vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
14:40 | 13 aprel 2016 | Çərşənbə Məqaləyə 1826 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dost və düşmən siyahısı

«Düşmənimin düşməni mənim dostumdur» prisnipi ilə hərəkət edən dövlət hansıdır

Mənsur RƏĞBƏTOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağlıq Qarabağ münaqişəsindəki son gərginlik dünyanın bir sıra dövlətlərini Azərbaycan və Ermənistan olmaqla iki cəbhəyə ayırdı. Lokal qarşıdurmanın regional miqyası əhatə edəcəyi ehtimalı gündəmə gələn kimi Azərbaycan və Ermənistana müttəfiq sayılan dövlətlər özlərini göstərməyə başladılar.

Azərbaycan cəbhəsində vuruşanlar

Azərbaycanın yanında 100 minlik ordusunu hazır vəziyyətə gətirən Pakistanla yanaşı, «Müharibə başlayan kimi İrəvandayıq» deyən qardaş Türkiyə var. Dağlıq Qarabağı işğal etdiyinə görə Ermənistanla bütün əlaqələri kəsən Səudiyyə Ərəbistanı və İsraildən də Azərbaycana hərbi dəstəyin veriləcəyinə dair mesajlar gəldi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edərək diplomatik sahədə Ermənistanla əlaqələrini soyudan və qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Özbəkistandan da müəyyən fikirlər səsləndirildi. Qarabağ münaqişəsini sırf Rusiyanın nüfuz savaşı kimi qəbul edən bir sıra Qərb dövlətlərindən də Azərbaycanın mübarizəsinə hələlik nəzəri dəstək verildi.

Ekspertlər Rusiyanın Cənubi Qafqazda manevr imkanlarını məhdudlaşdırmaq istəyən Qərb və ABŞ-ın müharibə vəziyyətində Azərbaycana hərbi dəstək verəcəyini istisna etmirlər. Avrasiya İttifaqı, Gömrük Birliyi, MDB və KTMT-dən çıxmaq barədə düşünməyə başlayan Belarusdan Azərbaycana dəstəyin gəlməsi isə sürpriz idi. Məlumdur ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bu təhlükənin bumeranq effektilə özünə dəyəcəyindən çəkinən Belarus Qərblə münasibətlərini qaydasına salmağa çalışır. Bu məqsədlə Avropa İttifaqı və ABŞ-ın tələbləri üzərindən Lukaşenko hökuməti demokratik islahatlara gedərək, ilkin olaraq siyasi məhbusları azad etdi və şəffaf seçkilərin keçiriləcəyi mesajını verdi.

Ekspertlər bunu nəzərə alaraq, müttəfiq olmasına baxmayaraq, Belarusun Rusiyanın iradəsinin əksinə gedərək Azərbaycanı dəstəkləməsini təsadüf hesab etmirlər. Savaş vəziyyətində bu ölkənin Azərbaycanın cəbhəsində yer alacağı istisna deyil. Qərbdən olan nəzəri və sözdə dəstəyə gəlincə, həmin dövlətlər bu münaqişəni sırf Rusiyanın geoisyasi savaşı kimi dəyərləndirdikləri üçün Azərbaycana dəstək nümayiş etdirdilər. Yəni, münaqişədə Rusiya faktoru önəmli rol oynamasaydı, savaş vəziyyətində Qərb və ABŞ məsələyə ikili yanaşacaqdı.


Ermənistan cəbhəsi

Ermənistana da dəstək verildi, ənənəvi olaraq Rusiya və İrandan. Kremlin silahlı qarşıdurma başlayan kimi ilkin mövqeyi bu oldu ki, döyüşlər Dağlıq Qarabağ bölgəsindən kənara çıxacağı halda Rusiya KTMT çərçivəsində müttəfiqi Ermənistanı dəstəkləyəcək. Əlbəttə, bu mesaj göründüyü kimi deyil. Savaş əsnasında atılan bir mərminin Dağlıq Qarabağı keçərək Ermənistan ərazisinə düşmək ehtimalı yüksəkdir. Belə bir vəziyyətdə Rusiya bunu ehtimal nəzəriyyəsi kimi dəyərləndirməyəcəkdi. Zatən, son qarşıdurmada Ermənistanın vurduğu deyilən Azərbaycanın helikopterinin əslində rusiyalı hərbçilərin vurması yönündə gələn məlumatlar var. Rusiya kimi İran da vəziyyəti eyni qiymətləndirir. Gərginlik dönəmində erməni hərbçilərinin iki dəfə Azərbaycana atmaq istədiyi bombalar İran ərazilərinə düşdü.

