vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
17:09 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 816 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tranzit müharibəsi ...

... və ya Ukraynadan Azərbaycana 50 faizlik güzəşt xahişi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Dəmir Yolları Azərbaycan və Gürcüstana müraciət edərək tranzit yükdaşımalarına görə indiki tariflərin 50 faiz aşağı salınmasını xahiş edib. Virtualaz.org xəbər verir ki, bu barədə Ukrayna Dəmir Yollarının kommersiya departamentinin rəhbəri İvan Xoryakov bildirib.

Rusiya Ukrayna yüklərinin Orta Asiya respublikalarına və Çinə tranzitini dayandırandan sonra təxminən iki həftə əvvəl Kiyev alternativ variant kimi Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizini seçib. Dəhlizi sınaqdan keçirmək üçün Odessadan qubernator Mixail Saakaşvilinin iştirakı ilə təntənəli şəkildə 5 vaqondan ibarət qatar yola salınıb. Qatar bu günlərdə Bakıya çatıb və buradan Orta Asiyaya istiqamət alıb. Lakin belə görünür ki, dəhlizin sınaqları Kiyevi qane etməyib. Çünki bu dəhlizlə yükdaşımalar baha başa gəlir.

İvan Xoryakov bildirib ki, əgər Rusiyadan yan keçməklə Orta Asiyaya yükdaşımalar üçün yol tapa bilməsə ildə 1 milyon ton yük itirəcək. O, qeyd edib ki, Azərbaycan və Gürcüstandan keçən dəhlizin cəlbedici olması üçün tranzit tarifləri aşağı salınmalı, yükdaşımalar sürətləndirilməlidir.

«Tarifləri təkcə dəmiryolçular aşağı salmalı deyil, həmçinin bərə xidməti göstərən gəmiçilik şirkətləri də bunu etməlidir. Həmçinin liman yığımlarını da azaltmaq lazımdır» - Ukrayna nümayəndəsi deyib.

Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşəndən sonra Azərbaycan üzərindən keçən dəhlizin əhəmiyyəti daha da artıb. Rusiya Orta Asiyaya yük daşıyan Türkiyə TIR-larını sərhəddən buraxmadığı üçün onların bir hissəsi Azərbaycan dəhlizinə yönəlib. Eyni zamanda Türkiyə tərəfinin xahişi ilə Azərbaycan bərə və liman tariflərini  yarıbayarı aşağı salıb. Daha sonra region ölkələrinin dəmiryol operatorları «İpək yolu» dəhlizindən istifadə üzrə vahid tariflərin müəyyən edilməsinə dair razılığa gəliblər.

Ardınca Rusiya Ukrayna yüklərinin tranzitinə qadağa qoyduğunan bu dəhlizin əhəmiyyəti daha da artıb. Çünki Ukrayna yüklərinin daşınması üçün yeganə alternativ Qara dəniz və Xəzər dənizindən bərələrlə daşınmaqla məhz Azərbaycan-Gürcüstan dəhlizi idi.  Ancaq belə görünür ki, bu dəhlizdən istifadə indiki şərtlərlə Ukraynanı qane etmir. Lakin Azərbaycan tarifləri daha nə qədər aşağı sala bilər, bunun üçün limiti varmı? Bu suala yaxın vaxtlarda cavab tapmaq mümkün olacaq.