vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ƏDƏBİYYAT  
00:57 | 18 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2388 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nobelin «təsadüfi» qəhrəmanları

«Orxan Pamuk Nobeli alanda bizim media deyirdi ki, ...»

Elmin NURİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Son illərdə ədəbiyyat üzrə Nobel mükafatının qələm dünyasında o qədər də tanınmayan və söz sahibi olmayan şəxslərə verilməsi az qala vərdişə çevrilib. Doğrudur, elə bir ədəbi sima ola bilər ki, o, çox tanınmamasına rəğmən hansısa şedevr bir əsəri ilə dünya ədəbiyyatını silkələyə və Nobeli haqq edə bilər. Nobel mükafatı tarixində bu cür yazıçılar az deyil. Lakin müşahidələr göstərdi ki, son 5-6 ildə, hətta ondan da əvvəl ədəbiyyat üzrə Nobel alan şəxslər yaradıcılıq baxımından da çox seçilən olmadılar. Mo Yan, Patrik Madiano, Alisa Munro, Svetlana Aleksieviç və başqaları ancaq Nobel mükafatını qazandıqları ildə dünyanın ədəbi gündəmində qala bildilər. Amma illərdir ki, Nobel proqnozları səhv çıxan və hələ də bu mükafata layiq görülməyən Milan Kundera, Salman Rüşdi, Umberto Eko, Murakami, İsmayel Kadare kimi yazarlar bu gün də dünya ədəbiyyatının gündəmindədirlər. Nobelin «təsadüfi» ədəbi simalara bəxşişi onun sonrakı taleyinə, nüfuzuna nə kimi zərbə vura bilər?

Ədəbiyyatşünas alim, BDU-nun dosenti Məti Osmanoğlu Moderator.az saytına açıqlamasında bu məsələni ədəbiyyat meyarına  dünya miqyasında o qədər də böyük marağın olmaması ilə əlaqələndirib:

«Məsələnin bu cür qoyuluşu son 5-6 ilin söhbəti deyil. Bu daha əvvəllərə gedib çıxır. Məsələn, dili dilimizdən olan Orxan Pamuk 10 il əvvəl Nobelə layiq görüləndə onun bu mükafatı siyasi mülahizələrə görə aldığı iddia edilmişdi və bizim media da bu nüfuzlu mükafatın təsadüfi müəllifə verildiyi fikrinə üstünlük verirdi. Zaman Orxan Pamukun «sürpriz isim» olmadığını sübut elədi... Mənə elə gəlir ki, belə təsəvvürün yaranmasında bir neçə amil var. Birinci amil dünya ədəbiyyatında önə çıxan, bütün qitələrdə və ölkələrdə maraqla oxunan yazıçıların olmamağıdır. İkincisi, ədəbiyyata dəyər verən oxucu amilinin passivliyidir. Məsələn, futbol üzrə «Qızıl top» mükafatına futbol azarkeşlərinin əksəriyyəti əvvəlcədən öz namizədini müəyyənləşdirdiyi halda, ədəbiyyat sahəsində konkret oxucu namizədləri, demək olar ki, formalaşmır. Bütün bunlar - son 5-6 ildə «sürpriz isim» sualının daha da aktuallaşması, məncə, içində də özüm olmaqla cəmiyyətin məlumatsızlığından irəli gəlir. İndi informasiya texnologiyaları nə qədər inkişaf etsə də, insanların məlumat almaq imkanları hüdudsuz şəkildə genişlənsə də, ədəbiyyat və elm sahəsində zəruri yenilikləri izləmək də mürəkkəbləşib. Dünya ədəbiyyatında nə baş verdiyi, hansı tendensiyaların yarandığı, hansı müəlliflərin hansı yeni əsərləri yazdığı barədə çox az, bəzən də çox gec xəbər tuturuq və ya heç xəbər tuta bilmirik. Son 5-6 ildə Nobel mükafatı alan adlar sürpriz kimi görünə bilər, lakin bu adların təsadüf olduğu fikrinə qatılmıram. Əslində, Nobel ədəbiyyat mükafatına dünya ədəbiyyatının ən maraqlı hadisələri barədə ictimaiyyəti məlumatlandırma – PR aktı kimi yanaşılmasını daha düzgün hesab edirəm. Bob Dilanın yaradıcılığına bundan sonra dünyada, eləcə də Azərbaycanda daha böyük maraq göstəriləcək. Əminəm ki, bizim cəmiyyət son Nobel mükafatçısını bundan sonra tanıyacaq, onun «böyük Amerika mahnı ənənələrində yaratdığı yeni poetik ifadələrlə» tanış olacaq. Həmin ifadələr bizim xoşumuza gələcək, yoxsa gəlmətyəcək? – bu artıq başqa söhbətdir».