vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ƏDƏBİYYAT  
12:30 | 9 fevral 2017 | Cümə axşamı Məqaləyə 1090 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şüuraltı ehramlar yazıçısı - Anar

Həmişə zamanla nəfəs-nəfəsə, sözü tətikdə olan sənətkar

Xalq yazıçısı, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, 1998-ci ildə Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə «İstiqlal» ordeni ilə təltif edilmiş Anarın Bakıda, Moskvada, Türkiyədə, İranda, Almaniyada, İsveçrədə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Bolqarıstanda, Estoniyada, Gürcüstanda, Qazaxıstanda, Tacikistanda, demək olar ki, elə öz yaşı qədər - 70-dən çox kitabı çap olunub.

«Ağ liman» Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda (1972), Bolqarıstanda (1973), Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976), «Beşmərtəbəli evin altıncı mərtəbəsi» Moskvada (1980, 1988), iki dəfə müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya Demokratik Respublikasında (1979), Almaniya Federativ Respublikasında (1989), Çexoslovakiyada (1980-ci ildə çex, 1984-cü slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992), Estoniyada (1989), Gürcüstanda (1997), «Əlaqə» povesti üç dəfə Moskvada, Polşada (1981), Macarıstanda (1982), Almaniyada (1986), Fransada (1995), Estoniyada (1981), «Dantenin yubileyi» üç dəfə Moskvada, Estoniyada (1975), Bolqarıstanda (1973), Tacikistanda (1977), «Dədə Qorqud» Moskvada (1980, 1988), İranda böyük tirajlarla, nəfis şəkildə nəşr olunub. «Mən, sən, o və telefon» hekayəsi ABŞ-da, Kanadada, Yaponiyada, Finlandiyada, ərəb ölkələrində və bir sıra başqa ölkələrdə çap olunub. Anarın ayrı-ayrı hekayə, pyes və məqalələri dünyanın bir sıra mətbuat orqanlarında ingilis, fransız, alman, ispan, benqal, türk, macar, rumın, bolqar dillərində və keçmiş SSRİ-nin bütün respublikalarında dərc edilib. Amma əlbəttə, Anar ən böyük populyarlığı öz Vətənində – Azərbaycanda qazanıb.

Xüsusilə 70-80-ci illərdə Anarın 30, 40, 50 min tirajla çap olunan kitabları, dərgilərdə çıxan əsərləri əl-əl gəzir, polemikalara səbəb olurdu. Anarın nəinki əsərləri, hətta bu əsərlər haqqında dərc olunan məqalələr Azərbaycan ictimaiyyəti arasında geniş müzakirə olunurdu. 


Onun müxtəlif bəhanələrlə suçlandırılması, təklənməsi siyasəti səngiməyib


Bütövlükdə, Anar yaradıcılığına Azərbaycan tənqidinin dörd münasibətini müəyyən etmək mümkündür: iki əks yöndə tənqid, iki əks yöndə təqdir. 60-70-80-ci illərin tənqidçilərinin bir sıra – «dünənkilər» Anarı yenilikçiliyinə, irəli  getdiyinə, «modernizminə», «formalizminə» və s. «izmlərinə» görə tənqid edirdilər, 90-cı illərin və yeni əsrin əvvəllərinin bir para tənqidçi və yazarları – «bugünkülər» isə «köhnəliyinə», «geri qaldığına», «antimodernizminə», «izmlərsizliyinə» görə suçlayırlar. Anar yaradıcılığının təqdiri də iki cürdür: tənqidin səthi, saya üzdəngetmələri və nəhayət, Azərbaycan tənqidinin bu dolğun yaradıcılığa ciddi elmi-analitik, namuslu münasibəti. Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafı fonunda alim, yazıçı, tənqidçi və sənətkarlarımızın – Məmməd Arif, Sabit Rəhman, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Tofiq Quliyev, Toğrul Nərimanbəyov, Arif Məlikov, Xəlil Rza Ulutürk, Bəkir Nəbiyev, Araz Dadaşzadə, Yaşar Qarayev, Elçin, Nizami Cəfərov, Tofiq Hacıyev, Yusif Səmədoğlu, Rəhman Bədəlov, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Vilayət Quliyev, Kamal Abdullayev, Rəfael Hüseynov, Nadir Cabbarov, Vaqif Yusifli və başqalarının Anar yaradıcılığını yüksək dəyərləndirmələri, onların bu zəngin sənət dünyasına obyektiv baxışları çox mühüm əhəmiyyət kəsb edir.

