vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
20:39 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 744 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin uzun barmaqları

Qərbi qorxudan S-300 və S-400 raketləri

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabrın əvvəllərində Rusiya Müdafiə Nazirliyi Suriyada S-300 B4 zenit-raket komplekslərinin dislokasiyasını başa çatdırıb. Bu, S-300 zenit-raket komplekslərinin modifikasiya olunmuş versiyasıdır və ilk dəfədir ki, Rusiya onu ölkə hüdudlarından kənarda dislokasiya edir. S-300 B4 kompleksləri 400 kilometrə qədər məsafədə istənilən hava hədəflərini, o cümlədən qanadlı və ballistik raketləri vura bilir. Rusiya bu raketlərin Suriyada yerləşdirilməsini ABŞ-ın Bəşər Əsəd qüvvələrinə raket zərbələri endirmək barədə müzakirələr aparmasına cavab olaraq həyata keçirmişdi.

Virtualaz.org xəbər verir ki, Rusiyanın S-300 B4 komplekslərini Suriyada yerləşdirməsi bölgədə hava əməliyyatları həyata keçirən Qərb ölkələrini, o cümlədən İsraili ciddi narahat edir. Bundan bir əvvəl isə Rusiya Suriyadakı Hmeymim aviabazasında S-400 zenit-raket komplekslərini yerləşdirmidi. S-300 B4 kompleksləri öz göstəricilərinə görə S-400 komplekslərinə yaxındır, ancaq tırtıllı şassi üzərində yerləşir.

İsrail mətbuatı yazır ki, Rusiyanın Suriyada yerləşdirdiyi zenit-raket kompleksləri nəinki bu ölkənin hava məkanını tamamilə nəzarətdə saxlamağa imkan verir, eyni zamanda İsrailin hava məkanının dərinliklərində də istənilən hava hədəfini neytrallaşdıra bilər.

Doğrudur, hələlik İsrail Suriyanın hava məkanında Rusiya ilə qarşılaşmayıb. İsrail Müdafiə Nazirliyi bildirir ki, ruslarla koordinasiyalı fəaliyyət göstərirlər. Ancaq bu yaxınlarda Suriya Hava Hücumundan Müdafiə qüvvələri İsrail təyyarəsini vurmağa cəhd edib və Təl-Əvivdə hesab edirlər ki, bu cəsarət məhz Rusiyanın zenit-raket sistemləri sayəsində meydana çıxmışdı.

İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın Hava Hücumundan Müdafiə sistemləri ilə mübarizəsinin uzun tarixçəsi var və bu qarşılaşma israillilər həmişə uğur qazanmayıblar. Ərəb-İsrail müharibəsi zamanı İsrail aviasiyası SSRİ-nin Suriyaya və Misirə verdiyi zenit batareyaları ilə mübarizə aparırdı. Ərəb ölkələri başa düşürdülər ki, onların əlində olan sovet təyyarələri İsrail aviasiyası ilə bacara bilməz və bu səbəbdən əsas gücü zenit-raket sistemlərinə vermək lazımdır. Həmin müharibədə İsrail aviasiyası 102 təyyarə itirdi, 53 pilot həlak oldu. Və hamısı da zenit-raket batareyalarının ucbatından. Raketlər qanadlara üstün gəldi.

Lakin 1982-ci ildə Livanda birinci müharibə zamanı İsrail aviasiyası Suriyanın HHM sistemini sıradan çıxarmaq üçün «Artsab-19» kod adlı əməliyyat keçirdi və bu əməliyyat hələ də hərb akademiyalarında tədris olunur. İsrail HHQ-i Suriyanın 19 zenit-raket batareyasını məhv etmişdi və heç bir itki verməmişdi. Bundan sonra hər iki tərəfdən 300-ə yaxın təyyarənin iştirakı ilə şiddətli hava döyüşü başladı və Suriya aviasiyası 23 təyyarə itirdi. Bu dəfə qanadlar raketlərə qalib gəldi.

