vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REPORTYOR  
23:53 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 3718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cəfərin yeri»

Bura Elçibəy də, Köçəryan da gəlirdi...

Səbuhi MƏMMƏDLİ, lent.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Mircəfər Bağırovun sevimli yeri imiş. Bir də gördün, keçmiş «Kommunist» küçəsi ilə pay-piyada düşdü aşağı, indiki «İçərişəhər» metrostansiyasının arxasındakı qala qapısından girdi İçərişəhərə. Düz həmin kababxanaya. Məmmədəliylə beş-on dəqiqə gap edəndən sonra Seyidə layiq bir-iki şiş kabab yeyib, yenə qayıtdı işinə. Məmmədəliylə dost idi Mircəfər. Özü də elə-belə dost yox. Deyilənə görə, Əliağa Vahidin xahişini də edibmiş Bağırovdan:

- Gəlib bir-iki saat meyxana deyib gedirlər. Yedikləri də nuş-canları. Mən nə edə bilərəm ki? Buraxmayım içəri?

Bağırov heç nə deməmişdi. Gülümsəyib, əlini Məmmədlinin çiyninə vurub getmişdi.

Kim idi axı bu Məmmədəli? Heç, kababçıydı, vəssalam! Əslində, üzü 1940-lardan-50-lərdən bu yana əksər bakılıların sevimli yeri idi Məmmədəlinin kababxanası. Məmmədəlinin deyildi bu kababxana, adi kababçıydı o. Məmmədəli Vahabov. Amma oranın müdirinin də kim olduğunu heç kim bilməzdi, hamı Məmmədəlinin adına yığışardı.

Bəlkə rəsmi adı da olub bu yeməkxananın. Bəlkə də olmayıb, əksər sovet ictimai-iaşə obyektləri kimi necə deyərlər «nömrələnmiş» yeməkxanalardan biri olub. Məsələn, «bir nömrəli yeməkxana». Amma sözün həqiqi mənasında bir nömrə olub. İçərişəhərin girəcəyində yerləşən o kababxanaya kimlər getməzdi. Şairlər, yazıçılar, rəssamlar, müğənnilər, artistlər, hətta şər qarışandan sonra partiya fəalları belə. Həm ucuzluq idi, həm də Məmmədəlinin kababı kimi kabab verilməzdi Bakıda. Bəzən növbə gözləməli olurdu insanlar. Özü də baxmazdı, vəzifə sahibisən və ya kasıb tələbə. Hamıya bir gözlə baxarmış Məmmədəli.

Hə, bir də Əliağa Vahid amili. Vahid bura hər gün gələrmiş. Onu da kim dinləmək istəməzdi ki?! Məclis qurular, qafiyə açılar, düz, gecə yarısınadək deyişmə ara verməzdi. Sahə müvəkkili kim idi ki, burada söz sahibi ola?! Onun başı girən yer deyildi. Birbaşa Bakı Şəhər Partiya Komitəsindən gələrdi göstəriş: «Bağlayın». Amma çox az çəkərdi kababxananın bağlanması. Rayon İctimai İaşə İdarəsi də plan istəyirdi axı. Çağırıb Məmmədəlini yenidən gətirərdilər.

İndi nə Məmmədəli var, nə də kababxanası. İndi həmin kababxananın yerində otel tikilib. Amma köhnə bakılılar hələ də ünvanı nişan verəndə «Məmmədəlinin kababxanasının yanı» deyirlər. Məmmədəli Vahabovun - sadə, adi bir kababçının.


***


Bir məşhuru da vardı. Köhnə avtovağzalla üzbəüz. Oranı isə sahibinin adıyla çağırırdılar: «Ağasəlimin kababxanası». Əsil adı «Çənlibel» idi, amma «Ağasəlimin kababxanası» kimi  tanınırdı. Deyilənə görə, bir dəfə düşmənləri bu kababxananı yandırmışdılar da. Amma rəhmətlik Ağasəlim qısa zamanda bərpa etdirmiş, yenidən müştərilərini toplaya bilmişdi. Yeri gəlmişkən, Bakının ən imkanlı adamlarından biri kimi tanınırdı Ağasəlim Xəlilov. Elə onun oğlu da az tanınmır - milyonçu İsgəndər Xəlilov...

İndi nə «Çənlibel» var, nə Ağasəlim Xəlilov. «Çənlibel»in yerində deyəsən saat quraşdırıblar.


*** 


Əşşi, saymaqla bitməz. Amma biri hələ də durur. Onun da rəsmi adını heç kim bilmir. O da elə Məmmədəli kimi başqa bir kababçının adıyla tanınır. İstər yaşlı nəsil, istərsə də orta və gənc nəsil «Cəfərin kababxanası», «Cəfərin yeri» kimi tanıyır oranı.

Metronun «Elmlər Akademiyası»nın çıxışıyla üzbəüzdür «Cəfərin kababxanası», amma Cəfər özü yoxdur indi. Neçə nəsil dəyişib burada. Cəfər də çoxdan rəhmətə gedib, lap çoxdan. Amma dünənki uşaq da bura «Cəfərin yeri» deyir.

25 ilə yaxındır, burada işləyən Rəhman dayı Lent.az-a deyir ki, əslində, bura, yəni bu yer əvvəllər dəftərxana olub.

