vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:43 | 10 noyabr 2015 | Çərşənbə axşamı Məqaləyə 1715 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehran razılaşmaları saymır

İran Azərbaycanın Xəzərdəki neft-qaz yatağını ələ keçirir

Məmməd ƏFƏNDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın yaxın zamanlarda Xəzərdəki «Sərdar Cəngal» neft yatağından ilkin neft hasilatına başlaya biləcəyinə dair xəbərlər hələ bu ilin əvvəlində yayılmışdı.

Hələ o zaman haqqin.az saytının xəbər verdiyi kimi, İran tərəfinin məlumatına görə, bu yataq böyük neft-qaz ehtiyatlarına malikdir. «Sərdar Cəngal» neft yatağı Gilan vilayətindən 188 km şimalda, Xəzərin İran sektorundakı Neka limanından 250 km şimal-qərbdə yerləşir. Və bu məntəqə məhz Tehranla Bakının hələ də həll edə bilmədiyi mübahisəli əraziyə düşür.

Mübahisəyə səbəb olan məqam da budur ki, İran öz ərazi sularının sahəsini artırmağa çalışır. Rəsmi Bakı isə sovet dövründə çəkilmiş sərhədlərin saxlanmasında israr edir. Üstəlik Türkmənistan da bu yatağa iddia edir.

Yəni «Sərdar Cəngal» neft yatağı mübahisəlidir. Bu, Xəzərdə ilk belə mübahisə predmeti deyil. Azərbaycanla Türkmənistan arasında Kəpəz-Sərdar yatağı da var. Azərbaycan hökumətindəki məlumatlı mənbənin sözlərinə görə, Bakı ilə Aşqabad bu məsələyə dair lap elə bu yaxınlarda ümumi dil tapa biliblər. Sadəcə bu yatağa dair öz fikri olan Kremldən xeyir-dua almaq qalır... Bu mübahisəyə dair danışıqlar illərdir davam edir. Tərəflər birtərəfli qərarlar qəbul etməkdən çəkinir.

Rusiya ilə Qazaxıstan da mübahisəli yataqları birgə istismar etməyin daha uğurlu variantını tapıblar. Lakin rəsmi Tehran Azərbaycanın bu yatağa aidiyyətini qətiyyətlə inkar edir. Bu da tərəflər arasında növbəti gərginliyə və münaqişəyə gətirib çıxara bilər.

Açığı, problemə bir qədər təmkinlə yanaşan rəsmi Bakının mövqeyi Azərbaycan ictimaiyyətini qane edə bilməz. Ən azı ona görə ki, İranın düşündüyü sərhəd Tehrandan başqa heç yerdə və heç kim tərəfindən tanınmayıb. İran sadəcə olaraq  Xəzərin statusu probleminin həllinə dair öz variantını təklif edir.

Sovet-İran sərhədini hələ heç kim rəsmən ləğv etməyib. Problem həll edilənə qədər əvvəllər təsdiqlənmiş prinsiplərdən çıxış etmək lazım gəlir.

Lakin İran indiyədək dəfələrlə sübut etmək istəyib ki, o, özünün hətta ən absurd tələb və iddialarını da hər nə yolla olursa-olsun (hətta güc tətbiqinə qədər!) davam etdirməyə hazırdır. Yeri gəlmişkən, BP şirkəti Xəzərin Azərbaycan sektorundakı perspektiv yataqlardan birində müqavilə əsasında kəşfiyyat işlərinə başlamaq istədiyini bəyan edən kimi Tehran öz hərbi gəmilərini hərəkətə gətirmişdi. Səbəb də sadə idi - bu ərazilərə İranın da iddiası var. Bunun ardınca İran hərbi-hava qüvvələri Azərbaycanın hava sərhədlərini müntəzəm şəkildə pozmağa başlamışdı.

Bu vəziyyət 2001-ci ilin avqustuna - Türkiyə «F-16»ları Bakı səmasında görünənə qədər davam etdi. O zaman Türkiyə Qərbin dəstəyi ilə Tehranın aqressiyasının qarşısını xeyli aldı.

Bu gün isə Azərbaycanın özü kifayət qədər güclüdür, möhkəm mövqelərə malikdir, tam müstəqil siyasət yürüdür. Bəs rəsmi Bakının bütün bunlara reaksiyası necə olacaq?

