vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
16:18 | 16 fevral 2017 | Cümə axşamı Məqaləyə 2342 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çağır gəlsin dən, Koroğlu

Dəyirmanlarımızın suyu niyə sovuldu?

Şəbnəm MEHDİZADƏ
kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Hələ kəndə çatmamış, girişindəcə ətrafa yayılan təndirdə bişən ö çörəyin ətri... Təndirin istisi, tüstüsü demədən övladlarının ruzisini öz əlləri ilə hazır edən qadınlar... Yoğrulan o xəmirdən də hər kəs öz payını alırdı. Azyaşlı uşaqlar da analarının, nənələrinin onlara düzəltdiyi kökələrin arasına pendir qoyub həvəslə yeyirdilər. O çörəklərin dadı da, təmizliyi də, ekoloji standartları da indikilərdən qat-qat yüksək idi. Yaşlı nəslin dili ilə desəm, bərəkət də elə o dövrdə idi... Bu saydıqlarım ötən əsrin 80-ci illərin sonlarından başlayaraq yavaş-yavaş yoxa çıxmağa başladı. İndi nə o təndirlər qalıb, nə də o çörəklərin ətri və dadı. Hər kəs hər şeyi böyük supermarketlərdən almağa daha meyllidirlər. Kəndlilər də şəhərlilər kimi marketdən nəinki un, hətta hazır çörək alırlar. Əvvəllər taxılını əkən kəndli onu dəyirmanlarda üyüdür, unu sortlara ayırır, çörək üçün lazım olanını götürür, yerdə-qalanını isə mal-heyvanına, toyuq-cücəsinə yem kimi verirdi. Zaman keçdikcə o təndirlərlə yanaşı, dəyirmanlar da tarixin yaddaşına həkk olundu. Bu gün ancaq yaşlı nəslin nümayəndələri dəyirmanla bağlı xatirələrini bölüşürlər. Bəs görəsən səbəb nədir ki, kəndlilərin əkin-biçinə, mal-heyvana, taxıl-çörək işlərinə marağı azalıb. Niyə artıq o dəyirmanlar indi öz fəaliyyətini dayandırıb?

Sosioloq Lalə Mehralı deyir ki, səbəblər müxtəlifdir: «Çox vaxt kənd əhalisindən asılı olmayan səbəblərdir. Taxıl əkmək dildə deyildiyi kimi asan deyil. «Özüm əkim, becərim, tonlarla taxılım olsun, un ehtiyatımı ödəyim, artığını satım, çörəyimi özüm bişirim» anlayışı bizə görə asandır. Amma gəlin görün ki, taxıl əkini riskli əkin növüdür, iqlim dəyişikliklərinə son dərəcə həssasdır - yağış az yağdı problem olur, çox yağdı problem yaradır. Üstəlik aqrar sığorta da demək olar,  yox dərəcəsindədir ki, kəndli riski gözə ala bilsin. Bundan əlavə, taxıl azgəlirli əkin növüdür. Eyni sahədə istənilən başqa məhsul əkilməsi kəndliyə daha çox gəlir verir. Taxıl əkini üçün geniş sahələr lazımdır, az sahədə əkməyin heç əziyyətinə dəyməz. Geniş sahələr isə heç kimdə yoxdur. Bunun üçün iri kollektiv təsərrüfatlar lazımdır. Daha vacib məsələlərdən biri də yerli kiçik dəyirmanların sıradan çıxmasıdır».

