vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
16:30 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 13113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yorğan davası»...

...və ya «Həvəskar balıqçılar»dan əcaib şantaj

Emin VƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Vay!!! Həvəskar balıqçılar dönüb birdən-birə kommersant olub, işə bax. Molla Nəsrəddin demiş, heç demə neçə vaxtdır «dava yorğan davasıymış». Niyə belə deyirəm? Bu barədə sonra...

Qısa məlumat: Ekologiya və Təbii Sərvətlər Nazitliyinin (ETSN) İctimai Ekoloji Şurasının növbəti toplantısında KİV nümayəndəsi kimi iştirak edirdim. Müzakirə olunan məsələlər sırasında həvəskar balıqçılar adlanan bir ictimai qrupun anormal müraciəti də yer almışdı. Belə başa düşdüm ki, ictimai təşkilat kimi ictimai nəzarətlə məşğul olan şəxslər həvəskar balıqçılar adlı MMC, yəni biznes qurumu yaradıb. Onlar Nazirliyə müraciət edib torpaq verilməsini, ictimai təşkilat adı altında təbiətin mühafizəsinə zərər yetirməklə biznes üstünlüyü qazanmaq və mənfəət əldə etmək istəyir. Təbii ki, məsələ Şura üzvlərinin etirazlarına səbəb oldu və məni də maraqlandırdı. «Həvəskarların» («Facebook»da səhifəsi də var) «Facebook»dakı səhifəsini vərəqlədim. Nələr oxudum, nələr gördüm (videoları və şəkilləri nəzərdə tuturam): yaxşı təşkil olunmuş qara kampaniya, uzaq vuran toplardan artilleriya hazırlığı...

Yəqin bu da təsadüf deyil ki, «həvəskarlar» sosial mediada intensiv «hücum əməliyyatlarına» başladıqları yeri, məhz Şirvan kanalı ərazisini ETSN-dən almaq barədə müraciət ediblər.

Elə ona görə imiş ki, həvəskarların başçısı adıçəkilən şurada saxta «bəyənmə»lər yığdığı «Facebook» səhifəsindən ağız dolu danışırdı. Yeri gəlmişkən, bununla öyünən və saxta «bəyənmə»lərlə şantaj edib pul qazananları tanıyırıq. Amma onların sonu həmişə uçurumda qurtarıb.    

...Və qənaətim belə oldu, həqiqətən dava yorğan davasıymış. Hətta cəmiyyətdə ictimai qınaq anlamı ilə manipulyasiya etməyin pis mənada «yollarını» da öyrəndim.

Adlarını həvəskar balıqçı qoyan adamlar açıq alverə baş vurur. Səhifələrində insanları neçə vaxtdır dolayırlarmış, guya bunlar balıqların qeydinə qalır, ölkənin dərdlərinə əlac axtarır, gələcəyimizi düşünürlərmiş. İç üzləri açıldı: «yorğan davası».

Hay-küy salıb məmurları, dövlət adamlarını sağdan-sola qamçılayıblar ki, qoymayın Xəzəri sökdülər, Kürü qurutdular, Şirvan kanalını dağıtdılar, balıqlar qırıldı qurtardı, nə bilim nələr... Əllərində kameralar düşüblər düzlərə videolar, şəkillər çəkir, materialları hüquq-mühafizə orqanlarına vermək əvəzinə öz məqsədlərinə xidmət göstərirlər. Bu şantaj deyil, bəs nədir?

Məsələnin mahiyyətini bilməsən fikirləşərsən ki, əhsən bunlara, bu patriotlara. Deyərdim ki, sadə vətəndaşlar ictimaiyyəti düşündürən məsələlərin həlli üçün çalışır və nə xoş bu məmləkətə ki, belə övladları var... Amma çox təəssüf, yanlışlıq... indiyədək adamların hissləri ilə oynanılıb.

Adamlar ictimai nəzarətçi adı ilə cildlənmiş bir qrup hərisin oyuncağı olubmuş, sən demə. Məqsədləri indi açıqca bəlli oldu: balıq alveri etmək, pul qazanmaq, torpaq almaq, cib doldurmaq,  harınlayıb sadəlövh insanları tapdalamaq və nəhayət ölkənin gələcəyinə də, ictimaiyyəti düşündürən məsələlərə də, onlara inanan insanların hisslərinə də tüpürməyə cəhd göstərmək...

