vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNEY  
11:30 | 31 dekabr 2016 | Şənbə Məqaləyə 3092 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güney Azərbaycanda yeni oyanış dövrü başlayır

5 il əvvəl çoxları İraqın, Suriyanın parçalanacağını ağlına belə gətirmirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Mərhum dövlət başçısı Əbülfəz Elçibəy Güney Azərbaycan mövzusunu daima diqqətdə saxlayırdı. Eks-prezident Kələkidən geri qayıtdıqdan sonra Bakıda Güney mövzusunda müxtəlif təşkilatlar yarandı. Ancaq Əbülfəz Elçibəy rəhmətə getdikdən sonra bu təşkilatların fəaliyyəti zəiflədi. Son zamanlar bu mövzuda ən aktiv çalışan təşkilat kimi Bütöv Azərbaycan Ocaqlarını qeyd etmək olar. Bu təşkilatın həm sıraları genişdir, həm də müxtəlif tədbirlər vasitəsilə Güney mövzusunu daima diqqətdə saxlayır.

Bütöv Azərbaycan Ocaqları 30 dekabrda Güney mövzusunda növbəti toplantısını keçirtdi. Tədbir Beynəlxalq Mətbuat Mərkəzində keçirildi. Həmişəki kimi qurumun tədbirində zal dolu idi. Güney mövzusuna maraq yenə artır. Əslində müzakirə olunacaq mövzulardan biri 65 gündür İran zindanında aclıq edən Mürtəza Muradpur olmalı idi. Ancaq İran hakimiyyəti bu aclığın böyük əks-səda doğurduğunu anlayaraq Muradpuru konfransa bir gün qalmış azad etdi.

Güney Azərbaycanda milli fəalların sayı hər keçən gün artır və bu amil Tehranın milli fəallara qarşı mübarizəsini çətinləşdirir. Çünki əgər 10-15 il əvvəl Təbrizdə və ya Ərdəbildə 10 nəfər fəalı tutmaq asan idisə, indi onların sayı minləri keçib və onların hamısını həbs etmək İrana əlavə problemlər yaradır. Elə bunun nəticəsidir ki, İran rejimi özü parlamentdə «türk fraksiyasının» yaradılmasına yaşıl işıq yandırıb ki, Güneydəki oyanışı bu yolla nəzarət altında saxlaya bilsin. Ancaq bu «üsul» da işə yaramaya bilər. Çünki, «türk fraksiyası» güneyli fəalların istək və tələblərinə seyrçi qalacaqsa, bu fraksiyanın ömrü qısa olacaq. Tələb isə çox deyil, azərbaycanlılara ana dillərində yazıb, oxumağa şərait yaradılsın və Urmiya gölünün qurumasının qarşısı alınsın. Tehran bunların heç birini etmir, ona görə də Güney Azərbaycanda narazılıq artan xətt üzrə inkişaf edir. 15 il əvvəl kimsə İraqın parçalanacağını düşünmürdü. Ancaq bu baş verdi. 5 il əvvəl Suriyanın da parçalanacağını proqnozlaşdımaq çətin idi. Bu da baş verdi. Ona görə İran da özünə arxayın deyil.

Güney Azərbaycanda fəalların mübarizəsi sistemləşməyib. Bunun obyektiv səbəbi var. Əgər Güney Azərbaycanda böyük təşkilat təsis olunarsa, İran rejimi hərəkatın liderlərini neytrallaşdırmağa çalışacaq. Ancaq onlarla, hətta yüzlərlə təşkilatlanmış qrupa qarşı mübarizə aparmaq çətindir. Bəs xaricdəki güneyli fəallar niyə təşkilatlana bilmirlər? Bu sual daha ciddidir. Bir müddət öncə, Avropada Güney Azərbaycanın Mühacirətdəki Parlamentinin yaradılması anons edilmişdi. Yaxşı ideya idi. Ancaq hazırda belə bir parlamentinin var olub-olmadığı bəlli deyil. Güneylilərin xaric ölkələrdə təşkilatlana bilməməsinin əsas səbəbi bir-birlərinə qarşı apardıqları mübarizədir. Güneyli mühacirlər birləşmək əvəzinə, bir-birlərini ittiham edirlər. Aydındır ki, belə şəraitdə Qərb ölkələrinin Güney Azərbaycan mövzusuna maraq göstərməsi çətindir.

Güneyli fəallar Azərbaycan Respublikasının mediasından narazıdırlar. Hətta 30 dekabrdakı konfransda belə bir fikir də səsləndi ki, Şimali Azərbaycan Güney Azərbaycanı yaxşı öyrənməyib, problemlərindən xəbərsizdir. Bunun günahı yalnız Şimali Azərbaycan mediasında deyil. İnternet və skayp əsrində yaşayırıq. 1990-cı illərin sonlarında Təbrizdə Mahmudəli Çöhraqanlı populyar fiqura çevrilmişdi, ev həbsində olmasına baxmayaraq, az qala hər gün Şimali Azərbaycanın müxtəlif media strukturlarına müsahibə verir, vəziyyəti anladırdı. Hazırda Çöhraqanlı Amerikada yaşayır, ortada boşluq var. Güneyli fəallar özləri Azərbaycan mediasına çıxmağa çalışmalı, yazılar yazmalı, müsahibələr verməlidirlər.

Konfransda Azərbaycan hakimiyyətinin Güneydə baş verənlərə seyrçi mövqeyini tənqid edənlər oldu. Reallıq belədir ki, rəsmi Bakı İranın daxili işlərinə qarışmır. Bunun müxtəlif səbəbləri var. Ancaq onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı ən azı Güney Azərbaycan mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirməyə mane olmur. İranın Ermənistanla sıx əlaqələri bütün azərbaycanlılar kimi Azərbaycan hakimiyyətinin də xoşuna gəlmir. İran-Ermənistan münasibətlərinin dəyişməsi isə İranda yaşayan azərbaycanlıların haqlarının artmasından keçir. Bunu rəsmi Bakı da anlayır. Odur ki, rəsmi Bakı İranın daxili işlərinə qarışmasa da, İranda yaşayan azərbaycanlıların haqları uğrunda mübarizəsinə simpatiya ilə yanaşır. Azərbaycan hakimiyyəti anlayır ki, elə bir gün gələcək ki, İranda baş verən hadisələrdən kənarda qala bilməyəcək. Necə ki, İranda baş verən inqilablar zamanı şimali azərbaycanlılar dəstəklərini əsirgəməyiblər. Güney Azərbaycana dəstək mövzusu hətta qatı kommunistlər Nəriman Nərimanov, Stalinin təmsilçisi Mircəfar Bağırovun da gündəmində olub. Şimali Azərbaycanda heç bir hakimiyyət İranda yaşayan azərbaycanlıların oyanışına seyrçi qala bilməyib və bilməyəcək.