Keçmiş SSRİ məkanında və dünya mətbuatında Anar yaradıcılığına həsr olunmuş məqalələrin müəlliflərinin – L.Anninski, B.Perevedensev, D.Urnov, E.Şklovski, V.Kovski, A.Latınina, A.Boçarov, N.Boqoslovski, İ.Borisova, Q.Petrova, L.Lavrov, A.Tverski, L.Lavrova, A.Zemnova (Rusiya), Fakir Baykurt, Mustafa Qutlu, Adnan Özyalçınər, Əhməd Bican Ercilasun, Oktay Akbal, A.Qədir, Yavuz Onk, Əli Yavuz Akpinar (Türkiyə), Mixael Farenholts, Taqe Zommerfild, Friderike Bühner, Stefan Proys, Uli Rotfus (Almaniya), Zoltan İslai (Macarıstan), İbrahim Darabi (İran), Cövdət Bilal İsmayıl (İraq) və başqalarının müxtəlif milli psixologiya və ədəbi ölçülərdən Azərbaycan yazıçısının əsərlərinə yanaşmaları sayğıyadəyər və gələcək tədqiqatlar üçün tutarlı mənbələrdir. Burası da önəmlidir ki, hələ SSRİ dövründə xarici ölkələrin mətbuatında dərc olunmuş bu məqalələrin bəzilərində Anarın «sovet həyat tərzinə kəskin münasibəti», «rejimə sığmazlığı», «ənənəvi Asiya epik nəqletməsi ilə ədəbiyyatın Qərbə xas olan texniki üsul və formalarını ustalıqla əlaqələndirməyi bacarması», «Şərq müdrikliyi», «modernist yapqıları» önə çəkilir.  Həmişə zamanla nəfəs-nəfəsə, sözü tətikdə olan sənətkar Azərbaycanın ən ağrılı problemlərinə vaxtında, həssaslıqla və bütün kəskinliyi ilə münasibətini bildirmiş və həmin problemlər ətrafında ictimai fikir formalaşdırmağa çalışmışdır. Onun 1990-cu ildə söylədiyi fikirlər ölkəmizdə vətəndaşlığın tarixi məsuliyyətinin dərk olunmasına güclü impuls verən qəti mövqeyi ortaya qoyur.

Anar, həmişə olduğu kimi bu gün də Azərbaycanın mənəvi-siyasi mövqeyini ləyaqətlə qorumaq missiyasını davam etdirməkdədir. Məlum olduğu kimi, Azərbaycan müstəqillik  qazanandan sonra da onun müxtəlif bəhanələrlə suçlandırılması, təklənməsi siyasəti səngiməyib. Anar «Azərbaycançılıq haqqında düşüncələr» əsərində bu siyasətin əsas yönlərini nişan verərək, «Azərbaycanda çeçenlərin hərbi düşərgələri, bazaları var, silahlar tranzit olaraq Azərbaycandan keçir, Azərbaycanda islam fanatizmi güclənir, təməl dinçilik (fundamentalizm) təmayülləri artır, radikal dinçi mərkəzlər fəaliyyət göstərir» və s. kimi Moskva televiziya kanallarının axın-axın iftiralarını sərrast məntiqlə belə puça çıxarır: «Azərbaycanın Çeçenistanla sərhədi yoxdur. Sual olunur, əgər Azərbaycandan Çeçenistana silah keçirilirsə, deməli, Dağıstandan, yəni Rusiya ərazisindən keçirilir və əgər Rusiya öz ərazisinə nəzarət edə bilmirsə, Azərbaycanı nədə günahlandıra bilər?»


