq kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub, sutkanın istənilən vaxtında çəkiliş aparmaq üçün kameralarla təchiz olunub. Lakin biz Azərbaycan ordusunun silahlanmasında olan «Buk» və «S-125» zenit-raket kompleksləri ilə Qarabağ üzərində Ermənistan istehsalı olan «Krunk-25» tipli pilotsuz uçuş aparatlarını da məhv etmişik»- Ramiz Tahirov deyib.

HHQ komandanı Ermənistan rəhbərliyinin müharibə başlayacağı halda Azərbaycanın neft-qaz kəmərlərinə uzaqvuran raketlərlə zərbə endiriləcəyinə dair hədələrini də şərh edib. Bildirib ki, bunlar tamamilə siyasi bəyanatlardır, hədə-qorxu gəlmək məqsədi ilə verilir.

«Lakin biz dəqiq bilirik ki, onlarda hansı vasitələr var. Məsələn, onlarda «Toçka-U» və «Elbrus» köhnə nəsil taktiki-ballistik raketləri mövcuddur. Bu raketlərin hədəfi maksimum vurma məsafəsi 280 km-dir. Biz bu raketlərin harada yerləşdirildiyini də bilirik. Əgər həmin raketlər manevr edib atəş mövqeyinə çaxarsa, onların hansı mövqedə dayanacağını biz dərhal müəyyən edəcəyik. Əvvəla Ermənistanın bu raketlərini elə start nöqtəsindəcə məhv etmək üçün vasitələrimiz var. Əgər onlar buna cürət etsələr, yəni raketləri buraxsalar, bizim Hava Hücumundan Müdafiə Qüvvələrinin imkanları o qədər genişdir ki, həmin raketləri havada məhv etmək bizim üçün heç bir çətinlik yaratmayacaq» - komandan vurğulayıb.