Klassik fırıldaqçılığın müasir təzahürü, informasiya texnologiyalarına söykənən avanqard dələduzluq. Qərbdə, xüsusən də Amerikada vəhşi kapitalizmin çiçəklənən dövrlərində, yəni  19-cu əsrin sonlarında belə oxşar fırıldaqçılar tarixə məlumdur, bizim fırıldaqçıların da vəhşi xisləti elə onlara bənzəyir. «Nə yoğurdum, nə yapdım hazırca kökə tapdım».

Adamları axmaq yerinə qoyan bu adamcıqların hoqqalarını anlamaqdan da qorxmaq lazım. Deyirəm, belə öncə hesablanan kombinasiyanı düşünənlərdən, vallah qorxmaq lazımdır, məncə yorğan davasını sona çatdırmaq üçün nə desən gözlə bunlardan...

Amma nə qədər sadəlövh olsaq da, oyun anlaşılıb. Gec deyil, hələ səmimiyyətini saxlayan insanların (həm də ETSN-nin rəhbərliyinin, orada yaradılan İctimai Ekoloji Şuranın üzvlərinin) köməyi ilə gələcəyimizi bu pisliklərdən, cildlənmiş pul hərislərindən, hisslərimizlə oynayaraq cib doldurmaq istəyən «mədəni» alverçilərdən  təmizləyə bilərik.

Çünki iştirak etdiyim ETSN-nin İctimai Şurasının iclasında müzakirə olunan məsələlərdən biri də bu idi və Şuranın üzvlərini də məhz məsələnin bu tərəfi narahat edirdi....

Məsələ nədən ibarətdir? Deməli, «Facebook»da ictimai qrup adı altında canfəşanlıq edən bu başbilənlər səhifələrində, dediyim kimi,  məqsədli olaraq qara piar kampaniyası aparsalar da, ictimai nəzarətin vacibliyini nəzərə alaraq, onların «cib doldurmağa» hesablanan hücumunu anlamadan (onların bu can-fəşanlığı əvvəlcədən şübhə doğursa belə) ETSN vaxtaşırı olaraq həyata keçirdiyi reydlərə bu klubun üzvlərini də daxil edib. Bir neçə belə yoxlamada ictimai nəzarətçi kimi iştirak edən «nəzarətçilər» onlara göstərilən etimaddan sui-istifadə edərək, (belə anladım ki, nazirlik onları ictimai nəzarət sektorunu gücləndirmək üçün dəvət edib və neqativ halların aradan qaldırılmasında ictimai yardımçı rolunda görüb, bunlar isə sən demə şantajla məşğul olub) ictimai təşkilat kimi vətəndaş cəmiyyətinin aktiv üzvlərinə çevrilmək yerinə, ictimai nəzarəti yerinə yetirmək əvəzinə, əvvəlcədən düşündükləri cib doldurmaq, pul qazanmaq hərisliklərini Nazirliyə sırımaq istəyib və MMC, yəni bizneslə məşğul olmaq üçün kommersiya təşkilatı yaradıb, dövlətə məxsus torpaqların onlara verilməsi üçün müraciət ediblər.

Yəni bu işbazlar öz tərəflərindən iddia edir ki, ana balıqların tədarük yeri olan Şirvan kanalında Nazirlik balıq tədarük etməsin, öz xidmətini ləğv etsin və yeri versin bizə, biz balıq tutaq, lisenziya verək, nə bilim daha nələr edək. Yəni bu işə nəzarət etmək əvəzinə, nəzarət mexanizmi formalaşdırmağa çalışmaq yerinə ictimai xarakterli adlarından istifadə edərək pul qazanmağı düşünürlər. Daha başa düşmək istəmirlər ki, dövlət burdan tədarük etdiyi ana balıqlardan kürü alıb yetişdirdikdən sonra dənizə atmasa, onsuz da azalan balıq ehtiyatı daha da azalacaq.  

Əcaba nə qədər məntiqsizlik olar? Özünü ağıllı sayıb başqasını axmaq yerinə qoymağın ən pik nöqtəsinə gəlib çatmışıq. Sovet dövrünün jarqonları ilə desək, təmiz möhtəkirlikdi, bir də «ünsürlər», «elementlər» və sairədirlər... «Ağıllılığın» dərəcəsinə bax, deyir nazirlik gətirsin 1000 hektar torpağı, kanalı versin, biz də gedək özümüzə xəzinə düzəldib içini dolduraq. Guya bilmirlər ki, Ekologiya nazirliyinin torpaq vermək səlahiyyəti yoxdur? Guya bilmirlər ki, dövlət əmlakını və torpaqlarını idarə edən Əmlak komitəsinin özəlləşmə siyahısında Ekologiya nazirliyinin balansında olan torpaqların adı yoxdur, icarəyə də verilə bilməz? Bu barədə iclasda QHT nümayəndəsi açıq və səlist məlumat verdi ki...

