vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MƏMLƏKƏT  
21:00 | 11 aprel 2016 | Bazar ertəsi Məqaləyə 2783 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Geomaqnit qasırğası gözlənilir

Şamaxı rəsədxanası xəbərdarlıq etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Günəş səthində hazırda mövcud olan və «tac dəliyi»ndən başlanğıcını götürəcək yüksək sürətli Günəş plazma küləyinin təsiri nəticəsində növbəti geomaqnit qasırğası gözlənilir. Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

E.Babayev gözlənilən təbiət hadisəsinin səbəbini belə izah edir: «Günəş «minimum buzunu sındırıb». Hər zaman sürprizlərlə dolu olan Günəşin səthində cəmi 26 ləkə və 1 fəallıq qrupunun (ləkələr toplusu - AR) müşahidə olunmasına baxmayaraq, alışma fəallığı artıb və bu ləkələrin yaxınlığında hər an müxtəlif gücə malik alışmanın baş vermə ehtimalı yüksəkdir. Diskin ortasına yaxınlaşan və yeganə aktiv region olan AR 2529 mürəkkəb maqnit konfiqurasiyasına və böyük alışma potensialına malikdir; o, diskin ortasına yaxınlaşdıqca geoeffektiv vəziyyət alır. Burada baş verə biləcək ixtiyari alışma böyük ehtimalla Yerə doğru yönələcək. AR 2529 cəmisi 2-3 gün ərzində ölçüsünü iki dəfə artırıb və onu hətta həvəskar astronomlar birbaşa görə bilirlər - ləkənin ölçüsü Yerin iki mislinə bərabərdir. Tutqun şüşə ilə baxdıqda onu asanlıqla görmək olar.

Orta sinifli alışmalar geomaqnit qasırğası yaratmaq iqtidarında deyil. Bu dəfəki qasırğanın səbəbi isə Günəş səthində hazırda mövcud olan və pərəbənzər «tac dəliyi»ndən başlanğıcını götürəcək yüksək sürətli Günəş plazma küləyinin təsiri olacaq («tac dəlikləri» demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir). Təsirlər aprelin 13-dən başlayacaq və 14-də hiss olunacaq».

Alim qeyd edib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 1-dir (maksimum 9 olur) – bu isə zəif həyəcanlanma deməkdir. Lakin aprelin 13-14-də geomaqnit həyəcanlanmasının artacağı gözlənilir. Planetlərarası maqnit sahəsinin «z komponenti» cənub istiqamətini göstərərsə, həyəcanlanma daha da güclənəcək. Bu halda yüklü plazma zərrəciklərinin Yerin maqnitosferinə asanlıqla daxil olması üçün əlverişli fiziki şərait yaranır. Geomaqnit vəziyyətin nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqaməti ilə yanaşı, Günəş küləyinin sürətindən də asılıdır. Gözlənilən qasırğa yuxarı en dairələrində daha effektiv olacaq. Bizim yerləşdiyimiz orta coğrafi en dairələri üçün təsirin orta və ya zəif olması gözlənilir.

E.Babayev bildirib ki, sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur. Lakin qış risk qrupuna daxil olan insanlar üçün narahatçılıq yarana bilər. Bu, xroniki xəstələr (xüsusilə ürək-qan-damar xəstəlikləri olan insanlar), ahıl insanlar və azyaşlılarda özünü bir qədər qabarıq şəkildə büruzə verəcək. Həkim məsləhəti əsasında profilaktik tədbirlərin görülməsi faydalı olardı.