vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AKTUAL  
10:09 | 16 fevral 2017 | Cümə axşamı Məqaləyə 797 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya ilə Gürcüstan buzları əridir?

Abxaziya və Cənubi Osetiya ilə sərhəddə nəqliyyat dəhlizləri yaratmaq barədə razılıq əldə edilməsi iddia olunur

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya ilə Gürcüstan arasında münasibətlərdə yaxınlaşma artıq bütün sahələrdə hiss olunmaqdadır. Gürcüstanda parlament seçkilərində qələbədən sonra «Gürcü arzusu»nun sürətlə Rusiyaya doğru yaxınlaşdığı artıq heç kimə sirr deyil. «Qazprom»la əldə olunan razılaşma ölkədə geniş narazılıq doğursa da, hakimiyyət narazılıqları qulaqardına vuraraq, Rusiyanın qaz nəhəngi sazişi qüvvədə saxladı. Artıq əməkdaşlıq digər məsələləri də əhatə etməyə başlayıb.

«İnerfaks»ın yaydığı xəbərə görə, Rusiya və Gürcüstan Abxaziya və Cənubi Osetiyadan nəqliyyat dəhlizlərini fəaliyyətə başlatmaq barədə razılıq əldə ediblər. Agentliyin Gürcüstanın «Rezonansi» və Fransanın «RFİ» radiosuna istinadən yaydığı xəbərdə vurğulanır ki, Rusiya Gürcüstan-Rusiya sərhədinin abxaz və Cənubi Osetiya hissəsində yüklərin daşınmasının monitorinqinin aparılması barədə sazişə «yaşıl işıq» yandırıb. 2011-ci ildə imzalanan bu saziş yüklərin kompleks, müasir auditinin yaradılmasını nəzərdə tutur. Qeyd edilir ki, İsveçrə şirkətlərindən biri sərhədlərin auditini həyata keçirəcək. Martın sonunda razılaşmanın sonuncu detallarını müzakirə etmək üçün İsveçrə heyəti Tbilisiyə səfər edəcək. Maraqlıdır ki, Tbilisidə və Moskvada bunu müxtəlif cür izah edirlər. Məsələn, Tbilisi hesab edir ki, bu razılaşma Abxaziya və Sxinvalini Gürcüstanın ərazisi kimi tanıyan yeganə sənəddir. Rusiya tərəfi isə hesab edir ki, iki ölkə arasında münasibətlərdə bir istiləşmə hiss olunur və indi tərəflər birbaşa ticarət üçün yeni dəhlizlər açırlar.

Yeri gəlmişkən, Qərb nəşrləri yazır ki, Cenevrədə tərəflər arasında keçirilən müzakirələrdə ilkin olaraq ticarət münasibətlərinin genişləndirilməsi nəzərdə tutulur. Artıq müxtəlif düşüncə mərkəzləri Rusiyayla Gürcüstanın yeni ticarət marşrutları barədə razılığa gəldiyinə diqqət çəkirlər. Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib ki, onlar ruslarla üç ticarət marşrutunu razılaşdırıblar. Yeni ticarət yolları Gürcüstandan ayrılan Abxaziya və Cənubi Osetiyadan keçəcək.

Üstəlik, Moskvanın da Tbilisinin beynəlxalq müşahidəçilər haqda tələbiylə razılaşdığı bəlli olub. Məlumata görə, Gürcüstan Rusiyanın Cənubi Osetiya və Abxaziyayla sərhədlərindən keçirilən məhsullara nəzarət etməkdən ötrü beynəlxalq müşahidəçi məntəqələrinin yaradılmasını istəyir. Gürcüstanla ondan ayrılmış ərazilərin sərhəd xətlərinə də məntəqələrin yerləşdirilməsi planlanır. «Stratfor» analitik mərkəzi yazır ki, razılaşdırılmış marşrutlar üzrə ticarət Rusiyayla Gürcüstanın iqtisadi münasibətlərini yaxşılaşdıra bilər. Hazırda bu iki ölkənin ticarət dövriyyəsi 800 milyon dollardır, Rusiya Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.

Ticarət marşrutu Moskvayla Tbilisinin əldə etdiyi yeganə razılaşma deyil. Bu yaxınlarda onlar həm də Rusiyanın Ermənistana göndərdiyi təbii qazın Gürcüstan vasitəsilə nəqli haqda anlaşıblar və bu, Gürcüstanın enerji sektoru üçün mənfəət deməkdir.