Görün, adını vətəndaş cəmiyyətinin nümayəndəsi qoyan, ictimai nəzarətçi sayan adamlar açıq şantajla məşğuldur. İctimai nəzarətçi belə xain qarın maraqlarına xidmət edirsə, onda məmurdan nə istəyirik? Məmur da cəmiyyətin bir hissəsidir, hətta onların bir çoxu bu yaramaz «nəzarətçilərdən» daha qürurludur, vətənsevərdir, deyə bilərik. Cəmiyyətdə bu yaramaz işlərin kökü elə burdan gəlmirmi? Budurmu vətəndaş cəmiyyəti?

Düşünürəm ki, yorğan davasının sonu elə cib davası ilə bitməliydi. Bəli, belə görünür ki, ictimai nəzarətin, yəni bunlar kimi dırnaqarası nəzarətçilərin məqsədi pisi düzəltmək deyil, gördükləri neqativləri əllərinə keçirmək və həmin nöqtəni öz cibinə yönəltməklə daha da pisləşdirməkdir.

Amma baş tutmadı saxta nəzarətçilərin oyunları. Vətəndaş cəmiyyətinin həqiqi nümayəndələri(müşahidələrimə görə orada  QHT nümayəndələrindən Samir İsayev, Telman Zeynalov, Azər Qarayev, Fəridə Hüseynova də iştirak edirdi)   onlara düz yolda olmadıqlarını anlatdılar, (onlar deyəndə, orada bu «həvəskar» MMC təmsilçilərindən Qulam adlı birisinin kölgəli çıxışı yadımda qalıb) ictimai nəzarət sektorunun adından istifadə etməklə vətəndaşları, dövlət qurumlarını şantaj etməyin mənasızlığını başa saldılar. Beləliklə, ən sadə və ədalətli formul açıqlandı: başqasından şəffaflıq tələb edirsənsə, özün daha şəffaf ol! 

Daha bir təpki: siz «həvəskarlar» da bilirsiz ki, məlum iqtisadi səbəblərdən Neftçalada balıqçılara güzəşt olunur ki, balıq tutub ailəsini dolandırsın. Bu barədə Ekoloji Şuranın iclasında da sizə bildirildi. Siz bu brakonyer adlandırdığınız adamı  videoya çəkib şantaj eləməkdənsə, indiyə qədər gedib, adi qaydada bələdiyyədən dəniz kənarından bir yer alıb müəssisə yaratsaydız, (mən belə başa düşdüm və iclasda elan etdiz ki, milyon manatlarla vəsaitiniz var) həm onları maarifləndirərdiz, həm də qanuni balıq ovu ilə məşğul olmağa imkan yaradardız. Onda hamı bunu alqışlayardı. Amma siz özbaşınıza qərar çıxarıbsız ki, balıqartırma müəssisəsini və ona məxsus torpaqları versinlər sizə, yoxsa şantajı davam etdirəcəksiniz. Məgər bilmirsiz ki, balıqartırma  müəssisələri, torpaqlar özəlləşmir və icarəyə verilmir?  

Bir də ki, bu insanların biznes yaratmaq istəyi kimsəni narahat etmir, get başqaları kimi icradan, bələdiyyədən torpağını al, işini gör, xeyirli olsun! İkrah hissi yaradan bilirsiz nədir? Yalançı patriotluqla guya ictimai fəaliyyət göstərib vətənə təmənnasız xidmət göstərilir. Əslində isə bunun arxasında şəxsi biznes maraqları və şantaj yolu ilə torpaq qoparmaq istəyi dayanır.

P.S. Həvəskar balıqçılıq mənim bildiyim qədər bir xobbidir. O, dincəlmək üçün, belə deyək, stressini atmaq üşün harda olsa tilovunu atıb, istirahətini edəcək. Yəni ona balıq lazım deyil, istirahət daha önəmlidir. Bu adlarını həvəskar qoyanlar isə Neftçalada ailəsini dolandırmaq üçün balıq tutan brakonyerdən 5 qat çox brakonyerdir. Çünki neftçalalı balıqçı bunu bir tikə çörəyi üçün edir, bu «həvəskarlar» isə artıq mafiya qurub, milyonlar qazanmaq üçün dəridən-qabıqdan çıxır.