-  «Papaq» kinosunda var e, Mirzə Səfərin işlədiyi dəftərxana. Ona bənzəyən bir yer. Sonra dəftərxananı harasa köçürüblər, yerində bu kafe açılıb. 1962-ci ildə. Cəfər isə burada kababçıydı. Hamı da onun eşqinə bura gəlirdi. Sonra universitetin binası açıldı. İndiki BDU. Sonra o biri institutlar. Həm ucuz idi, həm də səliqəli yemək verirdilər ee rəhmətliklər. İndi də çalışırıq ki, həmin imici itirməyək. Burada yemək yenə indiki standartlarla ucuz və keyfiyyətlidir.

Kimlərin yolu keçməyib «Cəfərin yeri»ndən? Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəydən tutmuş, yazıçı Əlibala Hacızadayadək. BDU-nun keçmiş və indiki rektorları və dekanlarının, ölkənin ən məşhur jurnalistlərin belə yeyib-içmək yeri olub bura. Bir də gələcəyin prokurorları, hakimləri, alimləri, akademiklərinin.

Muxtar Cabbarov danışır ki, bura indiki BDU və Elmlər Akademiyasının yaxınlığında yerləşən yeganə kafe idi.

- Odur ki, çox adam gəlirdi bura. Əksər akademiklər burada nahar edirdilər. Eləcə də universitetin əksər müəllimləri. Əsas da axşamlar gəlirdilər.


- Çox içirdilər?

- İçəni də olurdu, içməyəni də. Amma bura, necə deyərlər, demokratik yer idi. Bəzən çox pulları çıxmasın deyə, arağı özləriylə alıb gətirərdilər. Borclu, nisyə qalanları da olub. Amma hər maaş vaxtı gətirib veriblər. Kimlər? Yox, oğlum, ad çəkməyək də. Çoxları Allahın rəhmətinə gedib. Bura bir tarixdi, gərək oturub yazasan.

Muxtar dayı deyir ki, buranın ilk sahibi rəhmətlik Abdulla olub.

- Çox alicənab, dürüst adam idi rəhmətlik. Heç kimin xətrinə dəyməzdi. Bir də görürsən, kiminsə borcu qalardı, xoşhallıqla yola salardı. Gətirib verərdi, bu heç, verməzdi, yenə xətrinə dəyməzdi heç kimin. İndi də onun varisləri işlədir. Düz 55 ildi eee… O ki qaldı Cəfərə, hə, o rəhmətlik yaxşı kababçıydı. Bişirdiyi kababa söz ola bilməzdi. Elə müştərilər vardı, gözəl bilirdi ki, ətin harasından xoşlayır. Özünün qəssabları vardı, əti həmişə onlardan alırdı. Təmiz adam idi, təmiz də iş görürdü. Hamı da onun adına bura gələrdi. Görürsən, o adı heç kim unutmayıb hələ, yaşayır?!

Muxtar kişi rəhmətlik Əbülfəz bəyi burada çox gördüyünü deyir.

- Alimlərlə gələrdi. Bəzən tələbələrini qonaq edərdi. Xoş adam idi. Xətrini çox istəyirdilər burada. Prezident olanda yox, bura gəlməyib. Amma bax, bayırda bir dəfə çay içib. O da lap sonralar, prezidentlikdən sonra. Başına azı əlli adam yığışmışdı. Polis də gəldi, baxdı, heç nə demədi. Rəhmətə gedəndə hamı getmişdi dəfninə. Burdan, Akademiyadan götürdülər axı. 

«Cəfərin yeri»ndə qiymətlər yenə münasibdi. Amma əvvəlki menyu yoxdur. 1970-80-lərin menyusu. Yenə «zakuska» etmək istəyənlər bura gəlib gedir.

- Əvvəllər «zakuska» işinə Böyükağa baxardı. Həm bufetə baxırdı, həm stollara. 100 qramı heç vaxt düz süzməzdi. 80 qramlıq stəkana süzürdü, onu da 70 qram. Amma heç kim xətrinə dəyməzdi. İndi nə həmin insanlar var, nə də Böyükağa.

Hə, sən demə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da burada, Cəfərin yanında olub. Bu barədə tanınmış jurnalist və naşir Vasif Quliyev danışır.

Həm də «Şuşa» nəşriyyatının direktoru olan Vasif Quliyev Ermənistanın eks-prezidenti Robert Köçəryanla Xankəndidə bir müəssisədə çalışıb. Hətta bir dəfə Bakıda da rastlaşıblar... Şuşalı yazıçı özü müsahibələrindən birində həmin görüşü belə xatırlayıb: «Mən Xankəndidə ipək kombinatında işləyəndə Köçəryan da orada işləyirdi. Onu yaxşı tanıyırdım. Mənim də briqadirim Gəncədən Artuş adlı bir erməni idi. 1983, yaxud 1984-cü il idi. O vaxtlar mən Yasamalda qalırdım. İndiki BDU-nun yanından keçəndə təsadüfən Köçəryan və Artuşla rastlaşdım. Məlum oldu ki, onları Bakıda yerləşən (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyasının binasında) Zaqafqaziya Ali Partiya məktəbinə oxumağa göndəriblər. «Partşkola»nın universitetin yanındakı yataqxanasında qalırdılar. Onları metronun «Elmlər Akademiyası» stansiyası ilə üzbəüz «Cəfərin kababxanası» deyilən kafeyə gətirdim. Yedik-içdik... Nə biləydim ki, sonradan belə xəyanət edəcəklər?!».

Cəfərin yanında bir çay içib çıxırıq. Həmin çay deyil, dadı başqadı. Yəqin, zəmanədəndi. Amma kontingent həminkidi. Sadəcə yaş dəyişib...