vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
18:17 | 2 fevral 2016 | Çərşənbə axşamı Məqaləyə 2472 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pullar xalqa paylanacaq...

Kommunizmə doğru: «Hər kəsdən qabiliyyətinə görə, hər kəsə - tələbatına görə»

Məmməd SÜLEYMANOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hər kəsdən qabiliyyətinə görə, hər kəsə - tələbatına görə». Bu, kommunizmin prinsipidir. Onun əleyhinə əsas ittiham isə bu prinsip tətbiq olunarsa tüfeylilərin kef çəkəcəyi, zəhmət çəkənlərin isə onların yükünü daşıyacağı ittihamıdır.

Yaxud, deyirlər ki, bu prinsip rəqabəti öldürür. Guya ki, rəqabət bu dərəcədə gərəkli anlayışdır. Halbuki, insanın insanla rəqabəti yox, köhnə terminologiya ilə desək, yarışı gərəklidir. Bunun isə rəqabətə heç bir aidiyyəti yoxdur.

Və budur, kapitalist Qərbində də yuxarıdakı prinsipin hətta nəzəri də yox, praktik faydasından danışmağa başlayıblar. Yalnız danışmağa yox, həm də tətbiqinə «yaşıl işıq» yandırmağa. Düzdür, heç kəs istehsal vasitələri üzərində xüsusi mülkiyyəti ləğv etmək, siniflərin antaqonizminə son qoymaq, yaxud periferiya kapitalizmi ölkələrinin istismarını durdurmaq kimi radikal metodlar təklif etmir. Ancaq hətta mərkəzi kapitalist dövlətlərində belə kommunizm prinsipinə həvəs diqqətəlayiqdir.

Söhbət bir neçə nümunədən gedəcək. Əvvəla, yanvarın 31-də məlum oldu ki, İsveçrənin federal hökuməti ölkənin bütün əhalisi üçün şərtsiz gəlir məsələsini referenduma çıxarmağa razılıq verib. Bu, nə deməkdir? O deməkdir ki, iyunda referendumda qanunlara dəyişiklik baş tutsa, işləyib-işləməməklərindən asılı olmayaraq hər bir isveçrəliyə ayda 2500 frank (2250 avro) pul ödəniləcək. Uşaqlar üçün bu məbləğ 625 frank olacaq.

Bütün əhalinin şərtsiz gəlirlə təmin olunması üçün ildə 208 milyard frank tələb olunur. Onun 150 milyardı vergilərdən, qalanı isə sosial sığorta fondlarının vəsaitindən formalaşacaq.

Bir sözlə, istəyirsən işlə, istəyirsən əlini ağdan qaraya vurma - hamıya elə bir məbləğ ödəniləcək ki, onunla «ağ adam» kimi yaşaya biləcəksən. Bununla da məşğulluqla rifah arasındakı əlaqə qırılacaq.

Bu cür yanaşmanın çoxsaylı tərəfdarlarının sözlərinə görə, əhalinin böyük hissəsi onsuz da işləməkdə davam edəcək. Üstünlük isə ondadır ki, onlar maaşın çox olduğu (və məhz pula görə çalışdıqları) yeri yox, ürəklərinə daha yaxın sahələri seçəcəklər. Yəni, onsuz da yaşamaq üçün vəsait var, niyə də fərd məhz sevdiyi işi seçməsin? Üstəlik, şərtsiz gəlir yoxsullar üçün nəzərdə tutulan çoxsaylı dotasiyaların inzibatlaşdırılmasında qənaət etməyə imkan verir - dotasiyalar sadəcə ləğv olunacaq.

Əlbəttə, referendumun hansı nəticə ilə bitəcəyini proqnozlaşdırmaq çətindir, ancaq sorğulara görə isveçrəlilərin artıq 40 faizi bu ideyanı dəstəkləyir. Və heç də etiraz etmir ki, iş yerləri boş qalacaq, tüfeylilik isə maksimum artacaq. Əksinə, bu təklif hər kəsə məhz istədiyi işi seçməyə imkan verəcək.

