vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
11:38 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2422 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər vəsiqə alan, avtomobil sürmür

Və ya gənclər sürücülük vəsiqəsi almağa niyə həvəslidir?

Şəbnəm MEHDİZADƏ
kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

2016-cı ildə Azərbaycanda avtomobil parkının sayı 1.347.812 təşkil edib. Bu barədə «Trend»ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qeyd olunub ki, İdarənin əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb, 10.457 avtomobil ilkin qeydiyyata alınıb, 50.308 ilkin sürücülük vəsiqəsi verilib. Ötən il ərzində 30 svetofor obyekti quraşdırılıb, 24.236 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 3.161.882 pm cizgiləmə işi aparılıb.

Son zamanlar sürücülük vəsiqəsi almaq xüsusən gənclər arasında, belə demək olarsa, «dəb» halını alıb. Bəs görəsən bu həvəs nə ilə bağlıdır? Getdikcə artan bu maraq Bakıda tıxac problemini daha da dərinləşdirə bilərmi?

Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli deyir ki, gənclərin böyük əksəriyyəti avtomobil idarə etməkdə maraqlıdır. Müsahibim bunun bir növ hobbi halına çevrildiyini vurğuladı: «Son dövrlərdə sürücülük məktəblərinin sayının artması, gənclərin əksəriyyətinin əvvəlki dövrlə müqayisədə özlərinin oxuyub imtahan verə bilməsi və imtahanların liberallaşdırılması diqqət çəkən əsas amillərdəndir. Bir çoxları hətta avtomobil vasitəsi olmadan belə, sürücülük vəsiqəsi almaqda maraqlıdır. Sürücülük vəsiqəsi almaq istəyənlərin sayının çoxalmasının bir başqa səbəbi isə işlə təmin olunmaqla bağlıdır. Belə ki, əksər şirkətlərdə işə götürülmə zamanı daha çox sürücülük vəsiqəsi olanlara üstünlük verilir. Bu baxımdan, işəgötürmə zamanı şəxsin nəqliyyat vasitəsini idarə etmə imkanlarının olmasına xüsusi diqqət yetirilir. Dövrümüzdə həmin tələblər norma halına keçdiyinə görə, əhalinin böyük hissəsi sürücülük vəsiqəsi almaqda maraqlıdır».

İ.Hüseynli bəzi vacib məqamlara da diqqət çəkdi: «Hazırda digərləri ilə müqayisədə nəqliyyat sektorunda iş imkanları daha genişdir. Taksi, şəhərdaxili avtobusların idarəsi üçün tələblər getdikcə artır. Elə şirkətlər var ki, «Uber» özəl taksi xidmətindən istifadə edir. Artıq bu xidmət Azərbaycanda da bir müddətdir ki, fəaliyyətə başlayıb. Burada sürücülük vəsiqəsi və nəqliyyatı olanlar xidmətə cəlb edilirlər. «Uber» özü də iş baxımından bir cəlbedici xidmətdir. Hər hansı bir şirkətdə və yaxud dövlət qurumunda fəaliyyət göstərən insanlar var ki, onlar da özəl avtomobil xidmətini təklif edirlər. Belə demək olarsa, onlar öz avtomobillərindən qazanc mənbəyi kimi istifadə edirlər. Bütün bu faktorlar sürücülük vəsiqəsini əldə etmək üçün stimullaşdırıcı amillər hesab oluna bilər. Elə ailələr də var ki, ailənin bütün üzvlərinin sürücülük vəsiqəsi olsa da, ailənin yalnız bir şəxsi avtomobili var. İnsanlarda belə bir yanaşma var ki, ailə olaraq harasa getdikdə, uzaq məsafələrdə bir-birini əvəz etmək mümkün olsun. Yaxud kimsə spirtli içki qəbul edibsə, o öz avtomobilini xanımına verir və avtomobili xanım  idarə edir. Bu kimi faktorlar da əsas rol oynayır. Lakin mən hesab etmirəm ki, sürücülük vəsiqəsini almaq istəyənlərin sayının artması Bakıda tıxac problemini dərinləşdirə bilər. Bütün hallarda paytaxtda  nə qədər nəqliyyat vasitəsi varsa, onlar istifadə olunur. Bu avtomobillərin kim tərəfindən necə idarə olunması tıxac probleminin həlli ilə bağlı məsələdə önəmli faktor hesab edilmir. Lakin son illərdə ölkəyə idxal olunan avtomobillərin sayında kəskin azalma var. Bu baxımdan, tıxac probleminin daha da dərinləşəcəyini hesab etmirəm».

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirdi ki, sürücülük vəsiqəsini almaq istəyənlərin sayı çox olsa da, rəqəmlərdə kəskin azalma var: «Statistik göstəriciləri ötən illərlə müqayisə etsək, görərik ki, bu, əvvəlki illərə nisbətən xeyli aşağı göstəricidir. Bundan bir neçə il əvvəl il ərzində 60 min və daha artıq şəxs sürücülük vəsiqəsi alırdı. Yəni belə demək olarsa, son beş-altı ildə statistik göstəricilər daha yüksək idi. Rəqəmlərə baxsaq, xeyli geriləmə olduğunu görərik. Hesab edirəm ki, bu, avtomobil almaq imkanları olanların sayının azalması ilə bağlıdır. Mövcud iqtisadi şəraitdə avtomobil bazarında da zəifləmə müşahidə olunur. Xüsusən yeni avtomobillərin ölkəyə gətirilməsində qiymət artımı var. Avtomobillər bazarda əvvəlki dövrdən iki-üç dəfə daha artıq qiymətə təklif edilir. Ona görə yerli bazarda hələ ki əlimizdə olan avtomobillər alınıb-satılır. Bütün bu proseslərin fonunda sürücülük vəsiqəsi alanların sayında artım gözləmək də düzgün deyil. Əslində bu, təbii bir prosesdir».

E.Muradlı deyir ki, sürücülük vəsiqəsi alanların hər biri də öz avtomobilini idarə etmir: «Demək olmaz ki, statistikada deyilən 50.308 nəfərin hamısı öz şəxsi avtomobilini idarə edir. Bəziləri sırf həvəskar olduğu üçün sürücülük vəsiqəsini alıb evə «atır». Bu baxımdan xanımlar üstünlük təşkil edir. Gənclər, yeniyetmələrin əksəriyyəti 18 yaşı tamam olan kimi, sürücülük vəsiqəsi almaq həvəsinə düşürlər. Onların bir qismi oxuyub imtahan verir və vəsiqəni əldə edir. Amma bu o demək deyil ki, onların hər biri bu vəsiqədən istifadə edir. Bu statistika ilə məsələyə yanaşsaq, hər il sıralarımıza 50 mindən çox sürücü qoşulsa, Azərbaycanda ciddi tıxac problemi yaranar. Paytaxtın küçələrində tıxac əlindən tərpənmək olmaz. Həmçinin bu, nəinki paytaxtda, bölgələrdə də ciddi tıxac problemi yarada bilər».