Lakin o vaxtdan bəri Suriya öz hava hücumundan müdafiə sistemini təkmilləşdirib. Xüsusən də Rusiya Bəşər Əsədə köməyə gedəndən sonra bu ölkədə ən müasir və ən güclü zenit-raket komplekslərini yerləşdirib.

Bura daha əvvəldən Suriya ordusunun sərəncamına verilən S-300 kompleksləri də daxildir. Həmin komplekslər 200 kilometrə qədər məsafədə hədəfləri vura bilir, onu döyüşə hazırlamaq üçün cəmi 5 dəqiqə kifayətdir. Kompleks eyni zamanda 100-ə qədər hədəfi izləyib onların 35-ə qədərini vurmaq imkanındadır. S-300 kompleksləri həm çox böyük hündürlüklərdə, həm aşağıda uçan təyyarələri vura bilir.

S-300 kompleskləri Suriya ordusunun sərəncamında olsa da onları rusiyalı operatorlar idarə edir. Xarici mənbələr isə əvvəllər xəbər vermişdi ki, İsrail təyyarəçiləri Yunanıstanda keçirilən birgə təlimlər zamanı S-300 raketlərinə qarşı mübarizənin yolunu öyrəniblər.

Lakin S-300 B4 kompleksləri daha mükəmməldir və Rusiya onları Tartus limanı sahillərində yerləşdirib. Nəzəri olaraq bu komplekslər ABŞ-ın Bəşər Əsəd qüvvələrinin bazalarına «Tomoqavk» qanadlı raketləri ilə vurmasını istisna edir. Doğrudur, ABŞ-ın B-2 strateji bombardmançıları və  F-22 «Raptor» qırıcıları istənilən zenit-raket komplekslərinin zərbəsindən yayına bilər. Lakin ABŞ-ın bunu praktikada yoxlamaq niyyəti yoxdur və artıq belə demək olar ki, Rusiyanın zenit-raket kompleksləri Bəşər Əsədi mümkün raket hücumlarından sığorta edib.

Hmeymim aviabazasında yerləşdirilmiş S-400 «Triumf» zenit-raket kompleksləri 250 kilometrdən 400 kilometrə qədər məsafədə təyyarələri vura bilir, eyni anda 80-ə qədər hədəfi vurmaq imkanındadır. Kompleks hava hücumuna cəmi 70 saniyədə reaksiya verir, bir batareya S-400 kompleksinə 8 start qurğusu və 70- ə yaxın raket daxildir.

Hazırda Rusiyanın «Almaz Antey» korporasiyası S-500 zenit-raket komplekslərinin üzərində işləyir. Bu komplekslər qitələrarası ballistik raketləri məhv etmək üçün nəzərdə tutulub, 600 kilometr mənzilə malikdir. Qərbdə S-500 raketləri ciddi narahatlıq doğurur, ancaq hələ onların silahlanmaya qəbul edildiyi haqda məlumat yoxdur.

S-300 və S-400 komplekslərindən əlavə Rusiya Suriya ordusuna hələ müharibədən əvvəl «Pantsir», «Buk», «Osa» , «Tor» zenit-raket kompleksləri verib. Bunlar da müasir aviasiyanı təhdid edən ciddi silahlardır və 2012-ci ildə Suriya məhz «Pantsir S-1» kompleksi ilə Türkiyə Hərbi Hava Qüvvələrinin F-4 qırıcısını vurub salmışdı.

Hərbi analitiklər hesab edir ki, 6 ildir davam edən müharibədə Əsədin quru qoşunları böyük itkilər verib gücdən düşsə də Suriyanın havadan müdafiəsi Rusiyanın yerləşdirdiyi raketlər hesabına praktiki olaraq keçilməzdir. Hələlik Qərb koalisiyası Suriyada İŞİD hədəflərini vurur və bu raketləri işə salmağa ehtiyac yoxdur...