Bu ideyanın fayda gətirəcəyini 1991-ci ildə yazmışdır


Azərbaycan artıq öz yolunu seçib. Onu belə fitnələrlə yolundan azdırmaq olmaz. Yazıçı ölkəsinin bu yolda qətiyyətlə irəliləməsinə sözü, məntiqi, uzaqgörənliyi ilə dayaq durmaqdadır. Artıq Avrasiya ölkələrinin həyatında mühüm rol oynayacaq, Şərq-Qərb sivilizasiyalarının qarşılıqlı  əlaqələrini bir qədər də dərinləşdirəcək İpək Yolu layihəsi həyata keçirilməyə başlayıb. Bu ideyanın ilk rüşeymlərini, özü də onun məhz Azərbaycana, ümumən türk dövlətlərinə fayda gətirəcək şəkildə irəli sürülməsini Anarın 1991-ci ildə yazdığı «İpək yolu» məqaləsində görürük. O, dünyanın siyasi mənzərəsinin dəyişməsi, yeni düzən yaradılması istiqamətində Azərbaycanın bir müstəqil dövlət olaraq strategiyasını müəyyənləşdirən amilləri önə çəkir. Bu strategiyanın prioritet yönlərini düzgün seçimləyərək yazır: «Tarixi, dini və ideoloji fərqlərlə aralanmış, müxtəlif əlifbalara malik olan türk xalqları hələ qeyri-müəyyən vəziyyətdə olan türk aləmini — Vahid Türk dünyasına çevirməyə qadir olan intellektual, mədəni inteqrasiya və koordinasiya mexanizmləri, institutları yaratmalıdırlar». Yazıçı-publisist tamamilə doğru olaraq qeyd edir ki, Vahid Türk dünyasının yaranması – türk dövlətlərinin müstəqilliyinin itirilməsi demək deyil, əksinə, bu təbii inteqrasiya prosesində müstəqilliklərini möhkəmləndirərək, onların vahid, yenilməz bir gücə çevrilməsi deməkdir. O, müasir dünya tarixindən ərəb, ingilis dilli ölkələri, Latın Amerikası respublikalarını örnək gətirərək, türk dövlətləri inteqrasiyasının da yeni dünyanın qlobal inkişaf məntiqindən doğduğu qənaətinə gəlir. O, bu inteqrasiya prosesində Azərbaycanın geostrateji önəm daşımalı olduğunu da xüsusi vurğulayır: «Bu tarixən təbii prosesdə Azərbaycan vacib rol oynamalıdır. Qismən Avropameylli türk sahələri (Türkiyənin özü, Kiprin türk hissəsi, Balkan türk anklavları) və Uyğur çöllərindən Qazaxıstan və Orta Asiyaya qədər uzanan türk əraziləri arasında körpü rolunu Azərbaycan oynamalıdır. O, həmin fəzanın mərkəzindədir. Həm coğrafi-siyasi mövqeyinə görə, həm də tarixən bir çox məsələlərdə birinciliyinə görə…» Təqribən, son iyirmi ilin gedişatı aydınladır ki, tarixin nəticələndirdiyi bu ideyaların həyata keçirilməsi reallıqdır. Bu gün Azərbaycan – Türkiyə əlaqələrinin gerçək durumu, dövlətimizin regionda apardığı siyasət, uluslararası münasibətlərdə ölkəmizin siyasi-iqtisadi mövqeyinin  getdikcə möhkəmlənməsi, Azərbaycanın Qafqazda liderliyə yetməsi prosesi bu özünümüəyyənləşdirmə, mədəniyyət və mənəviyyatda olduğu kimi siyasətdə də «aşağılıq kompleksi»ndən qurtulma strategiyasının düzgün seçildiyini təsdiq edir.

 

Sanki yüz illər bundan öncə başladığı işi səbirlə, təmkinlə davam etdirir


Anar ədəbi-bədii yaradıcılığını ictimai-siyasi fəaliyyəti ilə uzlaşdıra bilən nadir şəxsiyyətlərdəndir.  Anarın həm sovet dönəmində, həm də indi – müstəqillik çağında bütün yaradıcı fəaliyyəti milli-mənəvi tərəqqiyə yönəlikdir. Onun Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik etdiyi illərdə  bu təşkilatın nəzdində «Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi», «Dədə Qorqud Ensiklopediyası» yaradılmış, «Ədəbiyyat və İncəsənət» qəzeti, «Ədəbiyyat qəzeti» adıyla Mədəniyyət Nazirliyi ilə şərikli nəşr olunmaqdan çıxarılaraq, Yazıçılar Birliyinin orqanı olmuş, «Qobustan» toplusu da  Yazıçılar Birliyinin orqanına çevrilmişdir. Yazıçılar Birliyinin təklifi və təşəbbüsü ilə Azərbaycan PEN klubu – Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan  bölməsi yaradılmışdır. Moskva, Türkiyə, Gürcüstan və Polşanın yazıçılar təşkilatları ilə ikitərəfli müqavilələr bağlanmışdır.

Anar, yaradıcı şəxsiyyətin özəyini təşkil edən müqəddəs tənhalığını qoruya-qoruya ünsiyyətsevər əsilzadəliyi ilə fəal ictimaiyyətçi olaraq, sanki yüz illər bundan öncə başladığı işi səbirlə, təmkinlə davam etdirir. Yaşadığı çağı ömrü, düşüncələri, əməlləri ilə daha mənalı, yaşamlı edən Anar «Mübarizə bu gün də var» məramı ilə, sanki hər işi yenicə başlayırmış kimi tükənməz enerjisi ilə yazıb yaratmaqdadır…

Dünya və Azərbaycan mədəniyyəti irsinə, onun ədəbi-fəlsəfi, bədii-estetik, dini-tarixi dəyərlərinə dərindən bələd olan Anar, əslində, milli mədəniyyətimizi Şərq və Qərb mədəniyyətləri sintezində təsəvvür etməyə imkan verən bir sənətin yaradıcısıdır.

Dünya mədəniyyətinin şəhdi-şirəsi Azərbaycan mədəniyyətinə, Azərbaycan mədəniyyətinin şəhdi-şirəsi Anar yaradıcılığına süzülüb. Ona görə də bu yaradıcılıqdan dünyanın dərin mənalarına çıxmaq, dünyadan bu yaradıcılığın dərin mənalarına enmək mümkündür.

Dövrümüzün dünyaca ünlü qırğız sənətkarı Çingiz Aytmatovun deyimincə, «öz ədəbi dinastiyasını yaratmış Anarın» ərən ruhu və görən bəsirəti, susmaz qələmi və yaşar sözü onun müdrik, barlı yaşında bundan sonra da çiçəkləyəcək, mədəniyyətimizi əvəzsiz incilərlə zənginləşdirəcəkdir.