Onu da qeyd edək ki, 2008-ci ildə - Rusiyanın Gürcüstan ərazisinə müdaxiləsindən sonra bu iki ölkə arasında münasibətlər korlanıb. Diplomatik əlaqələr tamamilə kəsilmişdi və cəmi bir neçə il öncə indiki razılaşmaların mümkün olacağı kimsənin ağlına gəlməzdi. «Amma bu gün Kreml Gürcüstan hökumətinə barışmaq niyyətində olduğunu çatdırmaqdadır, heç olmasa, iqtisadi sahədə», - deyə «Stratfor» yazır. Mərkəz, həmçinin Gürcüstanın daxilində Rusiyaya meylin əvvəlkiylə müqayisədə artdığını qeyd edir. Sorğular göstərib ki, hazırda gürcülərin 53 faizi Avropaya inteqrasiyanın tərəfdarıdır. Bu rəqəm əvvəlki illə müqayisədə, az qala, 10 faiz aşağıdır. Respondentlərin təxminən 31 faizi Rusiyayla münasibətlərin yoluna qoyulmasını istədiyini bildirib. Bu rəqəmsə keçən illə müqayisədə 10 faiz yuxarıdır.

«Stratfor» təhlil mərkəzinin mütəxəssisləri hesab edirlər ki, bu dəyişikliklər gürcülərin təkcə ruslarla deyil, həm də Gürcüstandan ayrılan ərazilərin əhalisiylə münasibətlərini yaxşılaşdırır. 2016-cı ilin sonunda Rusiya və Gürcüstan, eləcə də tanınmamış Abxaziya nümayəndələri toqquşma zonasında münaqişələrin önlənməsi haqda danışıqları başa çatdırıblar. Digər tanınmamış respublikanın – Cənubi Osetiyanın rəsmiləri isə Gürcüstanla ticarət məntəqəsi açmağı planlaşdırdıqlarını deyirlər. Bütün bunlar o deməkdir ki, Gürcüstan ondan ayrılmış bölgələrlə ticarəti bərpa edə bilər. Tbilisidə konstitusiyaya dəyişikliklə bağlı yeni ideya da var. İdeya sahibləri deyirlər ki, separatçı Abxaziya və Cənubi Osetiyaya gedən turistlər (çox vaxt ruslar olur) Tbilisidən icazə almadıqlarına görə cinayət məsuliyyətinə cəlb olunmasınlar, sadəcə, cərimələnsinlər. «Stratfor» Gürcüstanda geosiyasi durumun hərəkətdə olduğunu yazır. «Avropa İttifaqında fikir ayrılıqları güclənməkdədir. Yeni ABŞ administrasiyası Rusiyayla əməkdaşlığa meylli olduğunu bildirib. Ona görə də keçmiş sovet ölkələrinin, o cümlədən Gürcüstanın Moskvayla münasibətlərə yenidən baxması çox vacibdir», - deyə «Stratfor» mütəxəssisləri bildiriblər.

Bir faktı da qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında münasibətlərin nizamlanması barədə xəbərlər ermənilərin sevincinə səbəb olub. Erməni saytları yazır ki, bu iddiaların reallaşması onlar üçün həyati əhəmiyyət kəsb edir. «Birincisi, Gürcüstan Ermənistan üçün onu Avrasiya İqtisadi İttifaqı ilə bağlayan yeganə quru sərhədi deməkdir. Rusiya ilə Gürcüstan arasında münasibətlərin normallaşması Cənubi Osetiya avtomobil yolunun işə salınmasına gətirib çıxara bilər. Belə ki, hazırda mövcud olan Yuxarı Lars sərhəd buraxılış məntəqəsi təbi şəraitdən asılı olur»,- deyə Qafqaz üzrə rusiyalı ekspert Sergey Markedonov bildirib. Onun sözlərinə görə, bu razılaşmanın reallaşması Ermənistan-Rusiya dəmir yolunun abxaz hissəsinin bərpasına gətirib çıxara bilər. Ermənilər ümid edir ki, bununla da ölkənin izolyasiyasına son qoyular.

Öz növbəsində, Gürcüstanın İnkişaf İnstitutunun rəhbəri Qia Xuxaşvili hesab edir ki, Rusiya ilə Gürcüstan arasında razılaşmanın əldə olunacağı inandırıcı deyil. Səbəb kimi də gürcü müxalifətinin sərt mövqeyini və Gürcüstanın qəbul etdiyi «İşğal haqqında» qanunu göstərir.