Sosioloq bəzi məqamlara da diqqət çəkdi: «Məlumatlara görə, ölkədə 2 minədək kiçik dəyirman ləğv edilib. Yeni tikilmiş müasir iri dəyirmanlar isə uzaqda yerləşir və əkinçiyə baha başa gəlir. Taxılçılıq təsərrüfatı üçün texnika problemi də var. Məsələn, texnikanı  icarəyə götürmək baha başa gəlir , kəndli özü isə belə texnika ala bilmir. Bütün bu əziyyətlərə qatlaşıb sadəcə, öz ailəsinə buğda tədarük edənlər var, amma çox azdır. Kəndli üçün hazır çörək almaq, un alıb evdə çörək bişirməkdən daha sərfəlidir bu halda. Mənim anam da elə edir, kənddə yaşayır, yayda yuxa-lavaşını, qışda sac xamralısını odun sacında bişirir. Qaldı ki, məsələnin digər tərəfinə, kənd əhalisinin şəhərə axışmasına, bunun səbəbləri də müxtəlifdir. Rayonda, kənddə işi olmayan üçün şəhərdə ən azı satıcı, fəhlə, firma təmsilçisi kimi işlər tapmaq asandır. Bir səbəbi də televiziyaların durmadan şəhər həyatını təbliğ etməsi, əyləncə mərkəzlərini reklam etməsi, şəhəri mədəniyyət beşiyi adlandırması, kənd əhalisinin danışıq və adətlərinə dırnaqarası baxılmasıdır. Bütün dünyanın şəhərdən can qurtardığı, kənd həyatının sağlam yaşayış tərzini seçdiyi bir dövrdə, bizim cəmiyyətdə hələ də kəndi, kəndlini geridə qalan, mədəniyyətdən uzaq hesab edən insanlar var. Bu cür düşüncə sahibləri insanların doğulub-böyüdüyü kəndlini oranı tərk etməyə, şəhərə can atmağa vadar edir».

Kənd təsərrüfatı üzrə mütəxəssis, iqtisadçı Ruslan Atakişiyev bizimlə söhbətində bir sıra vacib məqamları bildirdi: «Sovetlər dövründə insanlar kollektiv təsərrüfatın taxılçılıq zəmilərində işləyirdilər. Buna görə də dövlət  onlara pay taxıl verirdi. İnsanlar da həmin pay taxılı dəyirmanlarda üyüdürdülər. İndi isə vəziyyət tamamilə fərqlidir. Artıq şəxsi təsərrüfatlar fəaliyyət göstərir və onlar məhsulu birbaşa satışa göndərirlər. Ona görə də işçilərə həmin pay taxıl günümüzdə  əmək haqqı olaraq verilir. Məhz bu səbəbdən bir çox kəndli taxılı dəyirmanda üyütməkdə maraqlı olmurlar. Kiçik həcmdə istehsal onlara sərf etmir. Məsələnin maddi tərəfini hesablayanda da kəndliyə də haqq vermək olur. Ümumiyyətlə, taxıl bir o qədər də gəlirli sahə hesab olunmur. İndi kəndlilər ərazini dincə qoymaq, yaxud torpağın münbitliyini təmin etmək məqsədilə taxıl əkirlər.  Kəndli bu gün əkdiyi taxılı dövlətə təhvil verməkdə daha çox maraqlıdır, nəinki onu dəyirmanda üyüdüb un hazırlmaqda».

Müsahibim deyir ki, getdikcə dünya təcrübəsinə əsaslanırıq: «Məsələn, Türkiyə təcrübəsinə müraciət etsək, görərik ki, dövlət kəndliyə subsidiyalarla yanaşı, taxıl sifarişini də verir. Yəni belə desək, dövlət, yaxud iri şirkətlər taxılı kəndlidən alır. Bizdə də getdikcə bu təcrübə formalaşmağa başlayır. Kəndlilər üçün  əlində olan taxılı dəyirmanda üyüdüb, gündəlik təminatını ödəmək  önəmli deyil.  Kəndli min bir zəhmətlə becərdiyi taxılı baha qiymətə satmaq istəyir. Belə olan təqdirdə isə istehlakçılar çörəyin qiymətlərinin  baha olmasından şikayətlənirlər. Hesab edirəm ki, tənzimlənmə məsələsini, bu sektorda qiymət məsələlərinə nəzarət etməklə düzəltmək olar. Taxıla olan tələbat və standartlar barəsində kəndliləri məlumatlandırmaq, maarifləndirməklə bu məsələ həll ola bilər. Bu sahədə müəyyən işlər görülməli, uyğun tədbirlər planı işlənib hazırlanmaldır».