Xarici işlər naziri Elmar Məmmədyarov bu ilin əvvəlində bəyan etdi ki, Azərbaycan «Sərdar Cəngal» neft yatağının İrana məxsus olmasına şübhə ilə yanaşır və bunu mübahisələndirir. Yəni nazir bu yatağın İrana heç bir aidiyyətinin olmadığını bildirirdi.

«Həmin neft-qaz yatağı Azərbaycanla Türkmənistanın arasındadır və İrana heç bir aidiyyəti yoxdur» - deyə nazir birmənalı şəkildə bildirmişdi.

Lakin razılaşaq ki, quru bəyanat və yumşaq xəbərdarlıqlar azdır. İranın iddiasının qarşısında bunlar azdır.

Doğrudur, analitiklər İranın bəyanatlarına əvvəlcə şübhə ilə yanaşırdılar. Belə ki, azərbaycanlı və əcnəbi neftçilər 90-cı illərin sonlarında həmin ərazidə neftə rast gəlməmişdilər. İran tərəfinin oradakı ehtiyatların ümumi neft ehtiyatlarının 25 faizi qədər olması (bu isə hətta İran ölçüləri ilə də çox aşağı göstəricidir) barədəki iddiası da çoxlu suallar doğururdu.

Lakin rəsmi Tehran bu gün bəyan edir ki, noyabrın sonlarında xarici sərmayədarlara Xəzərdəki neft yataqları, o cümlədən «Sərdar Cəngal» yatağı ilə bağlı 4 layihə təqdim etməyə hazırlaşır. Bu layihələrdən ikisi kəşfiyyat, qalan ikisi isə hasilatla bağlı olacaq.

İndi qalan üç layihənin də Azərbaycanla mübahisəli əraziləri əhatə etməyəcəyini heç kim və heç bir halda istisna edə bilməz. Əgər rəsmi bakı susmaqda davam etsə, belə yataqların sayı arta da bilər.

Azərbaycan rəsmi Tehranın iddia etdiyi sahələrə yaxınlaşanda İranın özünün buna necə reaksiya verdiyini bir daha yada salaq. İranın Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilər 2001-ci ilin yayında Azərbaycanın geoloji-kəşfiyyat gəmisini «Araz-Alov-Şərq» sahəsini tərk etməyə məcbur etmişdi. Tehran bunu belə əsaslandırmışdı ki, Xəzərin statusu hələ müəyyən olunmayıb deyə bu ərazi dənizin bölünməsinə dair İran variantına görə mübahisəli sayılır. Orta xətt üzrə götürəndə isə «Sərdar Cəngal» yatağı tam şəkildə Azərbaycan sektoruna düşür. Təəssüf ki, rəsmi Bakı adekvat üsulla cavab vermir. Tehran isə bu məsələdə «güc hüququ» prinsipi ilə hərəkət edir.

Yardım üçün beynəlxalq təşkilatlara müraciət etməyin də mənası yoxdur. İran onlara sadəcə olaraq məhəl qoymur. Belə müraciətlər isə olub. Bunu Wikileaks tərəfindən açıqlanan və 2009-2010-cu illərə aid olan diplomatik depeşelər də təsdiqləyir. Ona görə də rəsmi Bakının bir çıxış yolu qalır - münaqişəni diplomatik müstəvidə həll etmək. Üstəlik ortada dövlətlərarası razılaşma da var. Bu sənəd Xəzəryanı ölkələrin maraqlarının toqquşa biləcəyi akvatorial sularda kəşfiyyat və hasilat işlərinin müvəqqəti dayandırılmasını nəzərdə tutur.

Amma bir məqamı da unutmayaq ki, dövlətlərarası və beynəlxalq sənədlər bir qayda olaraq zəif ölkələr üçündür. Güclü ölkələr onlardan yalnız öz məqsədlərinə nail olmaq üçün istifadə edir, bəzənsə onlara sadəcə olaraq məhəl qoymur. Əvvəllər İrana qarşı yenə hansısa bir tədbir görmək mümkün idisə, Tehranın Qərblə barışmasından sonra bu da çox çətin olacaq.