vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:54 | 21 yanvar 2017 | Şənbə Məqaləyə 1543 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın sözlərindən belə çıxır ki, ...

Birinci növbədə Amerikadırsa, bəs başqaları?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikanın siyasi tarixində bəlkə də ilk dəfədir ki, prezident seçilən şəxs hələ andiçməyə macal tapmamış ona qarşı mümkün impiçment müzakirə olunur, yüzminlərlə amerikalı Vaşinqtonda etiraz yürüşü keçirir, Hollivud ulduzlarının mütləq əksəriyyəti Ağ Evin yeni sahibinə qarşı açıqlamalar səsləndirirlər. ABŞ-ın 45-i prezidenti Donald Trampın yanvarın 20-dəki andiçmə mərasimi məhz bu cür şəraitdə keçdi.

Barak Obamanın 2008-ci ildəki andiçmə mərasimi daha rahat şəraitdə keçmişdi. Trampdan fərqli olaraq Obama ilk gündəcə, yəni işə başlamamış hər tərəfdən «bu prezident ölkənin problemlərini artıracaq» çağırışları ilə üzləşməmişdi. Tramp üzləşdiyi çağırışların yanlış olduğunu sübut etmək üçün biznesmendən problemlərin həlli ilə məşğul olan real siyasətçiyə çevrilməlidir. Amerikalılar qaradərili Barak Obamanın səhvlərini bağışladı, Trampa isə eyni səhv(lər)i bağışlamayacaqlar. Trampın hər imzaladığı sənəd, hər açıqlaması isə daha diqqətlə izləniləcək.

Trampın andiçmə mərasimindəki çıxışı Obamanın 8 il öncəki çıxışından köklü surətdə fərqlənirdi. Obamanın 2008-ci il yanvarın 20-də andiçmə mərasimindəki çıxışında daxildə və xaricdə bütün qruplara xüsusi mesajlar var idi, hər cümləsi xüsusi çəkiyə malik idi. Obama ekologiyanın problemləri, iqlimin dəyişməsi, miqrantların problemlərinin həlli, Asiya və Yaxın Şərqdən tutmuş Afrikaya qədər hər yerdə demokratiyaya dəstək verəcəyini, Amerikan idealını dünyanın hər yerində yayacağına dair dərin və məzmunlu nitq söyləmişdi.

Donald Tramp bunların heç birini demədi, cəmi 16 dəqiqəlik qısa nitqində sadə mövzulara toxundu, iş yerləri, fabrik, zavod, körpülər açacağını, sərhədi gücləndirəcəyini və beynəlxalq terrorçulara qarşı amansız mübarizəyə başlayacağını dedi. Yəni seçkiqabağı vədlərində nə demişdisə andiçmə mərasimində onları ümumiləşdirilmiş şəkildə təkrarladı. Bu o deməkdir ki, Meksika ilə divar və Çinlə qeyri-bərabər ticarət münasibətlərinə yenidən baxılacağı fikirləri gündəmdə ağırlığını qoruyur. «Birinci növbədə Amerika və amerikalılar!» - çıxışın əsas leytmotivi bu idi.

Donald Tramp «Vaşinqtondakı siyasətçilər varlandı, xalq əziyyət çəkdi, kasıblaşdı» deməklə özünü siyasətçilərdən ayıraraq xalqın nümayəndəsi kimi təqdim etdi. Vaşinqtondakı siyasətçilərin xalqın maraqları ilə hesablaşmadığını və özünün prezident seçilməsiylə hakimiyyətin xalqa qaytarıldığını iddia etdi. Sadəcə, böyük şirkətləri və milyardları olan Trampı kasıb və orta təbəqənin nümayəndəsi adlandırmaq çətindir.

Trampın çıxışından o da anlaşıldı ki, onun prezidentlik dövründə Amerika «dünyanın jandarmı» olmayacaq. Obama və ondan əvvəlki prezidentlər «demokratiyanı yayacağıq» deyirdilər, Trampın isə belə bir planı yoxdur. Tramp haqlı olaraq misal kimi Amerikanın İraq, Əfqanıstan və Liviyadadakı uğursuzluqlarını göstərir. Amerikanın bu ölkələrdə qayda yaratmaq təşəbbüsləri bu ölkələri və ətraf bölgələri təhlükəsiz etmədi, tam əksinə, diktatorların və avtoritar rejimləri terrorçular və xaos əvəzlədi.

