vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNEY  
19:10 | 10 noyabr 2015 | Çərşənbə axşamı Məqaləyə 1885 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Böyük inqilabın astanasında

Cənubi Azərbaycanda milli özünüdərk hərəkatı başlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan şəhərlərində, həmçinin paytaxt Tehranda başlamış etirazlar İran rejimində ciddi islahatların başlanğıcı ola bilər.

ANS PRESS-in məlumatına görə, İran İslam Respublikasının dövlət televiziyasının «Fitileh» proqramında Azərbaycan türklərinin təhqir edilməsi ilə etiraz aksiyaları, yerləşdiyi ostandan asılı olmayaraq bütün şəhərlərdə, demək olar ki, eyni anda başladı. Bunu teokratik rejim dövründə İranda türk millətçiliyi əsasında ilk etiraz aksiyası adlandırmaq olar.

İndiyə kimi İranda rejimə əsas etiraz edənlər əsasən qeyri-şiə müsəlmanlar - kürdlər, giləklər, beluclar idi və şiə Azərbaycan türkləri teokratik rejimə nisbətən loyal yanaşırdılar. Bu isə rəsmi Tehrana Azərbaycan türklərinin təhsil və mədəni muxtariyyət hüquqlarını qulaq ardına vurmağa şərait yaradırdı. Halbuki, İranda islam inqilabının qələbəsindən dərhal sonra - 1979-cu ildə yeni hakimiyyət Azərbaycana və Kürdüstana muxtariyyət vəd etmişdi.

Sonradan bu vədlər unuduldu. Yeni hakimiyyətdə Azərbaycan türklərinin geniş təmsil olunması sadə azərbaycanlıların təhsil və mədəni muxtariyyət hüququnu arxa plana atdı. Əslində isə, siyasi və hərbi hakimiyyətin yuxarılarında olan yüksək çinli türklər aysberqin görünən tərəfidir. Məmur nomenklaturası və orta səviyyəli zabitlər sadə azərbaycanlı vətəndaşlara və əsgərlərə qarşı ayrı-seçkilik siyasəti yürütməkdə davam edirlər.

Ayrı-seçkilik fars əsilli siyasətçilər tərəfindən də müşahidə edilir. Məsələn, 1990-cı illərdə türk (Azərbaycan) dilinin ölkənin ikinci rəsmi dili olması ilə bağlı təklif irəli sürüləndə İran parlamentində çoxluq təşkil edən fars əsilli siyasətçilər buna səs vermədilər. Beləliklə, İslamın əsas prinsiplərindən biri - bütün qövmlərin Tanrı qarşısında bərabər olması prinsipi pozulmuşdu. Yəni İran siyasətçiləri fars dilinin türk dilində üstün olmasına qərar vermişdilər. Bununla da, İran əhalisinin tən yarısının (2013-cü ilin demoqrafik məlumatlarına əsasən İran əhalisinin sayı 78 milyondan artıqdır və bunun da 40 milyona yaxını türklərdən ibarətdir) təşkil edən türklərin məcburən farsca oxumasına, məhkəmə və rəsmi dairələrdə farsca danışması tələbi qoyulmuşdu. Hətta o vaxt İran prezidenti olmuş indiki ali dini lider Seyid Əli Xamneyinin milliyyətcə Azərbaycan türkü olması bu işdə yardımçı olmamışdı.

Artıq buz sındı və hadisələr həddindən kəskinləşdi. KİV-lər İranda polis və ordu hissələri ilə toqquşma zamanı bir azərbaycanlı öldürüldüyünü bildirir. Bu xəbərlərə görə, Urmiya şəhərində toqquşmalar zamanı Əli Əkbər Murtaza oğlu adlı azərbaycanlı həlak olub. Onun polis zərbəsindən dünyasını dəyişdiyi bildirilir.

Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İrandakı bu qəfil partlayışı rəsmi dairələri tərəfindən türklərə qarşı təhqiramiz əməlləri mütəmadi olaraq təkrar etməsi ilə izah edir. «İndiyə kimi bu cür təhqirlər 4-5 dəfə olmuşdu. Xalq boğaza yığıldı və ayağa qalxdı. Bununla da, İrandakı Azərbaycan türklərinin milli özünü dərk prosesi başlayır. Sonra da bu, mədəni-milli muxtariyyətə qədər aparan bir hərəkata çevrilə bilər»,- deyə Qabil Hüseynli ANS PRESS-ə bildirib.

Politoloq bu məsələdə eyforiyaya qapılmamağı tövsiyyə edir: «İrandakı türklərin hərəkatını, məsələn, Türkiyədəki kürdlərin hərəkatı ilə eyniləşdirmək olmaz. Türkiyədə kürdlər siyasi təşkilatlanıblar və ortaya aydın tələblər qoyublar. İran türklərinin hərəkatı da inkişaf edərək bu səviyyəyə qalxmalıdır».

Amma istənilən halda, «Fitileh» proqramının türklərin tualet fırçası ilə dişlərini yuması barədə təhqiramiz verilişi İran adlanan və 15-ə yaxın ölkəni imperiya damı altında birləşdirən ərazidə böyük demokratik hərəkatın əsasını qoydu. Şərqi Avropanın sovet imperiyası əsarətindən çıxması da bu cür baş vermişdi. 16 dekabr 1989-cu ildə Rumıniyanın macarlar yaşayan Timişoare şəhərində başlayan iğtişaşlar Nikole Çauşevskinin hakimiyyətdən getməsi ilə nəticələndi. Ardınca bütün Şərqi Avropa sovet əsarətindən xilas oldu.

Vaxtı ilə İran dövlətinin titul milləti olmuş, 1925-ci ildə etnik mənşəcə türk olan Məhəmməd Rza xanın xəyanəti nəticəsində hüquqları əlindən alınmış Azərbaycan türkləri də, gün gələcək, diskriminasiya buxovundan xilas olacaqlar. Gün gələcək, adını İslam qoymuş teokratik rejim Azərbaycan türklərinin haqq səsi qarşısında boyun əyməyə məcbur olacaq, azərbaycanlılar bütün mədəni və siyasi muxtariyyətə sahib olacaqlar. Əgər teokratik rejim İslamın əsas prinsipi olan bərabərlik prinsipinə səs verməyəcəksə, mənfur Hitler, Stalin və Franko rejimləri kimi tarixə gömüləcək.