vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REPORTYOR  
14:26 | 17 may 2016 | Çərşənbə axşamı Məqaləyə 2265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskva qeydləri

Qədərincə azərbaycanlı, qədərincə təşkilat, amma...

Səbuhi MƏMMƏDLİ, Moskva

MÖVZU İLƏ ƏLAQƏLİ

«Moskva nəinki göz yaşlarına inanmır, hələ vurub adamın gözünü də çıxarar; əgər özünü adam balası kimi aparmasan».

Bunu Moskvadakı dostlarımızdan biri deyir. İllərdi bu azman şəhərdə ticarətlə məşğul olur dostumuz. Və illərdi ki, özünü «adam balası» kimi apardığından, «Şükür Allaha, nə miqrasiya ilə problemim var, nə polislə» deyir.

«Özünü adam kimi aparmaq» bu böyük şəhərdə ilk şərtdir. Bəlkə də yeganə şərtdir.

Səndən nə tələb edirlər ki? Yaşadığın ünvanda qeydiyyatda ol, işləmək üçün iznin olsun, metroya girəndə turniketdən tullanma, xuliqanlıq eləmə, narkotikə baş qoşma. İçmək?  Səudiyyə Ərəbistanı deyil ki?

Qədərində iç də...

***

Əslində statistikaya görə, ruslardan sonra ən çox azərbaycanlılar yaşayır Moskvada.

Yəni qədərincə.

Bütün Qafqaz xalqları və orta asiyalılar kimi dükan-bazarlarda məskunlaşmışıq. Amma ermənilərdən, gürcülərdən, orta asiyalılardan fərqimiz ondadır ki, bizimkilər bazarlarda hakim mövqedədir. Və indinin özündə belə bu mövqeni əldən vermirik. Baxmayaraq ki, Moskva bazarlarının bir çoxu bağlanıb, hipermarketlər klassik bazarları vurub sıradan çıxarıb, amma yenə də ordayıq. Sonuncu bazar qalana qədər də orada olacağıq, deyəsən.

Amma yenə də bədnam və dost qonşularımızdan, orta asiyalılardan fərqli olaraq, azərbaycanlıların adı həm də «Forbes»in siyahısında çəkilir. Bu siyahıda – adlarını çəkdik-çəkmədik özünüz tanıyırsınız – bir neçə azərbaycanlının adı var.

Yəni qədərincə.

Paytaxtda bir neçə diaspor qurumumuz fəaliyyət göstərir. Rusiyanın bütün subyektlərində nümayəndəliyi olan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK), başı qalmaqaldan ayrılmayan «Azerros», Moskvada yaşayan ədəbiyyat, sənət adamlarını özündə birləşdirən «Şəhriyar» Ədəbi Məclisi, nə işlə məşğul olduğu bilinməyən və bazarda ofisi tutmuş Moskva Azərbaycan Cəmiyyəti, «Ocaq» və s. və i.a. İrili-xırdalı çoxdurlar.

Biri Diaspora Komitəsini qəbul eləmir, biri səfirliyi. Parakəndə fəaliyyətin nəticəsidir ki, Moskvada Azərbaycan adına olanları da itiririk . Məsələn, «Bakı» kinoteatrını. Azərbaycana, azərbaycanlılara bağlı o boyda mədəniyyət obyektini əlimizdən alırlar.  Yeri gəlmişkən, bu dəfə yadımdan çıxdı, gələn dəfə gərək gedim baxım, görəsən Nizaminin heykəlinin zədələnmiş hissəsi necə, bərpa olundumu? Azərbaycan adına bircə heykəlimiz var o boyda şəhərdə...

***

Bəs qədərincə azərbaycanlının və azərbaycanlı milyonçunun yaşadığı və qədərincə diaspora qurumunun olduğu bir şəhərdə nədən…ermənilər 110 min tirajla qəzet çıxara bilir, amma bizim bircə normal qəzetimiz də yoxdur. Alışov qardaşlarını tanıyırdım, öz xərcləri hesabına «Millətin səsi» qəzetini çıxarırdılar. Kömək üçün müraciət eləmədikləri yer qalmamışdı. Kömək üçün müraciət etdiklərindən birini tanıyıram, böyük bir idarəyə başçılıq edir. Bir dəfə «Qız qalası» restoranında oriental rəqs edən qızların göbəyinə dalbadal 5-6 yüzlük dollar dürtmüşdü.

Ermənilərin «Noyev kovçeq» («Nuh gəmis»i) qəzeti 110 min tirajla çıxıb, əksər ictimai yerlərdə pulsuz paylandığı halda qədərincə azərbaycanlının və azərbaycanlı milyonçunun yaşadığı bir şəhərdə düz-əməlli bir qəzet buraxa bilmirik. Ya da istəmirik.

Ağrılıdır, eləmi? Qədərincə...

***

Yadıma nə düşdü? 4 günlük müharibə zamanı və ondan sonra ermənilərin şüvən qoparması. Moskvanın əksər mətbuat mərkəzlərini zəbt etmişdilər. Yalan-palan, hədyan… Azərbaycanın ünvanına nələr demirdilər? Və bu dəmdə, bu vurhavurda Azərbaycan KİV-nin birində çoooox önəmli xəbər bomba kimi düşür: «Moskvadakı Azərbaycan İcması Evində Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə «Söz buketi, nəğmə çələngi» başlığı altında ədəbi-bədii gecə keçirildi. Tədbirdə Moskvada yaşayan şairlər - Sultan Mərzili, Əliş Əvəz, Yavər Həsən, Mirabbas Ağdabanlı, Səidə Rəhimli, Yaşar Süleymanlı müxtəlif mövzularda, ən başlıcası isə vətənpərvərlik mövzusunda öz yazdıqları şeirləri səsləndirdilər».

Şeir, poeziya yaxşı şeydir. Amma məşhur kinoda deyildiyi kimi, «şeir vaxtı deyil, afət!» Bu adamlar bu dövrdə bir-birinə şeir deyib qulaq asmağı kənara qoyub, ən azı bircə saatlıq da olsa bir mətbuat mərkəzi kirayləməliydilər, heç olmasa. Bir saatlıq da olsa. Çox yox, bircə rus jurnalistlinə Qarabağda nələrin baş verdiyini anlatsaydılar, qədərincə xeyirli idi. Yenə qədərincə?

Hələ Oleq Kuznetsovu demirəm. Bu zavalı – vallah yaxşı mənada - «İstoriya transnatsionalnoqo armyanskoqo terrorizma v XX stoletii» («20-ci əsrdə transmilli erməni terrorunun tarixi») adlı kitab yazıb. Az qala 3 aydır ki,  azərbaycanlılara müraciət edir, bankda hesab nömrəsini qoyub yalvarır ki, nə olar, bu kitabın çapına kömək edin.

Kuznetsov ona yardım edənlərin siyahısını da açıqlayır hər dəfə. Unutmuşam, neçə nəfər idi, amma bir neçə günədək o siyahıya bilirsinizmi neçə diaspora sədri, tanınmışı kömək etmişdi? İnanmazsız, heç bircə nəfər də! Kömək eləyənlər isə elə-belə, sıravi adamlar idi. Kuznetsov da bizimkilərdən səs çıxmadığından kampaniyasını bitirib…

Qədərincə faciəli məqamdı…

***

Amma bütün bunlara rəğmən, Moskvada bir neçə gənc var. Azərbaycanı hər məqamda təbliğ edən gənclər. Əllərindəki məhdud imkanlarla elə işlər görürlər ki…

Növbəti yazı onlardan olacaq, o gənclərdən…