vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜƏLLİF  
21:14 | 25 noyabr 2016 | Cümə Məqaləyə 1934 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ»ı kim məğlub etdi?

Nəinki «Qarabağ»ı, elə «Qəbələ»ni də...

MÖVZU İLƏ ƏLAQƏLİ

Deyəsən, dincəldik axı. Sizi bilmirəm, mənim köpüm alındı. Əslində, mənim köpüm hələ iki il əvvəl, «Qarabağ»ın Bakıda «Zalsburq»la keçirilən oyunundan sonra alınmışdı. Həmin oyundan sonra mənə aydın oldu ki, «Qarabağ»ı böyüməyə, inkişaf etməyə qoymayacaqlar. Nəinki «Qarabağ»ı, elə «Qəbələ»ni də.

«Slovan»a «Qarabağ» məğlub olmadı. Heç «Anderlext»ə də uduzan «Qəbələ» deyildi. Məğlub olan Azərbaycan futboluna rəhbərlik edənlərin düşüncəsi, futbola baxışı, idarəetmə sistemi idi.

Cəmi bircə detalı dəyişmişdi «Qarabağ»ın. Rəşad Sadıqov yox idi. Qurban Qurbanov məcburiyyətdən onun mövqeyində Maksimi, Maksimin də yerində Arifi oynadırdı. Bircə detalın olmaması ilə bütün sistem pozulmuşdu. Qurbanovun əlinin altında Rəşad Sadıqovu əvəz edəcək futbolçu olsaydı, o, Maksimi mərkəzə çəkərdi? Təbii ki, yox.

Bəs niyə Azərbaycan futbolunda ikinci Rəşad Sadıqov yoxdu? 35 yaşlı bu futbolçu Fuad Musayevin Azərbaycan futboluna rəhbərlik etdiyi pulsuz dönəmdə yetişib ey. İndiki AFFA rəhbərliyi son 8 ildə 8 milyard pul «yuyub» futbolda, amma bircə Rəşad Sadıqov yetişdirə bilməyiblər. Heç yetişdirə bilməyəcəklər də. Cəhənnəmə yetişdirsinlər, amma «Qarabağ»ı «Slovan» qarşısında əliyalın qoymamaq da olardı axı. Bunların kal başlarının məhsulu olan zəhrimara qalmış limit ləğv edilsəydi. Amma etmirlər. Niyə, nə səbəbə? Özlərinin agentlik etdikləri yerli «futbolçular»ın komandalarda oynamasını təmin etmək üçün. Axı bu zəhrimara qalmış limit ləğv edilsəydi, Qurban Qurbanov da Rəşad Sadıqovun mövqeyinə legioner gətirərdi, daha gününü qəlyan çəkməklə keçirən yerlilərin ümidinə qalmazdı.

«Qarabağ»ı «Slovan», «Qəbələ»ni «Anderlext» məğlub etmədi. Avroliqada iştirak edən komandalarımızı AFFA, bu qurumun kalbaş idarəçiləri məğlub edir. Hələ məğlub ola-ola gedəcəyik.

İki il əvvəl «Zalsburq»la Bakıdakı oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanova belə bir sual vermişdim: «Reynaldonun qırmızı vərəqə almasından, Cumbinyonun zədələnməsindən sonra Avstriyadakı oyunda onların əvəzinə meydana yerli futbolçuları buraxmaq məcburiyyətində qalacaqsız. İndi mən sizi ittiham edib desəm ki, niyə onları əvəz edəcək legionerləriniz yoxdu, siz deyəcəksiz ki, limit buna imkan vermir. Məhz bu məqamda etiraf edirsiz ki, AFFA rəhbərliyi Çempionlar Liqasının qrup mərhələsində oynaya biləcək komanda yaratmaq üçün sizə heç vaxt imkan verməyəcək?». Cavabı belə olmuşdu Qurban Qurbanovun: «Mən sizin fikirlərinizə heç vaxt etiraz etməmişəm, indi də etmirəm». Bir az diplomatik, amma sətiraltı mənası çox şeyi ehtiva edən cavab.

«Qarabağ»ı «Slovan» məğlub etmədi. «Qarabağ»ı məğlub edənlər, burdadılar, AFFA-nın binasında.

Deyəsən, dincəldik axı...