***

Şərtsiz gəlir mövzusu son vaxtlar bir neçə Qərb ölkəsində aktiv müzakirə edilir. Məsələn, belə bir eksperiment artıq Almaniyada aparılıb və çox maraqlı nəticələrə səbəb olub.

2014-cü ildə Almaniyanın 26 sakini maraqlı sosial eksperimentdə iştirak edib. Məqsəd konkret suala cavab tapmaqdı: bütün ölkədə şərtsiz gəlir mexanizmini tətbiq etmək mümkünmü?

Eksperimentin təşkilatçısı Berlindən olan sahibkar Mixail Bohmeyer idi, maliyyə vəsaiti isə kraudfandinq yolu ilə (könüllü ianələrlə) toplanmışdı. Əgər hər sakinə ayda 1000 avro verilərsə, almanlar özlərini necə apararlar? - sual bu cür qoyulmuşdu.

26 iştirakçıya 1 il ərzində hər ay 1000 avro vəsait verilir və sonunda bəlli olur ki, onların heç biri tüfeyliliyi seçmir, əksinə, maraqsız saydıqları işi həmişə arzuladıqları (ancaq maaşı az olan) işlərə dəyişirlər. Məsələn, iştirakçılardan biri vəsaiti uşaqlarla könüllü işləməyə (bu, onun çoxdankı arzusu olub), ikincisi - teatr tamaşaları qoymağa, üçüncüsü isə ekoloji təmiz məhsullar yetişdirməyə sərf edir.

Bohmayer eksperimentin nəticələri barədə deyir: «İştirakçıların hamısı axşamlar rahat yatmağa başlayır. Həyat tərzləri isə elə də çox dəyişilmir: tələbələr təhsil almaqda, fəhlələr işləməkdə davam edirlər. Əsas dəyişikliklər onların düşüncə tərzində baş verir. İnsanlar özlərini daha azad və daha sağlam hiss etməyə başlayırlar».

Çünki, mövcudluq uğrunda mübarizənin yerinə, işsizliyin və pulsuzluğun qorxusundan uzaq azad həyat gəlir.

***

Və əgər Almaniyada eksperimentlə kifayətləniblərsə, Finlandiyada daha uzağa gediblər. 2017-ci ildən başlayaraq orada bütün vətəndaşlara hər ay 800 avro pul veriləcək. Heç kəs kənarda qalmayacaq, yəni, ən yüksək gəliri olanlara da bu məbləğ ödənəcək və bu vəsaitdən vergi tutulmayacaq.

Əgər insan pulsuz qalmayacağına əmindirsə, qabağına çıxan birinci işdən yapışmaq əvəzinə, sakitcə və diqqətlə məhz özünə uyğun gələn işi axtaracaq - Finlandiyada bu cür fikirləşirlər. Və sorğuların nəticələrinə görə, ölkə əhalisinin 69 faizi şərtsiz gəlir mexanizminin tətbiqinin lehinədir. O cümlədən, fermer və fəhlələrin 69, iş adamlarının 60, tələbələrin isə 74 faizi ideyanı dəstəkləyir.

Şərtsiz gəlirlə bağlı digər ölkələrdə (məsələn, Namibiya, Uqanda, Braziliya, Keniya, Hollandiya) aparılmış eksperimentlər də skeptiklərin «İşsizlər bütün pulu içkiyə xərcləyəcək» kimi iddialarını doğrultmayıb. Əksinə, pozitiv effektləri ortaya qoyub. Yaxud, Rusiyada keçirilmiş sorğuya görə, respondentlərin 52 faizi yetərincə pulu olsa belə işləməyi atmayacağını bildirib. Şərtsiz gəlirlə bağlı müzakirələr hazırda Hollandiyada da aparılır.

Əlbəttə, bu faktlar «ilk qaranquşlar»dır, ancaq tendensiya göz önündədir...