vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:42 | 17 fevral 2017 | Cümə Məqaləyə 2177 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«TAP qitədə ən iri layihədir»

Xəzər qazı Avropaya Rusiyadan yan keçməklə gedəcək

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya nəql edəcək TANAP, TAP layihələri dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir. Əksər media orqanları yazır ki, bu layihə reallaşacağı təqdirdə Avropanın qaza olan tələbatı azala bilər. Onların qənaətincə, Avropa tez bir zamanda layihənin reallaşmasına çalışır. Məsələn, Rusiyanın nüfuzlu «Nezavisimaya qazeta» nəşri müasir dövrün ən iri miqyaslı layihəsi ilə bağlı məqaləsində yazır ki, «TAP- Transadriatik qaz kəməri konsorsiumu layihənin ümumi dəyərini açıqlayıb». TAP-ın icraçı direktoru Yan Bredşounun sözlərinə görə, boru xəttinin inşası və istismarı işləri 4,5 milyard avroya başa gələcək.

«Bu layihə Cənub Qaz Dəhlizinin seqmentlərindən biridir və qazın Rusiyadan yan keçməklə Avropa, xüsusən də Cənubi-Şərqi Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur. Bundan əlavə, layihə qaz marşrutunun çoxşaxəliliyini nəzərdə tutur. Hazırda işlər qrafikə uyğun aparılır. Bu ilin birinci rübündə kompressor stansiyalarının inşasına başlanılacaq. Layihənin Adriatik dənizinin dibi ilə keçəcək dəniz hissəsində işlər 2018-2019-cu illərdə başlanılacaq», - deyə Yan Bredşou bildirib. Onun sözlərinə görə, geoloji tədqiqatlar işləri tam sürətlə gedir. «O ki qaldı layihənin maliyyələşməsinə, bu məsələdə Avropa Yenidənqurma və İnkişaf Bankı konsorsiuma kömək etməyə hazırdır. Bura Avropa İnvestisiya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OESR) daxil olan bir sıra ölkələr kömək vəd ediblər. Bununla yanaşı, TAP-ın inşası «Şahdəniz-2» layihəsi ilə paralel aparılır. Bu yataqdan qazın Gürcüstan və Türkiyəyə nəqlinə 2018-ci ilin sonlarında başlanılacaq. Avropa isə Azərbaycan qazını bir il sonra, 2020-ci ilin başlanğıcında alacaq», - deyə məqalədə bildirilib.

Qeyd etmək gərəkdir ki, Aİ-də Cənub Qaz Dəhlizi layihəsinə böyük diqqət yetirilir. Bunu bu yaxınlarda Avropa İttifaqının prezidenti Donald Tusk da qeyd edib. Məqalədə qeyd edilir ki, D.Tusk bunu prezident İlham Əliyevlə Brüsseldə keçirdiyi görüşün sonundakı mətbuat konfransında bildirib. «Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir. Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşı və onun ən əsas investorlarından biridir. Qarşıdakı illərdə biz ticarət əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Biz əməkdaşlığımızın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının müasirləşdirilməsinə və şaxələndirilməsinə necə kömək edəcəyini müzakirə etdik. Azərbaycan üçün, həmçinin Dünya Ticarət Təşkilatı ilə bağlı danışıqlarda irəliləyişə nail olmaq rəqabətədavamlı biznes mühitinə yol açacaq və bu da iqtisadi inteqrasiyanı irəliyə aparacaq», - deyə nəşr Aİ rəhbərinə istinadən yazır. Öz növbəsində prezident İlham Əliyev də vurğulayıb ki, Cənub Qaz Dəhlizi Avropada hazırda həyata keçirilən ən iri infrastruktur layihəsidir.

«Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Şaxələndirilmə dedikdə mən yalnız marşrutları deyil, o cümlədən mənbələri də nəzərdə tuturam. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir. Cənub Qaz Dəhlizinin həyata keçirilməsi, layihənin bütün dörd seqmenti uğurla irəliyə doğru gedir və ümidvarıq ki, əlavə səylərlə biz bu layihənin icrasını sürətləndirəcəyik. Cənab prezidentin qeyd etdiyi kimi, Avropa bizim əsas investorumuzdur. Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb. İyirmi beş il əvvəl müstəqilliyimizi bərpa etdikdən sonra iqtisadiyyatımıza 200 milyard dollardan artıq vəsait qoyulub. Eyni zamanda, Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Biz bir çox Avropa ölkələrini neftlə təchiz edirik və ümidvarıq ki, yaxın zamanlarda təbii qazımızı da çatdıracağıq», - deyə Rusiya nəşri prezidentin sözlərini sitat kimi göstərib. Daha sonra məqalədə məlumat verilir ki, uzunluğu 878 km. olan TAP layihəsinin 550 km-i Yunanıstanın şimal hissəsi ilə, 215 km-i Albaniya, 105 Adriatik, 8 km-i isə İtaliya ərazisindən keçəcək. İlkin mərhələdə boru xətti ilə il ərzində 10 mlrd. kubmetr qaz ixrac olunacaq. Sonrakı illərdə onun 20 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulur.

Maraqlıdır ki, Türkiyə mətbuatı da TAP, eləcə də TANAP layihəsi ilə bağlı məqalə dərc edib. «Yeni akıt» qəzetində dərc edilən məqalədə bildirilir ki, layihəyə 2 milyard 150 milyon dollarlıq kreditin ayrıldığı haqda məlumat təsdiqlənib. «Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Avropa İnvestisiya Bankından da layihənin reallaşdırılmasına təxminən 1,5 milyard dollar maliyyənin ayıracağı gözlənilir. «Beynəlxalq maliyyə təşkilatlarının məlumatına görə, inşasının 65 faizi yekunlaşmış Transanadolu təbii qaz boru kəməri (TANAP) layihəsi üçün 3 ayrı maliyyə mənbəyi təsdiq olunub. TANAP-a Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından ümumilikdə 800 milyon dollar kreditin ayrılması üçün razılaşma imzalanıb. Bu vəsaitin 400 milyon dolları şəriklərdən olan BOTAŞ-a, 400 milyonu isə layihənin ən böyük səhmdarı olan «Cənubi Qaz Dəhlizi» AŞ-yə (SGC) verilib. Bundan başqa, Çinin təşəbbüsü ilə yaradılmış və Türkiyənin də təsisçiləri arasında olduğu Asiya İnfrastruktur İnvestisiya Bankından (AAYB) da SGC-yə TANAP üçün 600 milyon dollarlıq kreditin ayrılması təsdiq olunub», - deyə məqalədə bildirilib. O da qeyd edilib ki, ümumilikdə 1850 kilometr uzunluğunda olacaq TANAP-da tikinti işlərinin 65 faizi başa çatıb. Boru xətti ilə ilk təbii qazın 2018-ci ilin ortalarında Türkiyəyə çatdırılması planlaşdırılır.