Hər iki halda molla rejimi məsələni bildiyi halda «Bir də belə olsa, İran cavab vermək məcburiyyətində qalacaq» mesajını verdi. İran Ermənistanın adını hallandırmadı, görünür, bu, dolayı yolla Azərbaycana qarşı verilmiş mesaj və müttəfiq Ermənistanın müdafiəsi idi. Həmçinin İranın işğalçını gördüyü halda hər iki tərəfə eyni münasibəti göstərməsi, əlbəttə, Ermənistanın xeyrinə sayılmalıdır. Zatən, I Qarabağ müharibəsində İrandan Ermənistana hansı səviyyədə humanitar və hərbi yardımın verildiyi məlumdur. Əlbəttə, Ermənistana dəstək təkcə İran və Rusiyadan verilmədi. Erməni lobbisinin meydan suladığı Fransa, PKK, HDP kimi terror təşkilatları, «Abxaziya», «Cənubi Osetiya», «Transdnestr» kimi Rusiyanın nəzarətində olan qondarma respublikalar da Ermənistanı dəstəklədilər.


«Azərbaycanı Pakistan və Türkiyə dəstəkləyir»

Hərbi-ekspert Üzeyir Cəfərov «Cümhuriyət»ə bildirib ki, son proseslərdə Azərbaycanı konkret olaraq Türkiyə və Pakistan dəstəklədi. Ü.Cəfərovun sözlərinə görə, dost sayılacaq digər dövlətlərdən səs çıxmadı: «Ermənistanı bilavasitə Rusiya dəstəkləyir və yardım edir. Özləri görünməsə də, kölgələri görünən Minsk Qrupunun həmsədr dövlətləri də Ermənistanı dəstəkləyirlər. Bundan sonra baş verəcək proseslərdə də eyni mənzərəni görəcəyik. Dəfələrlə qeyd etmişik ki, müsəlman və Türk dünyasında birliyin olması vacibdir. Təəssüflər olsun ki, bu arzu olaraq qalır. Düşünmürəm ki, bundan sonra da hansısa dəyişiklik olsun, olsa daha yaxşı olardı. Çünki savaşın böyük hissəsi qarşıdadır. Biz də vaxt itirməməliyik, çünki vaxtın itirilməsi bizim ziyanımıza olacaq. Biz hər şeyə hazır olmalıyıq».


«İran Azərbaycana dəstək olacaq»

Hərbi-ekspert Ramil Məmmədli «Cümhuriyət»ə deyib ki, qlobal çərçivədən münaqişəyə baxdıqda Azərbaycanın yanında ilk növbədə, Pakistan və Türkiyəni görürük. R.Məmmədli qeyd edib ki, hər iki dövlət Silahlı Qüvvələrilə Azərbaycanı dəstəkləyir: «Siyasi müstəvidə də Pakistan və Türkiyə Azərbaycanın yanındadır. Bundan başqa bir sıra dövlətlər də siyasi və iqtisadi maraqları kontekstində Azərbaycanın yanında olacaqlar. Bunlar Qərb dövlətləridir. Bir sıra Qərb dövlətləri birbaşa olmasa da, dolayısıyla Azərbaycanı dəstəkləyəcəklər. Təbii ki, atəşkəs rejiminə riayət olunması yönündə müəyyən açıqlamalar olacaq. Amma bunlar Azərbaycanın əleyhinə yönəlməyəcək. Aprelin 1-dən 4-nədək olan silahlı qarşıdurmada Qərbdən verilən açıqlamalar Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi kontekstində idi.

Bura Macarıstan, Almaniya, Böyük Britaniya, bir sıra NATO dövlətləri və digərləri daxildir. İslam və müsəlman dövlətlərindən də Səudiyyə Ərəbistanı və mənimlə razı olmasalar da, İran Azərbaycanın mövqeyini dəstəkləyəcək. Ermənistanı dəstəkləyən dövlət isə birmənalı olaraq Rusiyadır. KTMT çərçivəsində Ermənistanın müttəfiqi olan dövlətlərin son proseslərə dair verdiyi açıqlamalardan bu qənaətə gəlmək olar ki, birmənalı olaraq Ermənistanı dəstəkləməyəcəklər. Bunlar Belarus, Qırğızıstan və Qazaxıstandır. Bu mənada Ermənistanı hərbi və siyasi mənada dəstəkləyəcək yeganə dövlət Rusiyadır. Bu sıraya Fransanı da aid etmək olar. Amma Fransanın NATO və Avropa İttifaqı üzvü olaraq, Ermənistana fərdi qaydada dəstək verməsi inandırıcı gəlmir. Yəni hərbi əməliyyatlar yenidən başlasa, bu vəziyyətdə Azərbaycanın ərazi bütövlüyünə dəstək olacaq dövlətlərin sayı çox olacaq, nəinki Ermənistanın».