vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
09:30 | 7 dekabr 2016 | Çərşənbə Məqaləyə 1557 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Regionda güc balansı dəyişəcək...

Pakistan və Türkiyə ilə ortaq hərbi birləşmə Qarabağa nə vəd edir?

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına ikinci rəsmi səfərinə hazırlıq gedir. Gələn ilin əvvəlinə planlaşdırılan bu ziyarət, şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında növbəti mərhələnin əsasını qoyacaq. Pakistan Azərbaycandan ötrü faktiki, Türkiyə qədər vazkeçilməz, dost-müttəfiq statusunda və dəyərində olan bir dövlətdir. Müstəqilliyimizi Türkiyədən sonra ikinci sırada tanımış Pakistan həmçinin nüvə silahına malik yeganə müttəfiqimizdir.

Bu, nüvə dövləti Rusiya ilə Ermənistanın müttəfiqliyinin ölkəmiz üzərində yaratdığı psixoloji üstünlüyü tamamən neytrallaşdırmağa qadir yetərincə mühüm və strateji əhəmiyyətli bir məqamdır. Ən önəmlisi odur ki, Pakistan Ermənistan üzərində hərbi üstünlüyümüzü saxlamaq üçün bizə real şəkildə kömək edə biləcək həlledici dövlətlərdən biridir. Prezident İlham Əliyevin qarşıdakı səfəri hər şeydən öncə bu kontekstdə önəm daşıyır.

Bu ərəfədə Naxçıvanda Türkiyə-Azərbaycan-Pakistan, yaxud Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə birgə hərbi birləşməsinin yaradılması barədə təkliflər irəli sürülməyə, xəbərlər yayılmağa başlayıb. Belə bir hərbi birləşmənin yaradılmasının Qarabağ probleminə təsiri necə ola bilər? Ümumiyyətlə, bu cür hərbi birləşmə yaradılması mümkündürmü?

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, maraqlı təklif və arzudur. İlk baxışda Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin ruhunu ifadə etdiyi üçün cazibədar görünür. Amma indiki şəraitdə Türkiyənin NATO üzvü olması bu cür üçlü hərbi birləşmə yaradılmasına maneədir: «Türkiyə NATO üzvüdür və avrotlantik ittifaqın yaradılması ilə bağlı müqavilənin 8-ci bəndinə əsasən alyansdankənar hər hansı 3-cü ölkə ilə hərbi ittifaqda olmağı qadağan edir. Avratlantik ittifaqın müqaviləsinə əsasən alyans üzvləri öz üzərlərinə bu müqavilədən kənar nəinki ikitərəfli, yaxud üçtərəfli, hətta beynəlxalq hərbi öhdəliklər belə götürə bilməzlər.

Türkiyənin hər hansı bir 3-cü dövlətlə hərbi ittifaqda olması üçün ilk növbədə Avratlantik İttifaqın müqaviləsindən çıxması lazımdır. Bu isə hazırda mümkün deyil, Türkiyənin dövlət maraqları da buna imkan vermir. Azərbaycanın Türkiyə ilə eyni hərbi-siyasi ittifaqda təmsil olunması bir halda baş tuta bilər ki, ölkəmiz NATO üzvlüyünə qəbul olunsun. Lakin burada da yolumuzu NATO müqaviləsinin müddəaları kəsir. Yəni ərazisində münaqişə olan, yaxud hər hansı bir dövlətlə münaqişədə olan ölkələrin NATO üzvlüyünə qəbul olunması mümkün deyil».

Politoloqa görə, Pakistan hər hansı hərbi-siyasi blokda təmsil olunmadığı üçün belə bir öhdəliyi yoxdur və bu ölkə Azərbaycanla hərbi-siyasi ittifaqa girə, birgə hərbi birləşmələr yarada bilər: «Belə bir ittifaqın baş tutması üçün əlverişli regional və beynəlxalq şərait olmalıdır. Hazırda dünyada həddindən artıq mürəkkəb proseslər gedir. Belə bir vəziyyətdə heç bir ölkə risk etmək istəmir və proseslərə müəyyən qədər aydınlıq gəlməsini gözləyir. Reallıq daha təmkinli davranmağı tələb edir. Azərbaycan Türkiyə və Pakistanla hərbi əməkdaşlığını davam etdirə bilər. Xüsusilə də hərbi-sənaye kompleksləri arasındakı əməkdaşlıq çərçivəsində. Hərbi-sənaye kompleksləri arasında əməkdaşlığın özü Azərbaycan ordusunun silahla təchizatı baxımından vacibdir. Ordumuzun güclənməsinin isə təbii ki, Qarabağ məsələsinin həllində təsiri var».

Politoloq Natiq Miri bildirdi ki, Azərbaycan-Türkiyə-Pakistan üçlü hərbi ittifaqı, birgə hərbi birləşmələrini yaratmaq Türkiyənin NATO üzvü olması səbəbindən asan deyil: «Ona görə də  Azərbaycan-Pakistan birgə hərbi birləşmələrinin yaradılmasından söhbət gedə bilər. Mümkün olan budur. Azərbaycan Pakistanla hərbi müttəfiqliklə bağlı saziş imzalaya bilər. Naxçıvan üzərindəki haqlarını da nəzərə alaraq orada Türkiyə hərbi hava qüvvələrinin bir eskadrilyası yerləşdirilə bilər ki, bu da gələcəkdə Naxçıvan Azərbaycan ərazisi olduğu üçün istənilən təhlükə zamanı türk savaş uçaqlarının bütün Azərbaycan boyu hərəkət etməsinə şərait yarada bilər.

O ki qaldı Qarabağ məsələsinə, indiki halda belə bir üçlü və ya ikili hərbi ittifaq yaradılarsa, bu artıq region ölkələri üçün güc balansının dəyişməsi anlamına gələcək. Rusiya ilə işğalçı Ermənistanın ortaq hərbi qruplaşma yaratdığı vaxtda ya qardaş Türkiyə, ya da Pakistanla bu cür müqavilənin bağlanması, Azərbaycanın təhlükəsizliyinin daha etibarlı səviyyəyə qaldırılması baxımından arzuolunandır. Bununla ciddi maliyyə imkanlarından məhrum Ermənistanın hərbi balans yaratmaq ümidləri həmişəlik basdırıla, düşmən Qarabağ danışıqlarında konstruktiv mövqeyə keçməyə məcbur ola bilər».