vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AMERİKA  
23:08 | 17 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 572 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Amerikalılar daha demokratiyaya inanmır

Budəfəki seçki kampaniyası dəyərlərin dəyişdiyini nümayiş etdirir

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikalıların demokratiyaya, eləcə də bir-birinə inamı azalmaqdadır. «The Washington Post» qəzetinin ABŞ seçkiləri haqda yeni yazısı bu haqdadır. Qəzet yazır ki, ABŞ-da budəfəki seçki kampaniyası seçkidən çox, Amerika demokratiyasının dəstəklədiyi dəyərlərin dəyişdiyini nümayiş etdirir.

Oktyabrın əvvəlində aparılan sorğular amerikalıların çoxunun demokratiyaya inamını itirdiyini, seçicilərin böyük hissəsinin səsvermənin qanuniliyini qəbul etməyəcəyini göstərir.

Sorğu 3 min seçici arasında aparılıb və onlardan 40 faizi «Mən Amerika demokratiyasına etibarımı itirmişəm» deyib. 6 faizi sistemə heç vaxt etibar etmədiyini bildirib. Seçicilərin yalnız yarıdan bir qədər çoxu – 52 faizi «Amerika demokratiyasına inanıram» söyləyib.

Respublikaçıların tərəfdarlarıyla demokratların tərəfdarları arasında bu cür düşünənlərin say fərqi var. Demokratların namizədi Hillari Klintonu müdafiə edən seçicilərin 10-dan 6-sı, respublikaçıların namizədi Donald Tramp tərəfdarlarının 10-dan 4-ü ABŞ demokratiyasına inandığını bildirir. Trampı müdafiə edənlərin çoxu, ümumiyyətlə, Birləşmiş Ştatlarda idarəetmə mexanizminə etimadını itirdiyini deyib.

Demokratiyaya inamın göstəricilərindən biri bu seçkidə uduzacaq namizədin tərəfdarlarının seçkinin nəticələriylə barışıb-barışmayacağı barədə suallara verilən cavablardır. Respondentlərin çoxu namizədləri qalib gəlməyəcəyi halda seçkinin qanuniliyinə şübhə edəcəklərini bildirirlər.

«Survey Monkey» seçki izləmə təşkilatının apardığı sorğular üzə çıxarıb ki, respondentlərin cəmi 31 faizi istədiyi namizəd seçilməsə belə, seçkinin nəticələrinə şübhə etməyəcək. 28 faiz seçkinin nəticələrini, yəqin ki, ya da heç qəbul etməyəcəyini bildirib. Yenə də, seçkinin nəticələrinə şübhə ilə yanaşacaqlarını bildirənlər daha çox Trampın tərəfdarlarıdır. Amma bu cür düşünənlərin sayının hər iki tərəfdə çoxalması ABŞ-da milyonlarla adamın seçkinin qanuniliyinə şübhə etdiyini göstərir. Bu dəyişikliyi seçki kampaniyası zamanı müşahidə olunan ruh düşkünlüyü ilə bağlamaq olar, amma müəlliflərin fikrincə, bu rəqəmlər daha dərin problemlərdən xəbər verir, demokratiyanın dayağı olan sosial etimadın dağılmaqda olduğunu göstərir.

Amerikalıların dövlətə etibarının azalması institutlara etibarın azalması deməkdir. 40 il ərzində «Gallup» ABŞ-da mətbuat, din, ictimai məktəblər, banklar, birliklər və böyük bizneslər kimi institutlara inamın böyük olduğunu müəyyən edirdi. İndi bütün institutlara etimad göstəriciləri ən aşağı həddə düşüb, ya da yaxınlaşıb. «The Washington Post» belə yazır.

Daha pisi isə amerikalıların bir-birinə inamının azalmasıdır. Sorğularda iştirak edən ABŞ vətəndaşlarının cəmi 31 faizi «çox adama etibar etmək olar» deyib. 67 faiz fikrini «camaatla iş görəndə ehtiyatlı olmaq lazımdır» deyə bildirib. Maraqlısı odur ki, bu fikirdə olanların əksəriyyəti gənclərdir.

Bu sualla dünyanın çox yerində, həm də çoxdan sorğular aparılırdı və belə cavab verənlərin sayı ABŞ-da başqaları ilə müqayisədə, adətən, az olurdu. Avropada qeyri-liberal partiyaların çoxalmasından sonra Birləşmiş Ştatlarda da hökumətə etimadsızlığın yuxarı həddə çatması bütün dünyada bu meylin artmasından xəbər verir.

Amma müəlliflər qeyd edirlər ki, demokratiyaya inamın bundan aşağı düşdüyü dövrlər (məsələn, vətəndaş müharibəsi dövrü) olub. Hətta bəzi Avropa ölkələrində diktaturayla demokratiyanı alış-veriş edənlər vardı. Ancaq ABŞ bu durumda deyil, Birləşmiş Ştatlarda əhali hələ də konstitusional funksiyanın – səlahiyyətlərin bölünməsi funksiyasının tərəfdarıdır və bir liderin idarəçiliyinə qarşı çıxır.

Amma soyuqluq və stress baxımından Veymar Respublikası (1919-1933-cu illərdə Almaniyada mövcud olmuş respublika dövrü-red.) həddinə gəlməsə də, ABŞ-da da fikir ayrılıqlarına yaxın gələcəkdə son qoyulacağıyla bağlı bədbin olanların sayı çoxdur. ABŞ seçicilərinin 80%-i hesab edir ki, ölkə indi heç vaxt olmadığı qədər bölünüb və çoxları bu fikir ayrılığının hələ uzun müddət davam edəcəyini düşünür. İndi siyasi liderlər anlamalıdırlar ki, seçki kampaniyasının üzə çıxardığı bu fikir ayrılığı problemini, sadəcə, seçkini keçirməklə sağaltmaq olmayacaq. «The Washington Post» belə yazır. («Azadlıq» radiosunun xülasəsi)