Tramp nitqində Avropa İttifaqı, NATO və Rusiyanın adını çəkmədi, sadəcə onu dedi ki, Amerika ilə dostluq etməyən istəyənlərlə əməkdaşlıq edəcək. Ancaq «hər şey Amerika üçün» prizması ilə yanaşan prezidentlə əməkdaşlıq etmək çətin olacaq. Təsadüfi deyil ki, Trampın nitqini müttəfiqləri də narahatlıqla qarşılayıblar. Tramp müsahibələrində Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasını dəstəkləyib, Almaniyanı çoxlu miqrant qəbul etdiyinə görə tənqid edib, NATO-nu isə onunla təhdid edib ki, Amerika daha başqalarının yerinə üzvlük haqqı ödəməyəcək.

Bu tip açıqlamalar İkinci Dünya Müharibəsindən sonra Amerikanın liderliyi ilə formalaşan Avroatlantik ittifaqın gələcəyini sual altında qoyur. Amerika illər uzunu Avropanın təhlükəsizliyinə cavabdeh olub. İndi isə Trampın sözlərindən belə çıxır ki, bu təhlükəsizliyin davamına görə Avropa pul ödəməlidir, amerikalılar bundan sonra başqalarının, hətta strateji müttəfiqlərinin xərcini ödəməyəcəklər. Məsələn, Barak Obama administrasiyası Baltik ölkələrini və Polşanı Rusiyanın mümkün təhdidlərindən qorumaq üçün bir müddət öncə bu ölkələrə azsaylı hərbi kontingentini göndərib. Yəni faktiki bu ölkələrdə Amerikanın hərbi bazaları qurulub. Aydındır ki, bu hərbi bazaların saxlanmasına görə pulu Amerika ödəyir. Trampın sözlərindən isə anlaşılan budur ki, bu bazaların maliyyələşməsində həmin dövlətlər də iştirak etməlidir.

Donald Trampın çıxışı keçmişdə Amerikada izolyanist siyasətçilərin çıxışlarına bənzəyir. İkinci Dünya Müharibəsinə qədər belələri həm Respublikaçılar, həm də Demokratlar partiyasında kifayət qədər idi. Onlar deyirdilər ki, dünyanın problemlərinin Amerikaya nə dəxli var, müharibələri kim başlayırsa, onlar da davam etdirsinlər. Amerika ilk vaxtlarda İkinci Dünya Müharibəsində məhz buna görə qatılmaq istəmirdi. Ancaq nasist Almaniyasının müttəfiqi Yaponiya 1942-ci ildə Amerikanın Havay adalarındakı hərbi bazasını bombaladıqdan sonra Vaşinqtonda anladılar ki, Amerika problemdən uzaq dayanmağa çalışsa da, problem özü Amerikanı tapacaq və həmin gündən bu yana siyasət dəyişdi. Trampın bu ənənəyə son qoyması problematikdir. Tramp ancaq amerikalıları düşünəcəyini vəd etsə də, onun adminstrasiyasındakı peşəkarlar və oturuşmuş siyasi sistem Amerikanı dünyanın müxtəlif bölgələrində də fəal olmağa diktə edəcək. O başqa məsələdir ki, Tramp hər yerə qaçmayacaq, Obama administrasiyası kimi Ukraynanın problemlərinə diqqət ayırmayacaq, öz maraqları daxilində rusiyalı həmkarı ilə yaxınlaşmağa çalışacaq.

Donald Trampın nitqindən ümumi şəkildə həm də o anlaşılır ki, yeni administrasiya Amerika üçün uzaq Cənubi Qafqazla da ciddi məşğul olmayacaq. Amerikanın yeni seçilən prezidentləri vədlərini yerinə yetirməsələr də, heç olmazsa andiçmə mərasimlərində başqa ölkələrə demokratiya gətirmək istədiklərini, müxtəlif problemlərinin həllində köməkçi olacaqlarını deyirdilər. Tramp bunları da demədi. Demək, Cənubi Qafqazın problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli əvvəlki kimi Vaşinqton üçün prioritetlər siyahısında deyil. Bu cür yanaşma isə Rusiyanın maraqlarına cavab verəcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)