vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
23:37 | 8 fevral 2017 | Çərşənbə Məqaləyə 959 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lapşini nə gözləyir?

Vətəndaşı Dilqəm Əsgərova görə tükünü də tərpətməyən Rusiya, bloqqerə görə saçlarını yolur

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyalı bloqqer Aleksandr Lapşin fevralın 7-də Belarusdan Azərbaycana ekstradasiya edildi. Bu hadisəni Azərbaycanın uğuru saymaq olar.

Bu hadisə olmasaydı, Aleksandr Lapşinin adını çoxları eşitməyəcəkdi. O sıradan bir bloqqerdir, belələri minlərlədir. Aleksandr Lapşin bir neçə dəfə Ermənistan üzərindən Dağlıq Qarabağa səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa qanunsuz səfərlər edənləri «qara siyahıya» daxil edir və həmin şəxslərin Azərbaycana girişinə qadağan qoyur. Vəssalam. Azərbaycan bu şəxslərin heç biri haqqında cinayət işi açmır, İnterpol təşkilatına müraciət etmir, hətta bəzi hallarda Dağlıq Qarabağa gedən ancaq daha sonra Azərbaycan XİN-ə üzrxahlıq məktubu yazan şəxsin Azərbaycana girişinə yenidən icazə verilir.

Belə olan halda rəsmi Bakı Aleksandr Lapşinə qarşı niyə cinayət işi açdı və onu İnterpol xətti ilə axtarışa verdi? Bunun iki səbəbi var.

Birinci səbəb odur ki, Lapşin bilə-bilə ki, onun adı Azərbaycan XİN-nin «qara siyahısındadır», Ukrayna pasportu ilə Azərbaycana səfər etdi. Ukrayna pasportunda onun adı Oleksandr göstərildiyinə görə Azərbaycan sərhədçiləri onun adının «qara siyahıda» olduğunu bilməyiblər. Başqa sözlə Lapşin iki dəfə bilərəkdən Azərbaycan qanunlarını pozub. Birinci pozuntu onun qanunsuz olaraq Dağlıq Qarabağa etdiyi səfərlərlə bağlı idi. İkinci pozuntu isə Azərbaycana giriş qadağasına baxmayaraq, onun Azərbaycana başqa pasportla daxil olmasıydı. Lapşin sosial şəbəkələrdə Azərbaycan qanunlarını pozduğuna görə öyünürdü və hər dəfə belə edəcəyini yazırdı.

İkinci səbəb odur ki, Lapşin Dağlıq Qarabağın «müstəqil dövlət» olduğunu yazır və bu ideyanı populyarlaşdırmağa çalışırdı, Azərbaycan dövlətinin ünvanına təhqiramiz ifadələr işlədirdi.

Aleksandr Lapşinin səhvi Belarusa getməsi idi. Çünki, bundan xəbər tutan Azərbaycanın hüquq-mühafizə orqanları belaruslu həmkarlarına müraciət etdilər və Lapşin Minksdə həbs edildi.

Bu arada, Belarus Rusiyanın təzyiqi ilə üzləşdi. Lapşin 3 ölkənin vətəndaşıdır. Daha çox ölkənin vətəndaşı olmaq Lapşinə özünü mümkün həbs təhlükəsindən qorumaq üçün lazım idi. Məsələn, Lapşin İsrail vətəndaşıdır. İsrail isə öz vətəndaşlarının təhlükəsizliyin ön planda tutur. Bütün bunlara baxmayaraq, 3 pasportun varlığı Lapşini həbsdən xilas etmədi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və XİN-in mətbuat katibi Mariya Zaxarova Belarusun Lapşini Azərbaycana ekstradisiya edilməsi əleyhinə açıqlamalar verdilər. Ancaq bunun da nəticəsi olmadı. Onsuz da son vaxtlar Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın siyasətindən narazıdır və Kremli tənqid edir. Ona görə də Lukaşenko son mətbuat konfransında açıq dedi ki, Lapşinin Azərbaycana ekstradisiya etməmək üçün heç bir səbəb yoxdur. Maraqlıdır ki, Lapşin Ukraynanın pasportuna malik olsa da, Kiyev Lapşinin həbsinə və Azərbaycana ekstradisiyasına heç bir reaksiya vermədi. İsrailin özü də Lapşinin ekstradisiyasına görə rəsmi Bakı ilə münasibətlərin gərginləşdirilməsində maraqlı deyil.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi məsələsində həm Azərbaycan hakimiyyəti, həm də ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenko prinsipiallıq nümayiş etdirdilər. Belarus prezidenti Azərbaycanın maraqlarını Rusiya və Ermənistanın müxtəlif istiqamətlərindən yönələn təzyiqlərinə qurban vermədi. Halbuki, Belarus Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın və Ermənistanın sözdə müttəfiqi sayılır. Ancaq bu müttəfiqlik Belarusa heç nə verməyib. Əksinə, Azərbaycan bu iki təşkilatın üzv olmasa da, Minsk Bakı ilə daha sıx siyasi və iqtisadi əlaqələr qurub.

Aydındır ki, bundan sonra rəsmi Bakıya təzyiqlər artacaq. Rusiyada Lapşinin həbsi ətrafında Azərbaycana qarşı lobbi formalaşacaq. Rusiya mediasında Azərbaycan əleyhinə kampaniya başlayacaq. Rəsmi Bakı bu təzyiqlərə qarşısında Lapşini azad etməyəcək. Geriyə yol yoxdur. Lapşinin məhkəməsi olacaq və ona müvafiq cəza veriləcək. Məhkəmənin özünə beynəlxalq aləmin və Rusiyanın böyük diqqəti olacaq. Ona görə də Azərbaycan hakimiyyəti üçün vacibdir ki, tam şəffaf məhkəmə prosesi keçirilsin və Lapşinin qanun pozuntularını hüquqi müstəvidə sübut edə bilsin.

Lapşinin Azərbaycana ekstradisiyası və məhkəməsi başqa ölkələrin vətəndaşlarını Azərbaycan qanunlarını pozaraq Ermənistan üzərindən Dağlıq Qarabağa getməkdən və ya separatçıların təbliği ilə məşğul olmaqdan çəkindirməlidir. Yəni Lapşin olayı Azərbaycan qanunlarını pozan başqa xarici vətəndaşlara da dərs olmalıdır.

Azərbaycanın iki vətəndaşı xeyli vaxtdır Dağlıq Qarabağ separatçıları tərəfindən girov saxlanılır. Rəsmi Bakının həmin iki şəxsi azad etmək üçün müraciət etmədiyi ünvan (Rusiya, ATƏT, Beynəlxalq Qırmızı Xaç Təşkilatı və s.) qalmayıb, ancaq İrəvan onları azad etmir. Girovlardan birinin Rusiya pasportu var. Rusiya Dağlıq Qarabağda qanunsuz saxlanılan vətəndaşını azad etmək üçün heç bir addım atmır, Bakıya gətirilən digər vətəndaşını isə müdafiə edir. Bunun özü ikili standartların bariz nümunəsidir.

Bu cür münasibət olduğu halda rəsmi Bakının Moskvanın istəyi ilə Lapşini vaxtından əvvəl həbsdən azad etməsi mümkün deyil. Yox əgər Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlıya dəyişmək istəyərsə, bunu reallaşdırmaq mümkündür. Ancaq bu dəyişiklik olmadan Lapşinin məhkəmədən sonra hələ bir müddət həbsxanada yatacağı ehtimalı yüksəkdir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)